Cəmİyyət

Azərbaycanda marketlər vaxtı keçmiş qidaları müştəriyə necə sırıyırlar? - Qanunla qadağandır amma...

Azərbaycanda marketlər vaxtı keçmiş qidaları müştəriyə necə sırıyırlar? - Qanunla qadağandır amma...
Azərbaycanda fəaliyyət göstərən və öz çeşidilə müştəriləri cəlb edən marketlərdə qablaşdırılmamış hazır yeməklər də satılır. Özü də həmin yemək məhsulları açıq havada saxlanılmaqla satılır ki, bu fonda da onların istehlakı insan orqanizmi üçün ciddi fəsadlara gətirib çıxara bilər. Həmçinin, digər maraqlı cəhət qablaşdırılmamış satılan hazır yeməklərin üzərində istehsal və istifadə müddətilə bağlı tarixin qeyd edilməməsidir. Belə olan halda, marketlərdə satılan salatlar, toyuq yeməkləri yeni hazırlanmış olsa da, onun hazırlandığı məhsul sual işarəsi doğurur. Bu əsasda ehtimal edilir ki, həmin qablaşdırılmamış hazır yeməklər istehlak müddəti bitərək marketlərdən yığışdırılan məhsullardan hazırlanır. Yəni marketlər bu üsulla əslində vaxtı keçmiş qidaları müştərilərə sırıyırlar. 

Sfera.az-a açıqlamasında bu məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, qablaşdırılmamış hazır yeməklərin marketlərdə satışı qadağandır: 

"Nazirlər Kabinetinin qərarına görə, bazarda, marketlərdə satılan bütün ərzaq məhsulları, yeməkləri qablaşdırılmalıdır. Onların üzərində buraxılma tarixi, son yararlılıq müddəti, saxlanma şəraiti, istehsalçı firmanın adı, ünvanı və s. göstərilməlidir. Bunlar da ona görədir ki, həmin məhsul və yeməklərdən zəhərlənmə halları qeydə alınarsa, günahkarı tapmaq mümkün olsun. Lakin görürük ki, marketlərdə hazır yeməklər, konfetlər açıq satılır. Hətta dəqiq araşdırdıqda, açıq satılan bu məhsul və yeməklərin içərisində qurdlar tapmaq olar. Vaxtı keçən peçenyeləri yığaraq yenidən büküb satırlar. Eləcə də bu formada qablaşdırılmamış salatlar satılır. Qablaşdırılmamış yeməklərin satılması Nazirlər Kabinetinin 94 saylı qərarına ziddir və insanların tədricən kütləvi zəhərlənməsinə səbəb olan amillərdir”. 

Həmsöhbətimiz marketlərdə belə qanunsuz halların baş alıb getməsində prosesə nəzarət etməli olan Qida Təhlükəsizliyi Agentliyinin günahkar olduğunu dedi:  

"Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu işlərlə ciddi məşğul olmalıdır ki, Nazirlər Kabinetinin qərarı yerinə yetirilsin. Lakin məsələ ondadır ki, həmin məsələlərin qanun çərçivəsində həlli üçün bu qurumun fəaliyyəti zəruri olsa da, qənaətbəxş deyil. Cənab Prezidentin fərmanı ilə onlara böyük səlahiyyət verilib. Lakin buna baxmayaraq, hələ də verilən etimadı tam doğrultmayıblar".

E. Hüseynov istehlakçı hüquqlarını qoruyan qanunların zəif olmasını da sözügedən problemlərin yaranmasına səbəb olan başlıca amillərdən biri hesab etdi: 

"Market və digər satış məntəqələrində belə vəziyyət ona görə yaranır ki, istehlakçı hüquqlarını qoruyan qanunlar zəifdir. Bu qanunların yerinə yetirilməsinə cavabdeh olan dövlət orqanları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətsizliyinin nəticəsidir. 144 ştat üçün havayı əmək haqqı alsalar da, bu qurum dövlətinin istehlakçı hüquqları üzrə normal siyasətin qurulmasına hər hansı bir kömək əlini uzatmayıb. Onlar sadəcə belə hallara seyrçi mövqe sərgiləməklə kifayətlənirlər".

ELÇİN
Sfera.az
AdRiver

XƏBƏR LENTİ