“Azərenerji”nin şöbələrində ixtisarlar gedir

“Azərenerji”nin şöbələrində ixtisarlar gedir

"Azərenerji” ASC-nin xidmət şöbələrində struktur islahatları başlanır, məqsəd qənaət rejimini artırmaqdır. 

Rabitə və SCADA avadanlıqları xidməti, Texniki istehsalat şöbəsi, Əsaslı tikinti şöbələrində ixtisarlar gözlənilir. Qurumun bu şöbələrində ixtisarlar şöbələrin birləşdirilməsi hazırlığı ilə əlaqədardır. 

Məlum olduğu kimi, "Azərenerji” ASC müstəqil qurum deyil. Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinə qərar verilib. 

O cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görülməsi üçün ölkə başçısı tərəfindən tapşırıq verilib.

Artıq müstəqil qurum olmayan Etibar Pirverdiyevin ASC-si fəaliyyətini getdikcə məhdudlaşdırmalı olur. Pirverdiyevin ətrafındakı halqanın daralması həm siyasi, həm iqtisadi proseslərə bağlıdır. 

Əslində, bununla Azərbaycanın kifayət qədər geniş maliyyə və biznes imkanlarına malik olan oliqarx-məmurlarından biri Etibar Pirverdiyevə ağır zərbə "vurulub". Pirverdiyev kifayət qədər zəiflədilib. 

İki-üç il əvvələdək sürətlə böyüyən biznes imperiyasına, ciddi gəlir qaynaqlarına malik olan "Azərenerji" prezidenti son vaxtlar müxtəlif biznes sahələrindən kənarlaşdırılmaqda, iri həcmli dövlət investisiya layihələrindən uzaq tutulmaqdadır. 

Bu da onun maddi kapital etibarı ilə çökməyə başladığını göstərirdi. Təcrübə isə göstərir ki, maliyyə baxımından zəifləyən və ya zəiflədilən məmurlar bir qayda olaraq, çox keçmədən tutduqları postu da itirirlər. Belə məlumatlar var ki, əslində səlahiyyətlərinin azaldılması Etibar Pirverdiyevə qarşıf son zərbə deyil. 

Bildirildiyinə görə, "Azərenerji"yə uzun illər rəhbərlik etmiş Pirverdiyevin milyardlarla manat dövlət vəsaiti və xarici kreditləri ölkənin enerji sektorunun inkişafına yönəltmək əvəzinə öz şəxsi biznes imperiyasının formalaşmasına yönəltməsinin bütün çılpaqlığı ilə ortaya çıxması ona qarşı hökumət çevrələrinin etimadını kəskin sarsıdıb. Odur ki, növbəti mərhələdə "Azərenerji" prezidentinin görəvini tamamilə itirəcəyi istisna edilmir. (politika.az)


OXŞAR XƏBƏRLƏR