Müsahİbə

“Azərbaycanlı xanımlar sevdiyi kişiləri sındırmaq istəyir”

“Azərbaycanlı xanımlar sevdiyi kişiləri sındırmaq istəyir”
 "OK!” jurnalının eks-rəhbəri, musiqiçi və şairə Zəhra Bədəlbəylinin müsahibəsi:

- Musiqiçi, şairə, biznes-leydi kimi tanınırsız. Daha çox sizə hansı peşə yaxındır?

- Əsas peşəm musiqidir. Mən pianoçuyam, demək olar ki, 3 yaşımdan etibarən bu alətdə ifa etməyə başlamışam. Bülbül adına orta ixtisas musiqi məktəbini, daha sonra Konservatoriyanı bitirmişəm. Əsas hiss etdiyim peşələr- musiqi və poeziyadır. Mən fikirləşirəm ki, bu, ailədən gələn bir sevgidir. İnsan ailədə nə görürsə, onu hiss edir və götürür. Mən xoşbəxt insanam ki, bu cür ailədə doğulmuşam. Əmim, dayım, babalarım mədəniyyət üçün böyük töhfələr veriblər. Bu, çox önəmli bir şeydir.

- Siz "OK! Azerbaijan magazine” jurnalının baş redaktoru olmusuz. Bəs jurnal niyə bağlandı? Səbəb oxucuların azlığı idi?

- Məncə, jurnalların təbliğatı böyük işdir. Bu məsələ ilə bağlı xüsusi bir qurum məşğul olmalıdır. Bizim jurnal oxunaqlı idi. "OK” bağlanandan sonra oxucularımızdan məktublar alırdıq. Onlar bizə jurnalın niyə bağlanması barədə suallar ünvanlayırdılar. Çünki, bu jurnalın abunəçiləri çox idi. Küçələrdə də satışı əla gedirdi. Bağlanmağının səbəbi o oldu ki, investorlar dedilər ki, biz istəmirik. Onların böyük işləri var idi. Sadəcə olaraq birinci problem bu oldu. İkinci problemlə bağlı danışmaq istəyirəm.

Əvvələr metro və küçələrdə yerləşən köşklərdə kitab satmaq olurdu. İndi isə onlar bağlanıb. Mən bunun səbəbini bilmirəm. Onlar bir reklam xarakteri daşıyırdı. İnsan onları görəndə jurnalları filan görürdü. 10 nəfərdən biri mütləq görüb jurnallar, qəzetlər alacaqdı.

İnsanlar bilmirdilər ki, "OK” jurnalını hardan əldə etsinlər. Məncə, həmin köşklər geri qaytarılmalıdır. Deyirlər ki, azərbaycanlılar oxumağı sevmirlər. Mən buna inanmaq istəmirəm, oxumağı sevirik, amma təbliğ etmək lazımdır. 2006-cı ildə "Kitabla maraqlan” aksiyası etmişdim. Bəzi insanlar həmin aksiyaya gülür, qəbul etmirdilər. Həmin illərdə hamı "fləşmob” etdiyimizi düşünürdü, anlayışları yox idi.

Ancaq biz aksiya edirdik. Bu da bir təbliğatdır. Biz də bu təbliğatı aparmalıyıq. Başqa ölkələrdə texniki vasitələr daha çox inkişaf edib, ancaq onlar kitab oxuyurlar. Hansısa ölkəyə, şəhərə gedirsən. Məsələn, çimərliyə gedirlər, jurnal və kitab oxuyurlar. Bizim çimərliklərdə isə tamam fərqlidir. Mən kitabla günəşlənəndə hamı təəccüblənir. Deyirlər ki, bu qız nə ilə məşğul olur?

- Zəhra, siz "Eurovision” mahnı müsabiqəsində ilk təmsil etdiyimiz mahnının söz yazarısız, həmçinin yarışmanın musiqi koordinatoru olmusuz. Təşkilat komitəsi nədənsə indi mahnı üçün əcnəbi müəlliflərə üz tuturlar…

- Biz 2008-ci bəstəkarla əməkdaşlıq barədə elan verdik. Mən "Eurovision” komitəsinin üzvü idim. Hər il müraciət olunub. Sadəcə olaraq birinci il mahnının demo versiyasına qonorar ödənilirdi. Ona görə də bizim bəstəkarlar növbəti illərdə mahnı atmadılar. Düşünüdülər ki, demo versiyasına pul ödənilmir, mən niyə mahnı yazım? Halbuki, xaricdən bizə göndərilən mahnılar hazır olurdu, qonorar tələb etmirdilər.

Hər kəs özünə görə fikri var. Kimisi ölkə üçün hər şeyi pulsuz etmək niyyətində olur. Kimisi də vətənin onlara borclu olduğunu düşünür. Qalanı isə yarı-yarı olmağını istəyir. İnsandan, tərbiyəsindən çox şey asılıdır. Ailədə uşaq vaxtlarından ətrafındakı insanların pis olduğunu öyrədirlər. Belə insanlar böyüyərkən düşünür ki, insanlar ona borculudur. Ona görə də, qonorar tələb edənlərin haqlı-haqsız olduğunu deyə bilmərəm.

Düzünü deyim ki, bütün mahnıları dinləməmişdim. Musiqilər əsas İTV-yə göndərilirdi. Bizim bəstəkarlardan Emin Şahin mənim sözlərimə "follow my way” mahnısını bəstələmişdi. Yaxşı mahnı idi, ancaq 2009-cu ildə "Always” mahnısı ilə müqayisədə aşağı idi. O mahnı daha yaxşı mahnı idi, yəni ki, "Eurovision” formatına uyğun idi. "Day after day” mahnısı üzərində çox çalışdıq. Mahnı "Bu da son” adlanırdı, Gövhər Həsənzadə bəstələmişdi, bir nəfərin ifası üçün nəzərdə tutulmuşdu. Azərbaycan dilində idi, başqa mövzu da qeyd edilmişdi. Qərar verildi ki, duet olsun, düşündük, iblis və mələk obrazını yaratdıq.

İndi isə "Eurovision” təşkilat komitəsindən çıxmışam, layihə mənə maraqlı deyil. Baxıram, izləyirəm, orada çalışmaq marağım yoxdur. 1-ci, 2-ci, 3-cü yeri tutmuşuq. Hər şeyi etmişik. Məni çağırsalar ki, məsləhətlərini bizimlə bölüş, onu edərəm. Ora getmədiyim vaxt Avropa Oyunlarına hazırlaşırdıq, həmin hadisə mənə daha çox maraqlı gəldi. Mərasimlər departamentində çalışırdım.


- Hansı mühitdə daha çox şeir yaza bilirsiz?

- Hər bir məkanda şeir yaza bilərəm. Mənim üçün bu, problem deyil. Bəzi şeirlər yazanda ətrafıma baxıram. Görürəm ki, gül var. Düşünürəm ki, güldən nə yazmaq olar? Gül barədə sözləri qeyd edirsən, düzüb qoşursan. Hərdən belə şeylər olur. Mənə zəng vurub deyirlər ki, sabaha mahnıya söz yazmaq lazımdı. Bir günə necə hazırlamaq olar? Düzdü, düzüb qoşursan. Normal şeirlər alınır, deməzdim ki, yola veririk. Ancaq elə şeirlər də var ki, hardansa gəlir. Onlar tamam başqa şeylərdi. Sevgi, fəlsəfi ola bilər.

Əksər vaxtlarda bu tip şeirlər gecə yaranır. Sükut, tənhalıq səbəb ola bilər. Misal üçün rəfiqələrimlə görüşəndə, dəniz kənarında olanda artıq yazmağa başlayıram. Mənim üçün fərqi yoxdu. Ətraf-mühit də ilham verə bilər. İnsan nə qədər həyata açıq olursa, hər şey yaxşı olur. İnsan öz fikirlərinə qapanırsa, onda ancaq öz daxili aləmini ötürə bilər. Ancaq həyata açıq insan elə həyatda baş verən hadisələr, insanalar barədə rahat fikirlər qeyd edə bilər.

- Şeirlərinizi özünüz səsləndirirsiz. Tənqidlər olur?

- Mən sözün yaxşı mənasında özümdən utanmıram. Çox adam deyir ki, mən öz səsimi eşidəndə utanıram və s. Belə kompleksim yoxdu. Bu komplekslər kimdə az, kimdə isə çoxdur. Düzdü, mənə çox adam deyir ki, öz şeirlərini niyə səsləndirirsən? Hansısa aktyorun oxumağının daha yaxşı olacağını deyirlər. Bu da ola bilər. Mən istəyirəm ki, şeirlərimi özüm səsləndirim. Düzdü, vaxtımız azdır, video halında çəkib yayımlaya bilmirik.

- Şeir yazmaq üçün mütləq sevgi olmalıdır. Stimul alacağınız sevgi var?

- (Gülür) Həyata sevgi əsasdır. İnsanlara, təbiətə də var. Əks-cinsə sevgi isə hamıya maraqlı olur. İndi belə bir sevgi yoxdur. İncənət nümayəndələrinin beynində mütləq biri olmalıdır. O insanı fikirləşəndə daha rahat yaza bilərsən. Ən azından səmimi bir insan olmalıdır. Yalanı sevmirəm, münasibətdə, ümumiyyətlə, yalan nəyə lazımdır? Kişi kişi kimi olmalıdır. Bəzi məqamlar var.

Bunların hamısı anaların verdiyi tərbiyədən irəli gəlir. Qızlar var ki, elə bil bunlar kişidirlər. Mən başa düşmürəm. Azərbaycanlı xanımlar hökmlü olmağı sevirlər, elə bil kişini idarə etmək istəyirlər. Çoxusu da kişiləri sındırmaq istəyir. Ona görə də kişilər qadınlardan qaçırlar. Bu məqamda kişiləri başa düşürəm. Qızların oğlanlarla davranışını görürəm.

- Sizin üçün kişilərin işlədiyi sahənin fərqi var? Məsələn, şou-biznes nümayəndəsi ilə sevgili olardız?

- Şou-biznes nümayəndəsi olmasın. Əlbəttə, "heç vaxt heç vaxt demə” məsələsini yada salırıq. Hansısa başqa sahədə çalışsa daha yaxşı olar. Bir şou-biznes nümayəndəsi, bir də həkim olmasın. Həkimləri başa düşmürəm. Ümumiyyətlə, uşaqlıqdan bütün sahələrdə özümü görürdüm. Həkim olmaq istəməzdim. Onlara böyük hörmətlə yanaşıram, insanlara kömək edirlər. Ancaq düşünə bilmirəm ki, bir həkimlə sevgi münasibətdəyəm. Şou-biznesdə olan insanlar özlərinin sahibi deyillər. Onların həyatının yarısı dinləyicilərə həsr olunur. İstəmirəm ki, yanımda olan kişi həyatını kiməsə bağışlasın.

Ola bilsin ki, qısqancam. Amma dediyim məqam qısqanmaqdan irəli gəlmir. Vaxtdan, diqqətdən söhbət gedir. Ola bilər ki, hansısa ölkəyə səfərlərə getsin, ancaq fikri səndə olsun. Şou-biznesdə isə yoxdur. Kişidən qadına böyük diqqət olmalıdır. Qızlar deyir ki, mən niyə oğlanın hər şeyini düşünüm? Axı o sənin doğmandır. Bütün işlərinə diqqət yetirməlisən. Xüsusi diqqət olmasa münasibətlər korlanır. Bir yaşasalar da fikirləri ayrı-ayrı olur. Mənə elə gəlir ki, fikirlərim tamam başqa cürdür, ona görə də ailə qurmamışam (gülür). Çünki mən azərbaycanlı kimi fikirləşmirəm. Bizdə deyirlər ki, Avropalaşma gedir. İnanmıram, biz hər ölkənin pis xüsusiyyətlərini götürdük. Və yaxud başqa dövrə keçiddir.

Təəssüf ki, biz bu keçid dövründə yaşamalı olduq. Sonra deyirlər ki, boşanmalar çoxalır. Səbəbi eqoist insanların çoxluğudur. Həmin eqoistliyin təbliği çox güclü gedir. Həm sosial şəbəkələrdə, həm də TV və radioda... Eqoistliyi indi hamı alqışlayır. Amma həyatda azad olmaq, fikirlərini bildirmək eqoistlik deyil. Kimi sevib, ondan sevgi tələb etmək eqoist insanlarlıq deyil. Çox boşanan insanlarla danışıram, onlar eqoistlik məqamlara görə ayrılırlar, üstündə keçə bilməyiblər.

- Azərbaycanda adətən şeir üzərindən mahnı bəstələnir. Siz də isə bunun əksi olub? Bəstəkarlar sizə müraciət edərək mahnılarına söz yazmağınızı xahiş ediblər?

- Sizə deyim ki, musiqiyə söz yazılmağının tərəfdarıyam. Ona görə də, mahnılarıma şərh bildirirlər, müğənillər deyir ki, çox rahat oxunulur. Çünki mən özümdə mahnı ifa etmişəm. Başa düşürəm ki, söz və hərflər hansısa bəstəyə uyğun gəlməyə bilər. Elə şeirlər var ki, mahnılar bəsətlənib. Məsələn, Tünzalə Ağayeva tanınmış şairlərin şeirlərinə müraciət edir. Normal bir şeydir. Ancaq mənə bəstəkar deyir ki, şeir yaz, mahnı bəstələmək istəyirəm. Mən isə deyirəm ki, yox, sən bəstələ, mən yazım. Ola bilsin ki, birinci musiqini yazmaq çox çətin olur.

- Sizin üçün qonorar önəmlidir?

- Mən indi 20 mahnıya söz yazmışam. Onlardan cəmi 3-4 mahnı üçün qonorar almışam. Mənə müraciət edəndə hesab edirlər ki, hazır şeirdi, pulsuz vermək olar. Mənə belə şey qəribə gəlir. Axı mahnı istəsəm, bəstəni mənə heç kim pulsuz yazmayacaq? Və yaxud müğənniləri bir məclisə çağıranda pulsuz oxumurlar. Ancaq məndən pulsuz şeir yazmağı tələb edirlər. Ümumiyyətlə, mənim üçün həyatda pul önəmli deyil. Bu yaşa çatmışam, düşünürəm ki, hər əziyyətin qiyməti ödənilməlidir. Mən başa düşürəm ki, insanlar əziyyət çəkir. Mən heç vaxt onlara deyə bilmirəm ki, ancaq qonorarla çalışıram.

- İndiki şou-biznes üzvlərinin fəaliyyətindən çoxluq razı deyil. Keyfiyyətli işlər az təqdim olunur. Siz də musiqiçisiz, müğənni olmaq barədə düşünmürsüz?

- Çox çətin sualdır. Hər dinləyicinin öz tələbatı var. Bizim müğənnilər də həmin tələbatı ödəmək üçün mahnılar ifa edirlər. Hər keyfiyyətli iş üçün vəsait lazımdır. Vəsaiti əldə etmək üçün pul qazanmalısan, bu səbəbdən də dinləyicinin tələbatını ödəməlisən. Mən çoxdan tanıdığım insanlar, Musiqi Akademiyasının məzunları toylarda oxuyurlar. Mən onları yaxşı başa düşürəm. Öz ailəsini saxlamalı, peşələri üçün lazım şeylərə pul xərcləməlidirlər. Mən bu barədə düşünmürəm. Əvvəl müəyyən fikirlər var idi, konsert vermək, mahnılar yazmağı düşünürdüm. Ancaq bunlar fikir olaraq qalır.

- Siz xarakterinizə uyğun geyinirsiz?

- Mən xarakterimə uyğun geyinmirəm. Xarakter məsələsi genişdir. Bunu necə bilmək olar? Söhbətdən insanın xarakterini bilmək olmaz. Hansısa hadisələrdə üzə çıxır. Mən həmişə əhval-ruhiyyəmə uyğun geyinirəm. Məsələn, səhər yuxudan oyanıram, beynimdə müxtəlif fikirlər olur. Həmin fikirlərə uyğun rəng seçirəm. Bilirəm ki, gün ərzində harda olacam, mütləq buna uyğun geyinirəm. Bir stilim yoxdur, istifadə etdiyim geyim tərzlərində özümü çox rahat hiss edirəm. Həmişə rəfiqələrim deyir ki, sənə bu və digər geyim tərzləri yaraşır.

Cavab verirəm ki, bu mənim üçün çox çətindir. Belə olan halda şoppinq daha çox olur. Məsələn, insanlara necə təqdim etmək istəyirəmsə, elə bir obraz yaradıram. Romantik, sadə obrazlarda ola bilərəm. Bir neçə dostum var ki, mənə söyləyir, deyir ki, səndən yaxşı aktrisa çıxar. Geyimlərini obrazlı şəkildə yaşayırsan. Həqiqətən də belədir. Həmin obrazlarda özümü çox rahat hiss edirəm. Bu, qeyri-səmimi olmur, hər obrazda səmimi oluram, özüməm.

- Deyirlər ki, sizin bir neçə geyim mağazanız var, doğrudur?

- Xeyir, belə bir şey yoxdur. Ancaq aksessuar mağazam olacaq. Özüm belə şeyləri sevirəm.

- Ümid edirsiz ki, tanınan simanız sayəsində mağazanızın xeyli müştərisi olacaq?

- Əslində bu düzgün bir fikirdir. Sən birinci adın üçün çalışırsan, daha sonra adın sənə köməklik edir. İnsan əziyyət çəkib özünü tanıdır. Sonra niyə adından istifadə etməsin? Düşünürəm ki, adla yanaşı nə edirsənsə, keyfiyyətli iş ortaya qoymaq lazımdı. Belə bir şey var ki, kimsə iş barəsində nəsə düşünür, ancaq həmin fikirlər digərlərinə tez çatır.

- Çox insan düşünür ki, siz çətin xarakterə sahib bir xanımsız. Ancaq xeyli sayda dostlarınız var...

- Mən həmişə deyirəm ki, yaxın rəfiqələrim, dostlarım çoxdur. Ancaq başqaları deyir ki, bu, ola bilməz. Həyatda belə şeylər olmur. Məndə belə deyil. 1-2 nəfər var, onlar lap yaxındır. Ancaq ümumi götürəndə xeyli dostlarım var, özləri məni seçirlər. Nadir halda mən kimisə seçirəm. Mənimlə dostluq edən insanların qulluğunda oluram. Yəni, dostluğa hazır insanam.

Onlara yaxşı münasibət göstərirəm. Elə olur ki, xoşuma gəlməyən insanlar mənimlə dostluq etməyə cəhd edirlər. Onları mədəni şəkildə kənarlaşdırıram. Ancaq ən yaxın rəfiqələrim bacılarımdır. Əmim, dayım qızlarını deyirəm. Dostluğu itirmirəm, mənə hər insan dəyərlidir.

- Dostluqdan söhbət düşmüşkən, xüsusi prinsipləriniz var? Bəlkə, mən də sizinlə dostluq etmək istədim.

-(Gülür). Yalanı sevmirəm. Mənə yalan danışan insan yaxınım ola bilməz. Demək o mənə dəyər vermir. Özü kimi olmayan insan mənə maraqlı deyil. Mənim üçün çox böyük və vacib amildir. Rəfiqələrimiz var ki, aramızda münasibətlər korlanır. Ancaq daha sonra səhvini başa düşüb, gəlib üzr istəyib. Mən də ondan hesabat almamışam ki, niyə belə etdin? Bir müddət olur ki, insanlarla yaxın dostluq edirəm, daha sonra kənarlaşırıq. O da ,mən də uzaqlaşıram.

Bu demək deyil ki, onları silirəm? 10 il keçsə belə yenidən görüşəndə həmin isti münasibət görsənəcək. Elələri də var ki, küsəyəndir. Küsəyən insanlardan qaçıram. Onlar mənim fikirlərimi alt-üst edirlər. Məsələn, onlar azadlığı sevirlər, həyatlarına heç kəsin qarışmağını istəmirlər. Ancaq bir rəfiqə ilə harasa gedirsən, digəri isə küsür. Onlara demək lazımdır ki, azadlıqdan danışırsan. Ancaq özünü sahibkar kimi göstərməyə çalışır, mənim həyatıma sahib olmaq istəyirsən.

- Şou-biznes ulduzları sırasında sizə yaxın olan xanımlar da var. Sizcə, onlar səmimidirlər? Özlərini yüksək təbəqəli biri kimi təqdim edir, lüks həyat yaşadıqlarını göstərmək istəyirlər...

- Mənim rəfiqələrim aparıcı Nurlana Cəfərova və Nigar Camaldır. Nigarı "Eurovision”dan əvvəl, Nurlananı isə 100 ildir ki, tanıyıram. Onlar mənə səmimi gəlirlər. Ancaq başqaları ilə yaxın deyiləm. Heç bilmirəm ki, onlar nə edir, nə şou göstərirlər. Önəmli layihələri olanda diqqətimi cəlb edirlər. Teleziyaya da 6 ildir ki, baxmıram. Ziyalı insanlar bir az fərqli olur. Məncə, bütün insanlar öz işləri ilə tanınmalıdır, danışıq tərzi ilə yox. Hər kəsin seçdiyi yolu var. //qafqazinfo
AdRiver
loading...

XƏBƏR LENTİ