Azərbaycanda siqaret çəkənlərin statistikası

Azərbaycanda siqaret çəkənlərin statistikası

Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri də tütündür. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır. Hələ 1970-ci ildə Ümumdünya Səhiyyə Assambleyası ağ ciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olan siqaret çəkməklə bağlı dünyanın bütün səhiyyə orqanlarına müraciət edib. Problemə qarşı lazımi tədbirlərin görülməsinin vacibliyini bildirib.

Hazırda dünyada siqaret çəkənlər arasında əvvəlki illərə nisbətən qadınların da sayı getdikcə artmaqdadır.

Bəs, Azərbaycanda ümumi statistika nə yerdədir? Azərbaycanda daha çox qadınlar siqaretə meyillidir, yoxsa kişilər?

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin həkim metodisti Lətafət Dadaşova siqaretin ziyanları və siqaret çəkənlərin ümumi statistikası haqda məlumat verib.

O qeyd edib ki, dünyada 1 milyarddan çox insan siqaret çəkir.

"1 milyarddan çox siqaret çəkən insanların 80%-dən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. Çox təəssüflər olsun ki, hər il dünyada 7 milyondan çox insan siqaret çəkmə nəticəsində meydana gələn xəstəliklər səbəbi ilə həyatını itirir. Həmin 7 milyon insanın 10%-i, yəni 700 mini siqaret çəkənlər deyil, passiv tütünçəkən  (ətraf mühitə yayılan tütün tüstüsü ilə nəfəs alan insanlar) insanlardır. Bu, dünyada iş qabiliyyətli insanların əmək məhsuldarlığının itirilməsi və ölümü, insanların xəstəlikəri nəticəsində onların mülaicəsinə sərf olunan səhiyyə xərclərinin artması səbəbindən hər il 1,4 trilyon ABŞ dolları həcmində iqtisadi itkilərə səbəb olur. Həmçinin qlobal olaraq 13-15 yaşlı yeniyetmələrin ən azı 10%-i tütündən istifadə edir. Təəssüflər olsun ki, Avropada yeniyetmələrin 18%-i tütündən istifadə edir”.

Lətafət Dadaşova ölkəmizdə tütünçəkmədə kişilərin sayının qadınlara nisbətən daha çox olduğunu bildirib.

"Ölkəmizdə tütün çəkən kişilərin sayının hələ də yüksək olmasına baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə Azərbaycanda ümumiyyətlə, böyüklər arasında tütün çəkmənin azalma tendensiyası var. Yəni getdikcə azalma müşahidə olunur. Lakin bununla yanaşı passiv tütün çəkmə, yəni ətraf mühitə yayılan tütün tüstüsü ilə nəfəs alma Azərbaycanda da yüksəkdir. Yəni passiv tütün çəkmə dünyanın bütün inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da yüksəkdir”.

Lətafət Dadaşova ölkəmizdə tütün çəkənlərin statistikasını da açıqlayıb.

"Hələ Dövlət Statistika Komitəsinin 2017-ci il üçün verdiyi məlumata əsasən yaşı 15 yaşdan yuxarı olan kişilər arasında siqaret çəkmə təxminən 33,1% təşkil edir. Lakin həmin göstərici qadınlarda kişilərə nisbətən 100 dəfə azdır. Biz müşahidə edirik ki, Azərbaycanda qadınların kişilərə nisbətən siqaret çəkməyi dəfələrlə daha azdır. Lakin nəzərə alsaq ki, qadınlar məlumatın gizlədilməsinə meyillidirlər, bu statistikanı etibarlı hesab etmək olmaz. Yəni qadınlar siqaret çəkdiklərini daha çox gizlədirlər”.

Nazirlik nümayəndəsinin sözlərinə görə, kişilər arasında siqaret çəkmənin dəqiq statistikasına gəldikdə isə demək olar ki, 20 yaşdan 44 yaşa qədər kişilərin 26,4%-i siqaret çəkir.

"45 yaşdan 64 yaşa qədər kişilərin 50%-i, 65 yaşdan yuxarı kişilərin 36%-i tütün məhsullarından istifadə edir.

Lakin qeyd etmək lazımdır ki, biz 2017-ci ildə Azərbaycanda qeyri-infeksion xəstəlik amillərinin araşdırılması üzrə tədqiqat aparmışdıq, bu tədqiqatın nəticələrinə görə 18 yaşdan yuxarı əhali arasında tütünçəkmə göstəricisi 24% faiz təşkil etmişdi. Eyni zamanda həmin tədqiqata əsasən qadınlar arasında tütünçəkmə 0.2%, kişilər arasında isə 48,8% olub”. (Modern.az)


OXŞAR XƏBƏRLƏR