Cəmİyyət

Bakı metrosunda dizel elektrik stansiyaları qurulur

Bakı metrosunda dizel elektrik stansiyaları qurulur
Bakı metrosunu qidalandıran elektrik yarımstansiyalarında dizel elektrik stansiyaları qurulur. 

Sfera.az-ın məlumatına görə, bu barədə jurnalistlərə "Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə məlumat verib.

Onun sözlərinə görə, hətta qatarların hərəkəti belə məhdud formada mümkün olacaq: "Layihəyə uyğun olaraq, Bakı metropoliteninin "Bənövşəyi xətti"nin Bakı metrosunu qidalandıran elektrik yarımstansiyalarında dizel elektrik stansiyaları qurulur. Belə ki, paytaxtın enerji təchizatında kəsinti olan zaman həmin dizel elektrik stansiyaları metropolitenin bütün fəaliyyətini təmin edə biləcək. O ki qaldı bu gün işləyən "Qırmız xətt" və Yaşıl xətt"ə bu xətlərlə bağlı məsələni biz iki mərhələdə həll etmişik. I mərhələdə fövqəladə vəziyyət üçün kifayət qədər böyük gücə malik olan iki dizel elektrik stansiyası almışıq. Bunların vəzifəsi ondan ibarət olacaq ki, uzun müddət elektrik enerjisi verilişində fasilə yaranarsa, subasmanın qarşısını alsın. Belə ki, onlar səyyar formada olacaq və hansı anbarlarda su yığılıb maksimum həddə çatsa, gedib oradan suyu xaric edə biləcək”.

Ə.Osmanov deyib ki, "Azərişıq” ASC ilə danışıqlar aparılıb, işlərin nəticəsi olaraq dövlət tərəfindən pulun birinci hissəsi artıq ayrılıb və dizel elektrik stansiyası malları alınıb: "Azərişıq” ASC-nin 10 yarımstansiyasında dizel elektrik stansiyası qurulur. Elektrik enerjisi kəsildiyi anda həmin dizellər avtomatik işə düşəcək və eyni kabellə metroya elektrik enerjisi ötürüləcək. Bu da metroda işıqlandırma sistemini, ventilyasiyanı, eskalatorları, suvurma nasoslarının işini tam təmin edəcək. Bundan başqa, qatarların hərəkətini də məhdud formada davam etməyə imkan verəcək”, - baş mühəndis açıqlayıb.
AdRiver

XƏBƏR LENTİ