Azərbaycanlı politoloq Rusiyanın “NTV” kanalında generalı belə susdurdu - VİDEO

Azərbaycanlı politoloq Rusiyanın “NTV” kanalında generalı belə susdurdu -  VİDEO
27 noyabr 2015-ci ildə Rusiyanın “NTV” kanalında tanınmış jurnalist Sergey Minayevin müəllifi olduğu “Bolşinstvo” (“Çoxluq”) verilişində Türkiyə-Rusiya münasibətləri müzakirə olunub. Müzakirələrə sabiq Hərbi Hava qüvvələri komandanlarından general İqor Sulin, Rusiya Federasiyasının Müdafiə məsələləri üzrə komitəsinin 1-ci müavini Frans Klinseviç, “Sağ qüvvələr ittifaqı” İctimai Hərəkatının sədri Leonid Qozman və Strateji Kommunikasiya Mərkəzinin prezidenti Dmitriy Abzalov kimi ictimai-siyasi xadimlər qatılıblar. Türkiyə tərəfini politoloq Toğrul İsmayıl təmsil edib. Gərgin keçən müzakirələrdə Türkiyə və onun dövlət rəhbərliyi dəfələrlə təhqir olunub və Toğrul İsmayılın yerində cavabları ilə qarşı tərəf belə demək mümkündürsə, susdurulub. Məxsusən Rusiya Prezident Administrasiyasının Millətlərarası məsələlər üzrə nümayəndəsi Faiz Xavala tez-tez təxribatçı mövqeyi ilə müzakirələrin məcrasından çıxmasına çalışıb. Toğrul İsmayılın təmkinli duruşu təxribatın qarşısını alıb. Hətta Rusiya Federasiyasının Müdafiə məsələləri üzrə komitəsinin 1-ci müavini Frans Klinseviç verilişin sonunda Toğrul İsmayıla təşəkkür edib və “çox istərdik Türkiyəni sizin kimi politoloqlar təmsil etsinlər” deyib. Geniş ictimai rezonans doğuran veriliş Azərbaycan ictimaiyyətində də müzakirə mövzusu olub.
toğrul ismayıl-1
Təmkinli davranışı, məntiqli, eyni zamanda cəsarətli mövqeyi ilə Türkiyənin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi kimi qardaş ölkəni müdafiə edən Toğrul İsmayıl həm də azərbaycanlıdır. Xural.com hazırda Türkiyənin Ankara şəhərində yaşayan Toğrul İsmayılla əlaqə saxladı. Toğrul İsmayıl bizə “NTV”-dəki müzakirələrin pərdəarxasını danışdı: “Efirdə görünəndən betərdir fasilə arasında. İdbar söyüşlərlə adamı təhqir edir, təsir göstərməyə çalışırlar. Mən canlı yayından betər, reklamlar arasında olan fasilələrdə döyüşdüm onlarla. Fasilələrdə apardığım mübarizə sonradan canlı yanına da öz təsirini göstərdi. Son bir həftədə 80 dəfə bu mövzu ilə bağlı çıxışlarım olub və növbəti çıxışım ORT-də olacaq. Yeri gəlmişkən, mənə dəstək verən, zəng edən bütün həmvətənlərimə təşəkkür edirəm və minnətdaram. Bu dəstək məni daha da ruhlandırır və güclü edir.”
Toğrul İsmayıl Rusiya ilə Türkiyənin arasında məsələnin dinc yolla nizama salınmasını, prezidentlərin – Vladımir Putinlə Rəcəb Tayyib Ərdoğanın bir araya gəlmələrini, bu baş verməsə belə, Azərbaycan Prezidenti İlham Əliyevin, yaxud Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin vasitəçilik missiyasından istifadə olunması təklifi ilə çıxış edib.(bizimyol)

OXŞAR XƏBƏRLƏR