Azərbaycanlı müğənni: "Atam təpədən-dırnağa qədər qanın içində..."

Azərbaycanlı müğənni:  "Atam təpədən-dırnağa qədər qanın içində..."

Müğənni Elnarə Xəlilova 20 Yanvar hadisələrindən yazıb.
Aktual.az Big.az-a istinadən xəbər verir ki, həmin gecə yaxınlarını itirənlərə başsağlığı verən ifaçı atasını da yad edib:

"Həmin gecə mənim də çox gözəl yadımdadır. Biz onda 9-cu mikrorayonda, 8-ci mərtəbədə yaşayırdıq. Anam bizi yerə uzatmışdı. Sovet ordusunun güllələri bizim eyvana qədər gəlib çıxmışdı... Atam təpədən-dırnağa qədər qanın içində səhərə yaxın gəldi. Əvvəlcə qorxduq, elə bildik, yaralıdır. Sonra gördük ki, yox, bu onun səhərə kimi daşıdığı və şəkillərini çəkdiyi meyitlərin qanıdır.

Onun səhəri bildik ki, TV-ni partladıblar ki, biz dünyaya bizim başımıza gətirdiklərini çatdıra bilməyək.

Onda da mənim atam hərəkətə keçdi. O vaxt o, Hidrometeorologiya Komitəsində şöbə müdiri işləyirdi. Və onun əlində Varşava müqaviləsi ilə bütün postsovet məkanına məlumat ötürmək kimi bir imkanı var idi. Və o bunu elədi. Qorbaçova da bir şanlı məktub yazdı. Hamının gözü qarşısında. Ona yazdı ki, sən cinayətkarsan və törətdiyin əməllərin cavabını verəcəksen. Bu hadisədən sonra atamın üzünə həsrət qaldıq. Günlərlə dindirilmədə olan atam ondan sonra 1 il də işsiz qaldı.

Amma sonra haqq-ədalət öz yerini tutdu və atam həmin komitədə sədr müavini vəzifəsinə qədər yüksəldi. Mən o vaxt uşaq idim. Və atamın respublika əhəmiyyətli nə boyda bir iş gördüyünün fərqində deyildim. Sinif yoldaşlarıma danışdığım mənim ən çox xoşuma gələn məqam isə həmin gecə atamın yumruğunda rus əsgərlərinin tökülmüş dişlərindən qalan izlər idi... Hamı əliyalın çıxmışdı çünki küçələrə... Mən o gün qətlə yetirilənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Və minlərlə atam kimi insanlarla fəxr edirəm!"(aktual.az)


OXŞAR XƏBƏRLƏR