Azərbaycanlı deputatdan Avropa Şurasına - Çağırış

Azərbaycanlı deputatdan Avropa Şurasına - Çağırış

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə Avropa Şurasının baş katibi Torbyorn Yaqland deputatların qaldırdığı aktual problemlərlə bağlı təşkilatın gördüyü işlər barədə geniş məlumat verib.

Sfera.az xəbər verir ki, AŞPA-nın üzvü Rafael Hüseynov Avropa və dünyada getdikcə artan islamofobiya, diskriminasiya və bu kimi təmayüllərlə mübarizənin qüvvətləndirilməsi zərurətinə diqqət yönəldərək, Avropa Şurasının öhdəsinə bu istiqamətdə böyük vəzifələr düşdüyünü söyləyib. Avropa Şurası baş katibinin bu qədər həssas məsələləri daim gündəliyinin ən vacib problemləri sırasında saxlamasının Avropada və dünyada daha münasib birgəyaşayış mühitinin formalaşmasına töhfə olacağını bildirən Rafael Hüseynov belə bir sualla müraciət edib: "Sizin demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı son hesabatınızda islamofobiya və onun artması, müxtəlif əhali qruplarına qarşı dözümsüzlük, ayrı-seçkilik və nifrət səviyyəsinin artması vurğulanırdı. Bu bir həqiqətdir ki, Avropa Şurasına üzv olan ölkələrdə yaşayan müsəlmanlar getdikcə daha artıq anti-müsəlman duyğuları ilə qarşılaşır və terrorçuların törətdikləri hücumlara məruz qalırlar. Qitənin müxtəlif yerlərində baş verən belə təəssüf doğuran hadisələr bu faktın ciddiliyini aşkar nümayiş etdirir və bununla mübarizənin zərurətini artırır. İslamofobiyanın və anti-müsəlman nifrət təzahürlərinin artması, baş katibin hesabatında bunların əks etdirilməsi Avropa Şurası tərəfindən problemə daha qətiyyətli və sistemli bir yanaşma tələb edir. Bütün bunları nəzərə alaraq, Avropa Şurasının baş katibi tərəfindən tolerantlığın müdafiəsi, ayrı-seçkiliyə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə məsələlərinin təşkilatın gündəliyində yüksək səviyyədə saxlanılması üçün hansı tədbirlər nəzərdə tutulur?”

Torbyorn Yaqland suala cavab verərək, azərbaycanlı deputatın fikri ilə tam şərik olduğunu bildirib və Avropa Şurasında bu istiqamətdə sistemli iş aparıldığını qeyd edib. O, bu problemi bilavasitə nəzarətdə saxladığını, kompleks tədbirlər planı barədə düşündüyünü, Avropada daha sağlam birgəyaşayış mühitinin bərqərar olmasından ötrü maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsinə ehtiyac olduğunu deyib. Baş katib dərslik adlandırıla biləcək və Avropanın məktəblərində tədris vəsaiti kimi istifadə olunması tövsiyə ediləcək bir toplunun hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, kitabda islamafobiya, qeyri-tolerant yanaşmalar, diskriminasiya hallarının aradan qaldırılması, həmçinin Avropa insanlarına İslam dini, onun adət-ənənələri haqqında dolğun məlumat verilməsi üçün müvafiq fəsillər yer alıb. Baş katib Avropada bütün xalqlar və dinlərin, o cümlədən bu cəmiyyətin ayrılmaz parçası olan müsəlmanların hüquqlarının qorunmasına Avropa Şurasının daim xüsusi diqqət ayıracağını vurğulayıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR