“Azəriqaz” özəlləşdirilə və ya idarəetməyə verilə bilərmi? - AÇIQLAMA

“Azəriqaz” özəlləşdirilə və ya idarəetməyə verilə bilərmi? - AÇIQLAMA

Dövlət şirkətlərinin dövlət büdcəsindən asılılığını azaltmaq məqsədilə təklif edilən variantlardan biri də həmin şirkətlərin özəlləşdirilməsi və ya uzunmüddətli idarəetməyə verilməsidir. Dövlət büdcəsindən daha çox vəsait cəlb edən təşkilatlar arasında "Azəriqaz” da var. Bu təşkilat 2019-cu ildə dövlət büdcəsinə 34,2 milyon manat vergi ödədiyi halda, büdcədən müxtəlif layihələrlə bağlı olaraq 462,3 milyon manat vəsait alıb.


Yaranmış vəziyyətdə təklif edilən variantlardan biri də "Azəriqaz”ın SOCAR-dan ayrılaraq uzunmüddətli idarəetməyə verilməsidir. Bəs, bu variant nə dərəcədə əlverişlidir?


Bununla bağlı sualları Sfera.az-a cavablandıran "İqtisadi Forum” ekspert qrupunun üzvü, professor İnqilab Əhmədov qeyd etdi ki, indiki status-kvo heç bir tərəfi, nə bütövlükdə iqtisadiyyatı, nə idarəetməni, nə müştəriləri, nə də bütövlükdə cəmiyyəti qane etmir.

 

Onun fikrincə, buna görə də bu status-kvo dəyişdirilməlidir: "1996-cı ildə "Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. 2009-cu ilin iyulunda "Azəriqaz” QSC yenidən təşkil edilərək SOCAR-ın tərkibinə daxil olunub. Hazırda SOCAR-ın tərkibində İstehsalat Birliyi kimi fəaliyyətini davam etdirir.

 

"Azəriqаz” qazın istеhsаlı, еmаlı, sахlаnmаsı, nəqli, pаylаnmаsı, həmçinin sənаyе və istеhlаkçı qurğulаrının tikintisi, istifаdəsi, nəzаrəti, sınаğı və sеrtifikаtlаşdırılmаsı, istеhsаlçılаr, pаylаyıcılаr, istеhlаkçılаr və qаz аnbаrlаrı аrаsındа, idхаl-iхrаc və trаnzit məqsədilə qаzın bоru kəmərləri vаsitəsilə uzаq məsаfələrə ötürülməsi və s. üzrə fəаliyyət göstərir.


Yaxın dövrlərdə dövlət şirkətlərinin, müəssisələrinin transformasiyası, dəyişdirilməsi, onların idarəedilməsi ilə bağlı ciddi dəyişikliklər gözlənilir. Bu fonda "Azəriqaz”ın ayrıca statusa malik olan dövlət müəssisəsinə çevrilməsi daha məqbuldur”.

 

İ.Əhmədov hesab edir ki, özəlləşdirilmə və ya idarəetməyə verilmə məsələsində konkret və ehtiyatlı olmaq lazımdır: "Özəlləşdirmə bütövlükdə qaz təsərrüfatına münasibətdə olmalıdırmı, yoxsa hansısa bir sahə özəlləşdirilməyə çıxarılmalıdırmı? Bunu aydınlaşdırmaq lazımdır.

 

Qaz böyük bir sərvətdir və ondan istifadə çoxpilləli, çoxmərhələli idarəetmə sayəsində mümkün olur. Qazın yeraltı sərvət kimi çıxarılması və nəql edilməsi ayrı bir işdir, ayrı bir biznesdir. Bu iş çox geniş və ağır sahədir. Hazırda bu işləri SOCAR həyata keçirir.

 

Son mərhələ isə qazın müştərilə satılması, bununla bağlı xidmətin təşkilidir. Bu, ayrı bir fəaliyyət sahəsidir. Məhz qazın müştərilərə satılması, xidmətin göstərilməsi işini həyata keçirən təsərrüfatın özəlləşdirmə planlarına baxmaq lazımdır.

 

Mən hesab edirəm ki, bu məsələdə qabaqcıl ölkələrin yaxşı təcrübəsinə öyrənərək qərar verilməlidir. Avropada kifayət qədər maraqlı təcrübə var. Həmçinin qonşu ölkələrdə də maraqlı təcrübələr mövcuddur. Fikrimcə, təbii inhisar xarakterli müəssisələrin müştərilərlə işləyən hissəsi özəlləşdirilə və ya idarəetməyə verilə bilər. Ancaq qazın nəql edilməsi əksər ölkələrdə dövlətin strateji işidir və mən bunun özəlləşdirilməsini təsəvvür edə bilmirəm. Yaxud, qazın yerin təkindən çıxarılması işi SOCAR-ın biznesidir və hesab edirəm ki, dövlət neft şirkətində qalması daha məqbul variantdır.

 

"Azəriqaz”ın müştərilərlə işləyən hissəsində rəqabətliliyin, hesabatlılığın, məsuliyyətlililiyin, biznes prinsiplərinin, xərc-fayda prinsiplərinin bərqərar edilməsi üçün özəlləşdirmə arzu ediləndir”.

 

İ.Əhmədov düşünür ki, satış və xidmət hissəsi dövlətsizləşdirilərsə səmərəlilik artacaq: "Hazırda "Azəriqaz” faktiki olaraq SOCAR-ın kölgəsində qalıb. SOCAR böyük vergi ödəyicisidir, böyük gəlir generatorudur, eyni zamanda dövlət büdcəsindən ən çox vəsait alan təşkilatdır. Böyük məbləğdə vəsaitin SOCAR-a ayrılmasının səbəblərindən biri də "Azəriqaz”la bağlıdır. "Azəriqaz”ın olması, hər il qaz təsərrüfatı ilə bağlı ayrı-ayrı proqramlar çərçivəsində, xüsusən də qazlaşdırmanın yaxşılaşdırılması proqramları çərçivəsində istisnasız olaraq böyük məbləğdə büdcədən vəsait ayrılır.

 

Burada çoxlu sayda uyğunsuzluqlar var, daxili bazardakı qiymətin xarici bazardakı qiymətlərdən fərqliliyi, "Azəriqaz”ın müştəriyə satdığı qazın maya dəyərinin hansı məbləğdə olması dəqiq göstərilməlidir, itkilərin çox yüksək olmasının səbəbləri dəqiq izah olunmalıdır. Bu problemlərlə bağlı çoxlu suallar yaranır. Sualların çox olmasının səbəbi ondan xəbər verir ki, bu sahədə idarəetmə arzuedilən səviyyədə deyil”.


 

Vasif

 

 

Sfera.az  

OXŞAR XƏBƏRLƏR