Azərbaycanın fədailəri: Onlar kim idi?

Azərbaycanın fədailəri: Onlar kim idi?
Zülmət qaranlıq bir gecə idi. Bütün şəhər yatmışdı. Elə bil yüzlərlə problemin bu şəhərə , bu şəhərin əhalisinə heç bir aidiyyatı yox idi.  Əlində silah tutan qara maskalı adam, bu qaranlığın içində üşəndi. Amma   cırcıramaların və uzaqdan gələn zəif, məlahətli səsin ağuşuna düşmüşdü.  Qara maskalı adam səsi tanıdı. Bu dəmirçi Vaqifin oğlunun səsi idi. Bu səs onu sehirləmişdi.  Birdən-birə  elə bil ayıldı. O mühüm tapşırığı yerinə yetirməli idi... Cırcıramaların da , Dəmirçi Vaqifin oğlunun məlahətli səsini  də  atılan güllə kəsmişdi. Bütün şəhər bu vahiməli güllə səsinə oyanmışdı.  Səhər tezdən keşiş  Nikosyan Ter-Ovanesyanın öldürülməsi xəbəri bütün şəhərə yayıldı.  Şuşada keşiş kimi fəaliyyət göstərən, amma əslində "Daşnaksütyun " partiyasının əsas simalarından biri olan Nikosyan Ter-Ovanesyanın  öldürülməsinə  bütün Şuşa şəhəri sevinirdi. 1905-1906-cı il erməni-müsəlman davasında ermənilərə başçılıq edən,  kod adı "Nikol Duman” olan keşiş bütün şəhərin başbəlasına çevrilmişdi. Səhər bütün şəhər onun vətənpərvərlərdən ibarət "Difai” çilər  tərəfindən öldürüldüyünü danışırdı.
   
1905-ci il... Bakı şəhərində Azərbaycanın görkəmli türkçü-ziyalısı Əhməd bəy Ağaoğlu tərəfindən "Fədai" adlı gizli bir cəmiyyət yaradılır. Bu, Azərbaycan Türkünün özünümüdafiə instinkti, illərdən bəri toplanmış passionar enerjinin vulkantək püskürməsi deməkdi. Türk həmişə olduğu kimi bu dəfə də hücumda olmalı idi. Böyük türkçü-publisist Yusif bəy Akçuralı 1928-ci ildə nəşr etdirdiyi "Türk ili" kitabında Əhməd bəy Ağaoğlunun tərcümeyi-halını yazarkən qeyd edir: "Türklərin ermənilərə qarşı mübarizə aparmaq üçün bir təşkilata böyük ehtiyacları vardı. Bu ehtiyacı təmin etmək üçün Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakıda "Fədai" adlı gizli bir cəmiyyət təşkil etməyə müvəffəq oldu".
 
 "Fədai" cəmiyyətinin fəaliyyəti çox keçmir ki, öz bəhrəsini verir. Artıq ermənilər Azərbaycan Türklərinin nəyə qadir olduqlarını anlamağa başlayırlar.  Əhməd bəy Azərbaycanın bütün ərazilərində təşkilatlanmağı lazım bilirdi.  İlk olaraq o Azərbaycanın ikinci paytaxtı sayılan Gəncəyə yola düşdü. Gəncədə tanınmış vətənsevər millətçilərlə görüşərək orada "Difai" təşkilatını yaratdı. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Axund Molla Məhəmməd Pişnamazzadə, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan "Difai" Təşkilat Komitəsinin üzvləri idilər.
 
 Nağı bəy Şeyxzamanlı özünün "Azərbaycan İstiqlal Mücadiləsi Xatirələri"ndə yazır: "O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Ələkbər bəy, iki qardaş Xasməmmədli Ələkbər və Ələsgər, Yusifbəyli Nəsib bəy, doktor Həsən Ağaoğlu dururdular. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət aparırlar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün yenidən xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək və ruslara anlatmaq ki, asanlıqla məhv olmayacağıq. Rusların gözlərini qorxutmaq. Bunun üçün gizli bir tədhiş komitəsi yaratmağa, gizli firqəni "Difai" firqəsi deyə adlandırmağa qərar verirlər" Bu minvalla Azərbaycanın ermənilər hücum edən vilayətlərində də yaradılan "Difai" təşkilatının yerli şöbələri erməni silahlı dəstələrinə qarşı mübarizəyə başladı. Partiyanın fəaliyyəti və rəhbərliyi barədə Tiflisdəki quberniya jandarm idarəsinə vaxtaşırı məlumatlar gedirdi. 
         
   1905-1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı "Difai" sözün əsl mənasında "Qafqazı qanlı səhnə halına salmaq" barədə verdiyi vədə əməl etdi. Gəncədə yerləşən "Cəmiyyəti-Xeyriyyə" və "Nəşri-Maarif" cəmiyyətlərinin binası qərərgaha çevrilmiş və Gəncənin ən mötəbər, tədbirli, xalq arasında sözü keçən adamlarından biri – Ələkbər bəy Rəfibəyli bu hərəkata rəhbər seçilmişdi. Hüseyn Baykara yazır: "Əks-hücum gecə, qaranlıq düşəndən sonra başlayacaqdı, erməni kəndləri və məhəllələri dağlıq tərəfdən əhatəyə alınaraq hücuma keçiləcəkdi. Bu hərəkatda əli silah tuta bilən bütün şəhər camaatı və dağlardan enərək köməyə gələn Dəli Alının silahlı dəstəsi Ələkbər bəyin rəhbərliyi altında hücuma keçdilər. "
   
   "Difai" firqəsinin ilk "nəhəng" qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. Gəncə qubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi. Kreşçinskini öldürmək üçün "Difai" Partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür. Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca layiq olduğu cəzanı alır. Qətlin ertəsi gününün gecəsi "Difai" firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Bu rus məmurlarında böyük qorxu yaradır.
   
"Rus idarəsinin hər təşkilatında "Difai"nin adamları var idi, xüsusilə də Rus Milli Təhlükəsizliyində tərcüməçi və katib Sədrəddin adında çox qiymətli bir qardaş var idi. Bir gün o qardaş "Difai" firqəsinin üzvü olduğunu təxminən bilən birisinə xəbər verir ki, Molla Hadı adında bir nəfər gizli olaraq Rus Milli Təhlükəsizlik Komitəsinə gəlib və beş dəqiqə sonra tanımadığım bir erməni müfəttişini otağına aparır, zənnimcə, erməni Molla Hadıya tərcüməçilik edir, xeyli qalırlar və söhbət edirlər. "Difai" toplantılarına ara verir, ancaq bütün qüvvələri ilə rusların nəyi təqib etdiklərini öyrənməyə çalışırlar. Digər tərəfdən Sədrəddin bəyə məsələ ilə maraqlanmasını məsləhət görürlər. Molla Hadı pusqu altına alınır. Təhqiqat nəticəsində Molla Hadının ruslara satıldığı öyrənilir. Molla Hadının qohumları araşdırılır, haradan və nə zaman Gəncəyə gəldiyi anlaşılmır. Ancaq öyrənilir ki, Molla Hadını mülki paltar geyinmiş bir polis nəfəri hər axşam evinə qədər mühafizlik edir. Gündüz vaxtı da həmin polis nəfəri onu təqib edir. "Difai" firqəsi Molla Hadının qətlinə qərar verir və bir gün sonra o, öldürülür. Polislər cənazəni dəfn edə bilmirdilər... Mollalardan heç kəs cənazə namazını qılıb,  dəfn etməyə cəsarət göstərmirlər. Nəhayət, Molla Musa adında bir nəfər "Difai"nin üzvü təxmin etdiyi birisinə yanaşır və deyir, "cənazə evdə qalıb. Sən izn ver, gedib namaz qılıb, dəfn etdirim". Həmin kəs hirslənərək mollaya cavab verir: "Mənə nə, niyə məndən soruşursan, kim sənə bir şey edər?!" Molla Musa bunu "Difai" tərəfindən izin sayaraq Molla Hadını dəfn etdirir" 
 
   Şuşada ermənilər qırğın törətdikləri zaman onlara köməklik edən general Qoloşanov çarın naibi, eyni zamanda, çarın əmisi Nikolay Nikolayeviçə raport vermək üçün  Tiflisə gedir. Bu xəbəri əldə edən "Difai" Partiyasının Şuşadakı təşkilatı tərəfindən xalq arasında igidliyi ilə seçilən və tanınan Hüsü adlı birisinə Tiflisdə Qoloşanovun axırına çıxmaq tapşırılır. Bir həftə keçməmiş bu əmr Tiflisdə yerinə yetirilir. "Difai"çilər Hüsünün təhlükəsizliyini qorumaq niyyətilə onun İrana qaçmasına köməklik edirlər. Şuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ermənilərə kömək etdiyi üçün  "Difai"nin Şuşa Komitəsinin qərarı ilə aradan götürülür. Gəncədəki polis rəisi Bannikov, Tərtərdəki polis rəisi Felikinski də eyni səbəbdən partiyanın qərarı ilə "daimi istirahət"ə göndərilirlər. Bu siyahını uzatmaq da olar. Bütün bunları əlbəttə ki, Azərbaycanda xalqın azadlıq uğrunda mübarizəsinin başlanğıcı kimi qiymətləndirməliyik.  Bu hadisələrdən sonra "Difai" partiyasının üzvlərinə qarşı əməliyyata başlanılır. 1907-ci ildə "Difai" təşkilatının qanadı "Qarabağ məclisi"nin fəalları kütləvi həbsə məruz qaldılar. Martın 23 və 24-də Hüseyn Münşiyevi, Əfrasiyab Əzimоvu, Məşədi Şamil Hacıyevi, Zülfüqar bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyоvu və Məmmədcəfər Muxtarоvu Şuşa həbsxanasına saldılar. Tutulanların hamısını Həştərxan quberniyasına sürgün etdilər. 
     
  Azərbaycan türklərinə düşmən kəsilmiş məmurların öldürülməsini birbaşa üzərinə götürən "Difai" hər belə qətldən sonra məsuliyyəti öz üzərinə götürməklə yanaşı, öz möhürü ilə bəyannamədə yayırdı. "Difai"nin möhürü Azərbaycan türkü üçün bir intiqam günəşinə, bu millətin qanını içməyə hazır olan yadelli məmurlar üçün isə ölüm hökmünə dönmüşdü. M.Şeyxzamanlı: "Ancaq bir həqiqət vardı ki, rus idarəsinin ən qəddar işçilərinin gözləri əməlli-başlı qorxmuşdu. Beləcə rus idarəsi ilə "Difai" mücadiləsi 1906-cı ildən 1909-cu ilin ortalarına qədər davam etdi. " "Difai" təşkilatı Azərbaycan tarixində bəlkə də yeganə qurum oldu ki, "qana qan" şüarı ilə erməni terroruna qarşı savaş açdı. "Difai" Partiyasının Bəyannaməsində bu açıqca yazılmışdı: "Əvvəllər olduğu kimi, erməni terror təşkilatları müsəlmanların üzərinə xain və qəddarcasına hücumlar edərsə, bizdən layiqli cavab alar və Qafqaz başdan-başa, bitməz-tükənməz bir qanlı səhnə halinə düşər. Daşnak partiyası əmin olsun ki, heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik".
 
Qoşqar Salmanlı



OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...