“Azərsun Holdinq”dən 100 nəfərin işdən çıxarılması xəbəri ilə bağlı YENİ AÇIQLAMA

“Azərsun Holdinq”dən 100 nəfərin işdən çıxarılması xəbəri ilə bağlı YENİ AÇIQLAMA
 "Azərsun Holdinq" MMC şirkətdə 100-ə yaxın işçinin ixtisar olunması ilə bağlı yayılan xəbərlərə yenidən münasibət bildirib.

Şirkətin İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bildirib ki, mediada yayılan xəbərlərdə anlaşılmazlıq olub: "Şirkətdə fövqəladə bir hal baş verməyib, fəaliyyətini normal şəkildə davam etdirir. Ötən il ərzində şirkətdən 100 nəfər işçi çıxarılması və ya şirkətə qəbul olunması normal bir haldır. Mediada şirkətin hər hansı bir bölməsinin bağlanması və 100 nəfər işçinin işdən çıxarılması fikri yanlış anlaşılıb".
"Bildirmək istərdim ki, sözügedən 100 işçi şirkətimizdən eyni vaxtda yox, il ərzində çıxarılıb və tədricən onların yerinə yeni işçilər götürülüb",-deyə Afiq Səfərov vurğulayıb.

***11:58
Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan "Azərsun Holdinq" MMC-də ciddi ixtisarlar baş verib. Şirkətin tabeçiliyində olan bir sıra layihələrin icrasına xitam verilib. Nəticədə şirkətdə çalışan 100-ə yaxın işçi işini itirib. 
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov Unikal.org-a şirkətdə bir sıra layihələrin icrasının dayandırıldığını və işçilərin ixtisar olunduğunu təsdiqləyib: ""Azərsun Holdinq”ə məxsus istehsal müəssisələrində müasir avadanlıqların tətbiq edilməsindən və proseslərin avtomatlaşdırılmasından sonra bəzi vəzifələrdə çalışan insanların ixtisar edilməsi zərurəti yaranıb və həmin əməkdaşlar şirkətimizdən ayrılıblar. İşdən azad olunan işçilərin sayı isə 100-dən aşağıdır”.
Kadr dəyişikliyinə gəlincə A.Səfərov bu işin də icrası ölkə qanunvericiliyinin tələblərinə əsasən həyata keçirildiyini deyib: "Şirkətimizdə kadr siyasəti tam olaraq Azərbaycan qanunvericiliyinin tələblərinə əsasən həyata keçirilib. "Azərsun Holdinq” daxilində digər şirkətlərdə olduğu kimi müxtəlif kadr islahatları həyata keçirilir, lakin hələ ki, ictimaiyyət üçün maraqlı ola biləcək yeniliklər mövcud deyil. Belə bir hal olarsa bununla bağlı açıqlama veriləcək”.

OXŞAR XƏBƏRLƏR