Azərbaycanda hovuzlar necə təmizlənir?

Azərbaycanda hovuzlar necə təmizlənir?

Azərbaycanda həm istirahət mərkəzləri, həm də idman sağlamlıq komplekslərində fəaliyyət göstərən hovuzlardan kifayət qədər insan istifadə edir.

Hovuzlar insanların istirahəti üçün nə qədər önəmlidirsə, onların təmizliyi də bir o qədər vacibdir. Çünki dəniz suyu oksigenlə zəngin olduğu üçün dənizdə xəstəliyə yoluxma ehtimalı azdır. Dəniz suyunda duzun çoxluğu da infeksiyaya yoluxmanı azaldır. Lakin qapalı yerlərdə fəaliyyət göstərən hovuzlar atmosferdən kifayət qədər oksigen qəbul edə bilmir.

Mütəxəssislər hesab edirlər ki, dolu su hovuzlarının təmizlənməsi müəyyən prosedurlarla həyata keçirilməlidir. İlk öncə suyun PH səviyyəsi yoxlanılmalıdır. Hovuzların təmizliyi üçün istifadə olunan kimyəvi aktiv maddələr insan sağlamlığına heç bir zərər verməməlidir. Buna görə də hovuzların təmizliyi üçün cəlb edilən işçi qüvvəsi təcrübəli olmalıdır.

Bundan başqa, qapalı yerlərdə hovuza girməzdən əvvəl ayaqlar antiseptik su ilə dezinfeksiya olunmalı və duş qəbul edilməlidir. Neylon çimərlik geyimi və oxşar aksesuarlardan istifadə etmək, yaş çimərlik geyimində sahildə oturmaq olmaz, sudan çıxan kimi qurulanmaq lazımdır. Qulaqda hər hansı xəstəlik olanda qulaqcıq taxılması məsləhətdir.

"Qaynarinfo"nun məlumatına görə, ekspert Elmar Nurəliyev Trend-ə açıqlamasında bildirib ki, istirahət mərkəzləri və idman-sağlamlıq komplekslərindəki hovuzlardan axşam saat 20:00-dan sonra istifadə etmək qadağandır: "Həmin vaxtdan etibarən səhər saat 09:00-a qədər hovuz təmizlənməli, xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilməlidir. Azərbaycandakı müvafiq standartlara cavab verən istirahət mərkəzlərində bu qaydalara riayət olunur".

Ekspert bildirir ki, suyun tərkibinin yoxlanılmasını, çirklənmə səviyyəsinin hansı vəziyyətdə olmasını isə həmin hovuzun aid olduğu obyektin tibbi-sanitar hissələri, yaxud gigiyena və epidemiologiya mərkəzləri müəyyən etməlidir.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, istirahət mərkəzlərində qapalı və açıq havada fəaliyyət göstərən hovuzlara nəzarət etmək səlahiyyətləri yoxdur: "Bizim mərkəzin həmin istirahət mərkəzlərinə daxil olmaq ixtiyarımız yoxdur. Ona görə də biz həmin istirahət mərkəzlərində monitorinq keçirmirik. Həmin obyektlər sahibkarlıq subyektləridir və bu obyektlərə müdaxilə edə bilmirik. Həmin istirahət mərkəzlərinin özlərinin tibbi-sanitar hissələri olmalıdır və hovuzlarda suyun vəziyyətinə də onlar nəzarət etməlidir. İstirahət mərkəzlərində bu cür sanitar-tibb hissələri var və onlar birbaşa obyekt sahibinə tabedirlər. Onların əməkdaşlarının Səhiyyə Nazirliyinə və bizə tabeçiliyi yoxdur".

Z.Kazımov qeyd edib ki, hətta şikayət olacağı halda da Respublika Gigiyena və Epidemiologiya Mərkəzi aidiyyatı qurumlardan icazə aldıqdan sonra obyektə daxil ola bilər: "Şikayət daxil olandan sonra biz Ədliyyə Nazirliyinin Vahid Reyestr Sisteminə daxil oluruq. Əgər həmin sistemdən çıxarış vərəqəsi alsaq, o vərəqə əsasında obyektdə monitorinq keçirə bilərik".

Bakıda fəaliyyət göstərən və ən böyük su hovuzu olan Bakı Su İdmanı Sarayından bildirilib ki, onlarda fəaliyyət göstərən hovuzların suyu daimi təmizlənir: "Bizim hovuzlarda su dayanmır, daim dövr edir. Dövr edən su hər an xüsusi avadanlıqlarla filtrizasiya edilir və hovuzun suyu təmizlənir. Bundan başqa, Bakı Su İdmanı Sarayının hovuzlarındakı su hər gün xüsusi təmizləyici maddə ilə təmizlənir və bu da suda müxtəlif xəstəliklərin qarşısını alır".
 
Sfera.az

DİGƏR XƏBƏRLƏR