Azərbaycanın ən böyük Bankının mənfəətinin bölüşdürülməsinə qərar verildi - 10 illik fasilədən sonra bir ilk
11 oktyabr 2019-cu il tarixində "Ramada" otelində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
Bankdan "Marja”ya daxil olmuş məlumatda bildirilir ki, yığıncaqda bankın sağlamlaşdırılması prosesinin uğurlu nəticələri, Azərbaycan Beynəlxalq Bankının mövcud durumu, yeni inkişaf mərhələsində qarşıya qoyduğu strateji hədəflər barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, həyata keçirilən sağlamlaşdırma tədbirləri nəticəsində son illərdə bankın kapital mövqeyi, maliyyə dayanıqlığı, mənfəətliliyi təmin edilib və mənfəətlə çalışan bank olaraq Azərbaycan Beynəlxalq Bankı hazırda öz səhmdarlarına dividend ödəmək imkanındadır.
Toplantıda "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2018-ci ilin maliyyə hesabatı təsdiqlənib.
Həmçinin bankın törəmə investisiya şirkətinin yaradılmasına qərar verilib.
Ümumi yığıncaqda səhmdarları maraqlandıran bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb, suallar cavablandırılıb.