Azərbaycanlı aktrisa \"Kara sevda\"nın Emiri ilə sevgili olacaq: \"Onunla tanış olanda...\" - FOTO
11:50 / 08.01.2018
1345
- Aktrisanın filmdə soyunması ona şöhrət qazandırır, yoxsa bu, onun "inflyasiyası" deməkdir?
- Ssenaridə açıq səhnələr olanda oturub analiz edirəm ki, filmə və mənə nə faydası var? Əgər ssenari tələb edirsə, olmalıdır. Əslində rejissor və prodüser aktrisaya dəyər verirsə, o səhnələr dəyişdirilə bilir. Aktrisa kimi belə səhnələr mənə nə qazandıracaq ki? Bədəminin bir parçasını göstərərək özümə nəsə qazandırmaq fikrim yoxdur. Yalnız bir halda razı olaram ki, filmin ssenarisi çox möhtəşəm olsun, ya da Oskarlıq olsun.
Məsələn, Culiya Roberts həyatında bir dəfə də olsun ki, açıq səhnələrə çəkilməyib. "Gözəl qadın" filmində onu dublyor əvəzləyib. Cennifer Lopessə intim səhnələri A-dan Z-yə qədər özü oynadığı etiraf edib. Və o, bununla qürur duyur.
Bu vaxta qədər karyeramda açıq səhnələr olmayıb. Ümumiyyətlə, aktrisalar açıq səhnələrin yumşaldılmasını təklif etməkdən və dublyor istifadə edilməsindən qorxmamalıdır. Əgər sinəni göstərmədiyin üçün səni filmə çəkmirlərsə, deməli, o film və komandada çalışmaq sənə heç lazım deyil.
"Bu insanlar həyatın ən ağır məqamlarında da bir-birinə sahib çıxırlar"
- Oynadığınız rolların real həyata uyğun olması sizin üçün nə dərəcədə vacibdir? Məsələn, son illərdə Türkiyədə çəkilən serial və filmlərdə kişilər çox romantik təsvir edilir. Realda isə qadının hər nazına dözən, hər axşam ona gül-çiçək, bahalı hədiyyələr alan kişilər azdır...
- Sizinlə razıyam. Mən ssenari seçimində ilk növbədə filmin insanlara nə kimi mesajlar ötürdüyünü və nə öyrədəcəyini nəzərə alıram. Canlandırdığım xarakterin dünyaya nə demək istədiyini düşünürəm, hər şeyi çərçivəyə qoymaq yox, ona daha geniş baxmaq lazımdır. Bir xarakter olaraq filmdəki missiyamı ölçüb-biçirəm.
"Yüzme öyreniyorum" filmində o qədər mesaj var ki, ssenari ilə tanış olan kimi razı oldum. Ən azı bədbəxt qadınlar üzməyi bacarmalıdır ki, bota minəndə həyatda qalmaq şansları olsun. Suriyalı qaçqın qadının əri onu o qədər sevir ki, sağ qalması üçün ona üzməyi öyrədir. Bu insanlar həyatın ən ağır məqamlarında da bir-birinə sahib çıxırlar.
Digər filmlərimdə də min dənə mesajlar olub. Amma o mesajların düzgün istiqamətləndirilməsi və insanlara çatdırılması da çox önəmli faktordur.
- Könül xanım, sizin üçün filmdə çəkilmək prosesi maraqlıdır, ya ekranda özünüzə baxmaq?
- Proses! Çünki hansısa insanın həyatını öz üzərinə götürürsən. Xarakteri açmaq üçün dedektiv kimi onu araşdırırsan. Sonda hər şey hazır olduqdan sonra gəlib kinoteatrda öz filmini izləmək zövq verir. Lakin filmlərimi heç vaxt əvvəlcədən izləmirəm, özümü bəzən bəyənmirəm, bəzən bəyənirəm.
- Həyatınız maraqlıdır, yoxsa rollanınız?
- Həyatım daha maraqlıdır, serial kimidir (gülür). Eyni zamanda rollarım mənə təkcə aktrisa kimi deyil, həm də insan kimi qarşılaşdığım çətin vəziyyətlərdə necə davranmaq lazım olduğunu öyrədir.
- İcazənizlə şəxsi həyatınızla bağlı sual vermək istərdim.
- Buyurun.
- Türk kişiləri yəqin ki, sizin kimi gözəl xanıma biganə qala bilməz. Evlilik təklifi edən olubmu? Ümumiyyətlə, yenidən ailə qurmağı düşünürsünüzmü?
- Olub, amma ailə insanı deyiləm. Elə sahədə çalışıram ki, həm ciddi, həm də qeyri-ciddi təkliflər də gəlir. Sənətdən istədiyimi almayana qədər evlənmək barədə düşünmürəm. Hazırda həyatımda ən vacib oğlum və işimdir. Bəlkə də həyat tempimə uyğunlaşan insan hələ qarşıma çıxmayıb. Amma sabah nə olacağını da bilmək olmaz. Peşəmi fanatik dərəcədə sevməyimi qəbul edən insana rast gəlmək də asan deyil. Ya eyni sahənin adamı, ya da həqiqətən sənətsevən insan olmalıdır. Hələ ki, bu məsələdə şanslı deyiləm.
"Kişinin gözü başqalarındadırsa, o anda..."
- Qadın nə zaman başa düşür ki, münasibətləri xilas etmək olmur və ayrılmaq qaçılmazdır?
- Sevgi hissi bitdikdən sonra heç nəyi qorumaq olmur. Qorumağa çalışırlar, lakin heç bir mənası yoxdur. Hər iki tərəf bədbəxt olur. Tərəflərdən biri heç nə hiss etmirsə, kişinin gözü başqalarındadırsa, o anda cəsarət tapıb münasibəti bitirmək lazımdır.
Keçmiş həyat yoldaşımla ayrılsaq da, yaxşı münasibətimiz var. Çünki biz neqativ duyğular arxasınca getmədik. Qadın və kişi kimi münasibətlərimizə son qoyduq, amma dost kimi qalmağı bacardıq.
- Sevginin azalmasının səbəbləri nədir?
- Səbəblər müxtəlifdir. Qarşı tərəflə eyni evdə yaşamağa başladıqdan sonra tanımağa başlayırsan və görürsən ki, sənə uyğun insan deyil. Ona görə də xarici ölkələrdə sevgililər eyni evdə yaşadıqdan sonra evlənməyə qərar verir. Bunun tərəfdarıyam, təəssüf ki, bizdə adət-ənənə buna icazə vermir. Əslində uğurlu ailə gizli bomba kimidir. Nə vaxtsa və haradasa partlaya və ya partlamaya bilər? Sürprizdir. Əlbəttə hamı istəyər ki, ailəsi möhkəm olsun, ömrünün sonuna qədər birlikdə yaşasınlar. Ancaq ailə həyatında hər kəsin bəxti gətirmir...
"Qürurum yoxdur"
- Bəxtinizin sükanı kimin əlindədir?
- Mənim. Bir zamanlar həyatımın sükanı başqasının əlində idi və bunun sonu heç də yaxşı nəticələnmədi.
- Qürurunuz qarşısında hesab verməli olmusunuz?
- Qürurum yoxdur (gülür). Qürur və özündənrazılıq eqonun əlamətləridir. Eqo insanın özünün yaratdığı məhfumdur. Onu yaratdığımız kimi də öldürə bilərik. Onu öldürdükdən sonra anladım ki, heç yaxşı şey deyil.
Eqo sadəcə burnu yuxarı olmaq deyil, əgər sizə nəsə toxunursa, deməli, eqonuzu qaşıyır. Bir müddət çox həssas və küsəyən olmuşdum, çünki eqom məni qurcalayırdı. İndi hər şeyə qarşı neytralam və bu, mənə çox kömək edir. Qürur nəyə lazımdır ki? Mən də hamı kimi Allahın yaratdığı bir bəndəyəm. Nəyin qürurunu edim ki?
"Yeniliyə addım atmaqdan çəkinməyiblər"
- Siz "Reborn" layihəsində Sofi Loren, Odri Hepbern və başqa retro ulduzların obrazlarını canlandırmışdınız. Aktrisa kimi onların hansı xüsusiyyətləri sizdə heyranlıq doğurur?
- Retro aktrisaları çox sevirəm. Ava Qarner, Qreta Qabro, Sofi Loren əsl əfsanədir. Sofi Lorendən başqa digərləri vəfat edib. Gör bu qadınlar nə qədər gözəl və istedadlıdır ki, onların filmləri indiyədək çoxlarına ilham verir. Hər biri işini dəlicəsinə sevib, işinə görə çoxlu qurbanlar verib, cəsarətli və gözəl insan olublar. Yeniliyə addım atmaqdan çəkinməyiblər. Ona görə də dilimizdən düşmürlər. Mən də həmişə çalışmışam ki, insan olum. Onlar kino tarixində böyük iz buraxıb. İnşallah, mən də iz buraxaram.
- Kaan Urqancıoğlu ilə birlikdə filmə çəkilməyə hazırlaşırsınız. İstanbulda baş tutacaq layihənin müəllifi "Mirvari sırğalı qız", "Hannibal" kimi filmlərin rejissoru Piter Vebber olacaq. Sonda istərdim ki, bu barədə də məlumat verəsiniz. Bu məşhurlarla çalışmaq sizi həyəcanlandırır?
- Gözəl layihədir, ssenaridə çoxlu mesajlar olacaq. Hələ ki, filmin hazırlıqları gedir.Həyəcanla hazırlıqların bitməsini gözləyirəm, çəkilişlər yayda başlamalıdır.
- Rejissorla necə tanış olmusunuz?
- Biz altı il əvvəl tanış olmuşuq. Mənim aktrisalığımı bəyənmişdi. Bir gün zəng edib "Bir neçə dil bilirsən, oyununu da bəyənirəm. İstanbula gəlmək istəyirəm, əgər razı olsan, səninlə çalışmaq istəyirəm", - dedi. Sözsüz ki, bu sözlərdən çox şad oldum. Onun vasitəsilə 2018-ci ildə Avstraliyada başqa bir ekran işində də çəkiləcəm. Piter çox gözəl insandır.
- "Kara Sevda"dan (Emir rolu ilə) tanıdığımız Kaan Urqancıoğlu ilə tərəf müqabili olacaqsınız. Birlikdə şəkilləriniz də çəkilmişdi. Maraqlıdır ki, o, həyatda necədir?
- Serialdakı mənfi obrazına görə çoxları hesab edirdi ki, neqativ insandır. Halbuki, qətiyyən belə deyil, çox pozitiv və mədənidir. Onunla şəxsən tanış deyildim. Rejissorla, Kaanla, onun və mənim menecerimlə bilrikdə axşam yeməyində görüşüb tanış olduq. Birinci, o, məndən, mən də ondan utanırdım. Hətta Piter bizim şəklimizi çəkəndə utandığımızı görüb "Yaxın oturun da, axı siz filmdə sevgili olacaqsınız", - dedi. Sonra bir-birimizi başa düşməyə başladıq, dil tapdıq.
Piter bizimlə şəkillərini sosial şəbəkədə paylaşmışdı. Türkiyə və bizim mediamız bundan xəbər tutdu, beləliklə xəbər yayıldı. Düzünü desəm, xəbərin yayılmasını istəmirdim. Çünki ortada heç nə yox idi, 6-7 aylıq hazırlıq müddəti var, ancaq oldu.
- Ekran işi sevgi hekayəsindən bəhs edəcək?
- Böyük sevgi hekayəsindən bəhs etsə də, əsas mövzusu məhəbbət deyil. Ssenari mükəmməldir, psixoloji dramdır. Onu da qeyd edim ki, canlandıracağım qəhrəman türk yox, metisdir. Rolum aktyorluq məharətimi göstərmək üçün yaxşı imkandır. Çəkilişlərin İstanbulda çəkilməsi nəzərdə tutulub, amma gələcəkdə dəyişiklik ola bilər.