Azərbaycanın ən məşhur polisinin gənclik FOTOLARI yayıldı
Özünü dünyanın xoşbəxti hesab edir. Deyir ki, gəncliyində fəallığı, bitib-tükənməz enerjisi onu bu gün istədiyi yerə gətirib. Düşünür ki, uşaqlığından hansısa qüvvə vasitəsilə önə doğru itələnib və daim oxuyub-öyrənməyə sövq edilib. Yatmaq, istirahət, oyun oynamaq ona uzaqdır. Ona görə uğura gedən yol zəhmət, əziyyət, yuxusuz gecələr tələb edir. Həyatda tək məqsədi olub: hər sahəni mükəmməl bilmək və daim öndə olmaq...
Bu dəfə jurnalistlərin dostu, cəmiyyət üçün maraqlı persona, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun gəncliyinə səyahət etdik...
Balaca Vaqif anasının himayəsində böyüyüb. Bir bacı, bir qardaş olublar. Deyir ki, uğurlarının ən böyük səbəbkarı enerjisini lazımi yerlərə sərf etməsinə istiqamət verən anası olub: "Anamla demək olar, dost olmuşam. O mənim vaxtımı elə bölüşdürürdü ki, dəcəllik etməyə vaxt tapmırdım. Anam mənə hər şərait yaratmışdı. Hansı sahədə istəmişəm, o sahədə mənə dəstək olub. Zarafatcıl olsam da, məqsədi olan uşaq idim. Bəzi məsələlərə çox ciddi yanaşırdım. Məsələn, çalışırdım ki, hər yerdə birinci olum. Orta məktəbdə dərslərimi yaxşı oxuyurdum. Amma eyni zamanda, idmana da həvəsim var idi. Məsələn, tenis yarışlarında birincilik qazanmışam. Voleybol yarışlarında komandamız birinci olub. Basketbol yarışlarında, şahmat oyunlarında da bir qədər fərqlənmişəm. Məktəblərarası olimpiadalarda iştirak edib, birincilik qazanmışam. 8-ci sinfə qədər belə idim. Həmişə fikirləşirdim ki, məni hansısa qüvvə önə doğru itələyir. Yerimdə dayana bilmirdim. Həddindən artıq enerjim var idi. Demək olar, yatmaq, istirahət bilməzdim. Gitara, qarmonum var idi. Onlarda da musiqi ifa edirdim. Təxminən 2 il ayrıca müəllim yanına gedib musiqini öyrəndim”.
55 yaşlı müsahibimiz Naxçıvanın Ordubad şəhərində anadan olub. Uşaqlığını, gəncliyini yada salanda kövrəlir. Deyir ki, zəhməti sevdiyi üçün maraqlı gənclik həyatı keçirib: "Söhbət keçmişimdən düşəndə kövrəlirəm. Həddindən artıq dəcəl, enerjili, zarafatcıl uşaq idim. Anamın dediyinə görə, mən bir yerdə durmağı bacarmırdım. Amma şuluq olmağımla yanaşı, yaxşı oxuyurdum və məktəbdə də yaxşı təşkilatçı idim. Uşaqlığım pioner düşərgəsində keçib. Hər il yay tətilini düşərgədə keçirirdim”.
Tenis, voleybol, basketbol, şahmat, musiqi ilə yanaşı, həmsöhbətimizin rəssamlıq qabiliyyəti də olub. Çertyoj sahəsində demək olar ki, professionaldır: "Musiqi kursundan çıxıb rəssamlığa gedirdim. Rəssamlığın sirlərini mənə həmin dövrdə Naxçıvanda Rəssamlar İttifaqında işləyən məşhur rəssam Şəmil Mustafayev öyrətmişdi. Eyni zamanda, çertyoj sahəsində, demək olar ki, bu sahədə işləyənlərlə eyni bilik və bacarığa sahibəm. Memarlığın sirlərini isə mənə hazırda Fövqəladə Hallar Nazirliyində tikinti idarəsində rəis müavini işləyən Elxan Əsədov öyrətmişdi. Mən uşaqlığımda bir dəqiqə belə boş qalmadan həm dərslərimi yaxşı oxuyur, həm musiqi ilə məşğul olur, həm rəssamlığa gedir, həm də memarlığı öyrənirdim. Çertyoj sənətini bildikdə, dülgərliyə marağım oldu və evimdə olan mebelləri özüm yığdım. Öz cehizlərimi özüm düzəltmişəm. Mən uşaqlığıma görə Allahıma şükr edirəm. Çünki bu gün əldə etdiyim az-çox nailiyyətlərim varsa, onları uşaqlıq illərində qazandığım təcrübəyə borculayam”.
Həmsöhbətimiz hətta bir müddət rəssam kimi çalışıb. Amma tale elə gətirib ki, o, bu sənətinin ardınca gedə bilməyib: "Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasına daxil olmaq istədim. Amma o dövrdə böyüklərimizin arzusu, istəyi önəmli idi. İndi gənclər öz bildiyini edə bilir. Amma bizim dövr elə deyildi. O dövrdə valideyn sözü əsas tutulurdu. Anam dedi ki, sən rəssamlığı yox, memarlığı oxu. Anamın istəyi ilə memarlıq fakültəsinə daxil oldum, amma heç bir ay keçmədi, fikrimi dəyişdim. Təsəvvür edin ki, imtahanda əl işlərimə baxmışdılar, qabiliyyətdən dərhal keçdim. Amma bu sənətin ardınca gedə bilmədim. Bir günün içində fikrim dəyişdi. Sonralar Yasamal rayon Ağsaqqallar Şurasının sədri olmuş Həsən Nəsirov uzun müddət Ordubad rayon Kommunist Partiyasının birinci katibi olub. Təsadüfən onunla bircə görüşüm oldu. O məni tanıyırdı, rəssamlığa, musiqiyə, memarlığa həvəsimin olduğunu bilirdi. Məni Vahan kimi çağırırdı. Görüşdük, məni evinə apardı. Bir gecənin içində mənə dedi ki, Vahan, bu cür qabiliyyətlə sən onsuz da rəssamlıq sənətinə və başqa sahələrə yiyələnmisən. Mən hesab edirəm ki, sən gələcəkdə yaxşı polis əməkdaşı kimi çalışıb, yol polisi olacaqsan. Ani olaraq fikrimi dəyişdi. Anamla zəngləşdim və qərarımı dedim. Heç əlimə tələbə biletini almamış, sənətimi dəyişdim. O dövrdə Çingiz İldırım adına Politexnik İnstitutunun qiyabi şöbəsinə qəbul başladı, sənədlərimi ora verdim və avtomobil nəqliyyatı fakültəsinə qəbul oldum”.
Bakıya gəldikdən sonra yeni mühit, fərqli insanlar həmsöhbətimizi təəccübləndirib: "Problemlərim də elə burada başladı. Təsəvvür edin, Ordubadda yaşayanda Naxçıvanın kəndləri ilə müqayisədə özümüzü şəhər tərbiyəsi almış biri kimi təsəvvür edirdik. Bir pillə daha yüksək hiss edirdik. Ancaq Bakıya gəldikdə gördüm ki, Ordubadla Bakı arasında fərq çoxdur. Məsələn, Bakı ləhcəsi ilə danışan insanlara həsrətlə baxıb onlar kimi danışmaq istəyirdim, amma alınmırdı. Bakı camaatının spesifik gözəlliyi, xüsusi danışıqları var. Onların danışığı, ləhcəsi, hərəkəti insanlarda daxili müsbət enerji yaradırdı. Şəhərə alışdım. Amma iş tapmaq məsələsi gündəmə gəldi. Rayon başqa, şəhər başqa idi... Özüm-özümü saxlamaq məcburiyyətində idim. O dövrdə "Leytenant Şmit” adına Maşınqayırma Zavodunda iş tapdım. Zavodda yaxşı maaş alırdım. İlk 3 ay usta köməkçisi oldum. Sonra sərbəst işləməyə başladım. Neft sahəsi ilə bağlı detallar düzəldib verirdik. Maaşım orta hesabla 200-300 manat olurdu. Artıq evə də pul göndərirdim”.
"Amma bu sevincim uzun sürmədi. Hərbi xidmətə çağırış vərəqəsi gəldi. Hesab edirdim ki, ömrümün ən gözəl günlərini əsgərliyə gedənə qədər yaşadım. Hərbi xidmətdə Leninqrada, tikinti batalyonuna düşdüm. Hərbi xidmət bir az darıxdırıcı idi. Hərbi hissənin rəssamlıq işlərini görürdüm. Bir gün laboratoriyada çalışarkən təsadüfən 5-6 yaşlı göyçək qız yanımdan keçdi. Uşağın şəklini çəkdim. Sən demə, bu, hərbi hissə komandirinin qızı imiş. Şəkli götürüb atasını çağıra-çağıra getdi. Komandir məni çağırdı ki, sən rəssamsan? Yenə də rəssam olmağım məni ürəkləndirdi. Komandir dedi, mən sənə necə şərait yaradım? Dedim ki, polis olmaq üçün oxuyur, ali təhsil alıram, mənə şans yaradın, serjant məktəbinə gedim. Məni təyinatla Moskvaya göndərdilər. O dövrdə 6 aylıq serjant məktəbi keçdim. Mənə serjant rütbəsi verib Kareliyaya göndərdilər. Artıq əsgərlikdə ən məsuliyyətli dövrüm idi. Burada rəssamlıq keçmir. Orada artıq komandirəm və biz böyük bir tikintidə işləyirdik”.
Əsgərlikdən sonra köhnə işinə qayıdan həmsöhbətimiz, sonra Bakı Dövlət Universitetində rəssam kimi işləməyə başlayır: "Köhnə zavoduma qayıtdım. Təsadüfən bir elanla qarşılaşdım. Müsabiqədə deyilirdi ki, rəssamlığı bacaran institut tələbələri öz işini çəkib, müsabiqədə iştirak etsin. İştirak etdim və birinci yeri tutdum. Rektor məni universitetə dəvət etdi və dedi ki, bizdə rəssam işləyərsənmi? Təsəvvür edin, yenə də yetim bir uşağın birdən-birə bəxti açılır. Azərbaycan Dövlət Universiteti mənim üçün əlçatmaz zirvə idi. Tərəddüd etmədən qəbul etdim və işləməyə başladım. Universitetdə fəaliyyət göstərəndə həm kitablara illüstrasiyalar çəkir, həm də məzar daşlarının üz qabığına şəkillər döyürdüm”.
O dövrün gəncliyi ilə müasir dövrün gəncliyini müqayisə edən müsahibimiz deyir ki, indi gənc olmağa nə var: "O dövrü indiylə müqayisə edəndə görürəm ki, İlahi, nə qədər fərq var imiş. İndi gənc olmağa nə var ki... Oturduğun yerdən kompyuterlə Amerika ilə danışırsan. Mən Ordubada zəng vurub anamın, bacımın səsini eşitmək üçün saatlarla növbədə dayanırdım. Əlimizdə hazır 15 qəpik olurdu, atıb danışırdım. Amma o dövrdə biz tələbə bileti ilə yarı qiymətinə ölkələri gəzə bilirdik. Bu gün yaradılan şəraitdə, bu boyda texnikayla gənclərin tənbəlliyi məni narahat edir. Gənclərin əksəriyyəti tənbəldir. İndiki şərait o dövrdə məndə olsaydı, xarüqələr yaradardım. Bizim üçün yaşamaq, gəzmək, daim axtarışda olmaq qarşımızda duran məqsəd idi. Deməzdim, gəncliyimdə əziyyət çəkmişəm. Zövq alaraq yaşamışam. Allahın mənə verdiyi şanslardan məharətlə istifadə etmişəm. Həyatda hamıya şans verilir. Hər kəs bu şansları düzgün dəyərləndirməli və qarşısına məqsəd qoymalıdır. Gənclər bilməlidir ki, insanları biliyin, bacarığınla təəccübləndirməlisən”.