AdRiver

"Bakı Metropoliteni"ndə tibb məntəqələri açıla bilərmi?

Gündəlik olaraq istifadə etdiyimiz ictimai nəqliyyat olan "Bakı Metropoliteni”ndə hər gün sıxlıqla qarşılaşırıq. Bu sıxlıq bir çox hallarda ürəyi, səhhəti zəif insanların halının pisləşməsi ilə nəticələnir. Əraziyə təcili və tibbi yardım xidməti gələnədək isə xəstənin halı daha da pisləşir.
 
 
Maraqlıdır, Bakı Metropolitenində tibb məntəqələrinin fəaliyyəti gündəmdədirmi?
 
 
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sfera.az saytına açıqlamasında bu haqda danışıb:
 
 
"Mənə də maraqlıdır, dünyanın hansı metropolitenində tibb məntəqələri var? Digər tərəfdən avtobus, tralleybus, tramvay kimi metro da bir ictimai nəqliyyat növüdür. Yəni, metropolitenin əsas funksiyası sərnişindaşımadır. Tibb məntəqəsi isə xüsusi lisenziya tələb edən bir sahədir. Belə olmasaydı, elə hər kəs istədiyi yerdə bir tibb məntəqəsi açardı. Metro işçisi qatar sürür, yol göstərir, eskalator düzəldir və sair işlərlə məşğuldur. Tibb məntəqəsində işləmək üçün mütləq tibbi təhsil lazımdır. Tibb məntəqəsi açmaq və oraya tibb işçiləri götürmək metropolitenin səlahiyyətində deyil. Bir evdə yataq  xəstəsi var deyə, şərtdir ki, o evdə tibb məntəqəsi açılsın? Əlbəttə yox. Lazım olanda 103-ü çağırırlar, ya da həkimə gedirlər. Metropoliten ərazisində də kimin ehtiyacı varsa, əməkdaşlarımız tərəfindən 103 xidməti çağırılır. Metropolitenin təcili tibbi yardım xidmətinin baş idarəsilə birbaşa rabitəsi də var”.
 
 
Qeyd edək ki, "Bakı metropoliteni” QSC hər gün təxminən 400 min nəfərə xidmət edir.
 
Lətif Əhmədov

DİGƏR XƏBƏRLƏR


---