Türkiyədə 25 minə olan evlər Azərbaycanda niyə 50 minə satılır? - SƏBƏB

Türkiyədə 25 minə olan evlər Azərbaycanda niyə 50 minə satılır? - SƏBƏB
Bu gün Azərbaycanın mənzil bazarı ilə müqayisədə Türkiyədə qiymətlər kifayət qədər aşağıdır. Belə ki, bu ölkədə turistlərin də bol olduğu Antalya, Bodrum, Alanya kimi şəhərlərdə mənzillərə təklif olunan qiymətlər 25 min avrodan başlayır. Manatla desək, bu qiymət təxminən 50 min manat civarındadır. Hətta 25 min avroya olan bu evlərin kvadratı da kifayət qədər böyükdür. Elan saytlarının birində qiymətlərə, həmçinin kvadratlara nəzər yetirdik. 25 min avrodan başlayan bu qiymətlərdə ən aşağı kvadrat 90 idi. Azərbaycanda, mərkəz Bakıda isə biz bu qiymətə, bu kvadratda ev tapa bilmərik. Ən yaxşı halda 50 min manata yalnız 1 otaqlı ev ala bilərik ki, onun da kvadratı ən çoxu 35 ola bilər. Azərbaycanda kredit şərtləri də ağırdır. 3-25 illik ipoteka şərtləri də kifayət qədər sərtdir.

Bu gün vətəndaşlarımızın Türkiyə və bu kimi digər xarici ölkələrə axın etməsinin əsas səbəblərindən danışdıqda ilk növbədə bu amilləri vurğulamalıyıq. Bununla yanaşı digər amillər də ölkəmizdən kapitalın Türkiyəyə axmasına səbəb olur. Sosial ipoteka krediti ilə bağlı bank şərtlərinin ağır olması, faizlərin yüksək olması səbəbindən vətəndaşlarımız müxtəlif xarici ölkələrdə, o cümlədən də qardaş Türkiyədə ev alırlar. Bir çox xarici ölkələrdə ev almaq isə onlara burada yaşamaq hüququ, həmçinin digər üstünlüklər qazandırır. Əlbəttə, bəzən vətəndaşların təhsil almaq arzusu da onları Türkiyə kimi bir sıra ölkələrə aparır ki, sonda həyatlarını buradaca davam etdirməyi qərara alırlar.
 
Türkiyənin Statistika Komitəsinin bu ilə aid olan rəqəmlərinə nəzər yetirək. Açıqlanan rəqəmlərə görə, təkcə 2018-ci ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 mənzil sahibi olublar. Orta hesabla deyə bilərik ki, hər gün vətəndaşımız Türkiyədə mənzil alır. Ötən ilin cari vaxtında isə bu rəqəm 54 olub. Təkcə yanvar ayının rəqəmlərinə nəzər yetirməklə illik olaraq təxminən 780 azərbaycanlının ev alacağını proqnozlaşdırmaq olar. Ümumilikdə qeyd edək ki, 2016-cı ildə Türkiyədə mənzil sahibi olan vətəndaşlarımızın sayı 610 olub.
 
Azərbaycanlıların Türkiyədə əmlak sahibi olması üçün qoyulan şərtlər də fərqlidir. Belə ki, burada da əmlak kreditinin faizi verilən kreditin faizi və digər kredit şərtlərinə bağlıdır. Şəxsin gəlirlərinin təsdiq edilməsi vacib amillərdən biridir. Kredit müddəti isə 3-120 ay arasında dəyişilir. Hər hansı qəza, ölüm hadisəsi baş verdikdə bank tərəfindən sığorta tətbiq edilir. İnşaatına başlanılan evin ən azı 80 faizinin hazır olması gərəkdir ki, ona uyğun kredit verilsin. Əcnəbilərə evin sənədinin verilmə müddəti ən çoxu 4 ay olur. Türkiyənin Daşınmaz Əmlak İnvestisiya Təşkilatı olan "Sinpaş”ın müdir müavini Seba Qacemer də açıqlamasında bildirib ki, onların ərəb ölkələri ilə yanaşı Azərbaycandan xeyli sayda müştəriləri var. Hətta bildiriblər ki, azərbaycanlılar bəzən burada vətəndaşlıq almaq üçün əmlak sahibi olurlar:
 
"Öncələr şirkət qurmaqla vətəndaşlıq alırdılar. Hazırda isə əmlak sahibi olmaqla vətəndaşlıq alırlar. Hətta bir azərbaycanlı müştəriyə layihələrimizdən olan 15 dairəni satmışdıq”.
 
Onu da qeyd etməliyik ki, Türkiyə ilə yanaşı Azərbaycan vətəndaşları son vaxtlar Bolqarıstanda daşınmaz əmlaka böyük maraq göstərirlər. Bolqarıstanın Azərbaycandakı səfirliyinin məsləhətçisi olmuş Stoyko Stoykov da açıqlamalarının birində vurğulayıb ki, bu ölkədə 30 min dollara dəniz mənzərəli ev almaq olar. S.Stoykov bildirib ki, azərbaycanlılar daha çox dəniz mənzərəli, 50-100 kvadratmetrlik mənzillər alırlar. Artıq Türkiyə, Bolqarıstanla yanaşı yerli vətəndaşlar digər Avropa ölkələrinin mənzil bazarına da maraq göstərirlər. Bu gün Avstriyanın həm mərkəz, həm də əyalətlərində 30 min dollara 1 otaqlı orta təmirli ev almaq mümkündür. Burada 2 otaqlı evlərin qiyməti isə 40 min avrodan başlayır. Çexiyada isə bu qiymətə hətta 4 otaqlı ev də almaq mümkündür. Ev almaq üçün sərfəli ölkələrdən biri də Almaniyadır.

Maraqlıdır, Azərbaycanda evlərin baha olmasına əsas səbəb nədir?

Sfera.az-a bu barədə açıqlama verən Akif Nəsirli evlərin baha olmasının səbəblərini belə izah edib:

"Azərbaycanda evlərin qiymətinin yüksək olmasının əsas səbəblərindən biri də budur ki, mülklərin tikilişi zamanı kifayət qədər qeyri-rəsmi ödənişlər çıxır. Hansı ki, bu ödənişlərin əsası, qanuni qəbzi yoxdur. Bu gün 100-120 kvadratlıq evlərin maya dəyərinə nəzər saldıqda kvadrat qiyməti 200-300 manatdan artıq olmaz. Lakin Azərbaycanda mərkəzdəki mənzillərin kvadrata gör satış qiymətləri 1500 manatdan başlayır. Qıraq yerlərdə isə 1000  manatdan başlayır. Mənzillərin kvadrata görə qimətlərinin yüksək olmasında torpaqların da süni oaraq bahaaşmasının rolu var”. 

Nigar Məhərrəm
Sfera.az


OXŞAR XƏBƏRLƏR