Azərbaycanda dollara tələbi minimuma endirən SƏBƏBLƏR TOPLUSU

Azərbaycanda dollara tələbi minimuma endirən SƏBƏBLƏR TOPLUSU

Azərbaycan Dövlət Neft Fondunun açıqladığı məlumata əsasən 2020-ci ilin may ayı ərzində valyuta hərraclarında 334 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Mayda valyuta satışı aprel ayı ilə müqayisədə 197,1 milyon dollar, yəni 37%azalıb.Apreldə 531,1 milyon dollarməbləğində vəsait satılmışdı.


Sfera.az xatırladır ki, Dövlət Neft Fondu tərəfindən mart ayında 1 milyard 928,3 milyon dollar, fevral ayı ərzində 543,4 milyon dollar, yanvar ayı ərzində 300,2 milyon dollar məbləğində vəsait satılıb. Ümumilikdə 2020-ci ilin yanvar-may ayları ərzində 3 milyard 637 milyon dollar dəyərində valyuta satılıb.

2020-ci il ərzində Fond dövlət büdcəsinə 6,676 milyard dollar transfert etməlidir. İlin ilk 5 ayının nəticəsinə əsasən Fond nəzərdə tutulan illik transfert vəsaitinin 54,47 faizini büdcəyə köçürüb.

 

Aprel və may aylarının nəticələri göstərir ki, ölkəmizdə martda dollarla bağlı yaranan ajiotaj, manatın ucuzlaşacağına dair formalaşan fikir aradan qalxıb. May ayında keçirilən hər hərracda dollara olan tələb 50-60 milyon dollar səviyyəsində olub ki, bu da aşağı tələb göstəricisidir.

 

Dollara tələbin azalmasına əhalinin, biznes dairələrinin devalvasiya gözləntilərinin aradan qalxması, ölkəmizə idxalın azalmasının, xarici turist səfərlərinin azalmasının, manat qıtlığı və kredit qoyuluşunun azalmasının ciddi təsiri var.

 

Əhali və biznes dairələrinin düşüncəsinə təsir göstərən əsas faktor neft qiymətlərinin yüksəlməsi üçün "OPEC+” çərçivəsində əldə edilən razılaşma və aprelin son günlərindən neftin bahalaşmasıdır. Neft qiymətləri aprelin ortalarında minimum həddə endi və Azərbaycanın ixrac etdiyi neftin dəyəri 15 dollara qədər düşdü. Amma aprelin sonlarından və may ayı ərzində neft davamlı bahalaşaraq qiymət 37 dollar səviyyəsinə çatdı. Azərbaycanın ixrac etdiyi neftin qiyməti bir ay ərzində 2,4 dəfə yüksəldi. Bu fakt əhali və biznes dairələri üçün müsbət mesaj oldu, manatın ucuzlaşacağına dair gözləntiləri xeyli aradan qaldırdı. Artıq belə bir fikir formalaşıb ki, mart və apreldə neft qiymətləri 15-20 dollar olanda manat ucuzlaşmayıbsa, qiymətlər 35-40 dollar olduqda heç bir halda ucuzlaşmayacaq. Belə bir qənaət ölkəmizdə əlavə dollar alışını xeyli azaldıb.

 

Əhalidə və biznes dairələrində dollara tələbi zəiflədən digər mühüm amil martda həddən çox dollar alışının baş verməsidir. Martda lazım olandan çox dollar əldə edildiyindən sonrakı aylarda əlavə alışlara ehtiyac yaranmayıb. Hətta mümkündür ki, neftin bahalaşması fonunda dollar satışı bir qədər də artsın və hərraclarda tələb bir qədər də aşağı düşsün.


Dollara tələbi formalaşdıran mühüm amillər arasında idxal və xarici səfərlər də var. Mart ayından sonra idxal azalmaqla bərabər tətbiq edilən karantin xaricə səfərləri də azaldıb. Hər iki amil dollara olan tələbi zəiflədib. İyundan ticarət müəssisələrinin fəaliyyətinə icazə verilməsinə baxmayaraq idxalda ciddi artımın olacağı gözlənilmir. İyunda xarici səfərlərə qoyulan məhdudiyyət də qalacaq. Hər iki amilin təsiri ilə iyunda da adıçəkilən sahələrdə dollara tələbin aşağı səviyyədə olacağını proqnozlaşdırmaq olar.

 

Dollara tələbi zəiflədən digər amillər arasında kredit qoyuluşunun zəifləməsi və manatla pul kütləsinin azalması da var. Hazırda banklar istər istehlak, istərsə də biznes kreditlərini azaldıb, kütləvi kreditləşmə yoxdur. Kreditlər çox olanda əhlinin və biznes dairələrinin ixtiyarında əlavə pul olur və bu vəsaitin bir hissəsi dollara çevrilir.

 

Manatla pul kütləsi də azdır. Mərkəzi Bank martda pul bazasını 12,11 milyarddan 10 milyarda qədər azaldıb. Apreldə də pul bazasının həcmi aşağı səviyyədə saxlanılıb. Bu göstərici ondan xəbər verir ki, ölkəmizdə manatın həcmində azalma var və dollar almaq üçün yetəri qədər vəsait yoxdur.

Sadalanan amillər aprel və may ayları ərzində dollara tələbi xeyli azaldıb. Növbəti aylarda dollara tələbin artmaması üçün neftin bahalaşması əsas şərtdir. Neft bahalaşdıqca, insanlarda və biznez dairələrində manata inamı gücləndirəcək, zərurət olmadıqda dollar alışı həyata keçirilməyəcək.

 

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR