AzTV-də islahatlara ehtiyac varmı?- deputatlar fərqli düşünür...

AzTV-də islahatlara ehtiyac varmı?- deputatlar fərqli düşünür...
"AzTV-də ciddi islahatlara ehtiyac var, bu kanal SNN tipli bir televiziya kanalına çevrilməlidir”
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanm Dövlət Televiziyasına yeni rəhbərliyin gəlməsindən sonra burada bəzi islahatların aparılması, onun İctimai Televiziya ilə birləşdirilməsi kimi məsələlərin gündəmə gəlməsinə münasibət bildirərkən Milli Məclisin deputatı, MDHP-nin sədri Fərəc Quliyev deyib:
 
"Deputatlıq fəaliyyətim dövründə bu məsələyə münasibətdə mövqe bildirən tək adamam. Çox sərt şəkildə AzTV-ni tənqid etmişəm. Parlamentdə seçilmiş deputatların çıxışlarını verməkdən tutmuş, cəmiyyətdəki bəzi məsələlərə dövlət televiziyasının çox ləng reaksiya verməsi, milli məsələlərdə ləng davranması, operativliyin olmaması, artıq cəmiyyətdə qurumun lağ obyektinə çevrilməsini hələ əvvəllər də qeyd etmişdim.  Yəni Alışanov indi işdən çıxarılandan sonra demirəm. Hesab edirəm ki, AzTV-nin indiki rəhbərliyi ciddi şəkildə köklü islahatlar aparmalıdır. Doğrudan-doğruya dövlətin maraqlarını ifadə edən, bütün kəsimlərini fikrini cəmiyyətə çatdıran bir televiziya olmalıdır. AzTV-nin İctimai Televiziya ilə birləşib-birləşməməsi məsələsi başqa məsələdir. Amma hər halda onun özünün ciddi şəkildə islahatlara ehtiyacı var, köhnəlmiş prinsiplərə son qoymalı, təxminən SNN tipli bir televiziya kanalına çevrilməlidir. Dövlət tərəfindən ora vəsait ayrılır, AzTV öz-özünü maliyyələşdirən qurum deyil ki? Yaxşı, peşəkar jurnalistlər var ki, Alışanovun fərqli münasibəti üzündən kənarda qalmışdı. Onları yenidən işə cəlb etmək lazımdır. AzTV-yə böyük ehtiyac var, o köklü şəkildə dəyişməli və gerçəkdən uğurlu bir obyektə çevrilməlidir”.
 
Milli Məclisin digər üzvü Fəzail İbrahimli isə AzTV-nin İctimai Televiziya ilə birləşməsinə lüzum görmür:
 
"Bu sahə üzrə mütəxəssis deyiləm. AzTV dövlət televiziyasıdır və bu məsələləri reallaşdıran dövlət strukturları vardır. Onun İctimai Televiziya ilə birləşməsi məsələsinə gəldikdə, bunu məqbul hesab etmirəm. Çünki İctimai Televiziyanın yaradılması Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin tərkib hissəsindən biridir ki, uğurla həyata keçib. Ona görə də birləşmə məsələsi ümumiyyətlə ağılasığmayan məsələdir. Hər yeni gələn rəhbər adətən rəhbərlik etdiyi strukturda islahatlar, dəyişikliklər aparır, yenilər edir. Bu mənada prosesdən AzTV-də kənarda qalmır. Amma bəzən baş verən dəyişikliklər köhnədən işləyən mütəxəssislərin də işdən qovulması ilə nəticələnir. Halbuki bu mütəxəssislərə toxunmaq olmaz. Bunun baş verməsi əslində islahat deyil, ona qarşı atılan addımlardır”.
 
Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edilib. Onun yerinə isə gənc kadr Rövşən Məmmədov təyin erdilib. Bu fonda dövlət televiziyasında bəzi islahatların keçirilməsi vacibliyi gündəmə gəlib. Eyni zamanda zaman-zaman AzTV-nin İctimai Televiziya ilə birləşdirilməsi məsələsi də ortaya atılır. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR