Cəmİyyət

Azərbaycanda “dini müxalifət” planı: “hizbullah”çılar niyə “vicdan məhbusu” elan edilir?

Azərbaycanda “dini müxalifət” planı: “hizbullah”çılar niyə “vicdan məhbusu” elan edilir?
 

Aprelin 23-də ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizə üzrə koordinatoru Natan Seyls "Hizbullah”ın Azərbaycanda aktivləşməsinə dair təəccüblü açıqlama verdi. Bu açıqlamadan təxminən bir həftə sonra ABŞ-ın Beynəlxalq Din Azadlıqları Komissiyası (USCIRF) özünün sayca 20-ci illik hesabatında Azərbaycanda "şəriət rejimi” qurmaq istəyən və "Hizbullah” ideologiyasının daşıyıcıları olanları müdafiə edərək, "dini etiqad azadlığı pozulur” iddiasını irəli sürdü. Okeanın o tayında səsləndirilən hər iki iddianın bir-birinin tam əksi olması xüsusilə ABŞ-İran qarşıdurması və Vaşinqtonun Tehrana qarşı planları fonunda diqqət çəkir.

 

Hesab etmək olar ki, ABŞ "Hizbullah” təhlükəsi üzərindən regionda İranla bağlı qorxu atmosferini gücləndirir və Bakıya belə bir təhlükə haqqında mesaj verir. Bu, İrana qarşı regional ittifaqın yaradılması planının tərkib hissəsi kimi görünür. Azərbaycanın indiyə qədər İrana qarşı proseslərdə yer almadığını nəzərə alsaq, Vaşinqton bununla Bakıya "sən də təhlükədəsən” demək və dəstək qazanmaq niyyətindədir. Hərçənd, rəsmi Bakı Azərbaycanda mövcud dünyəvi quruluşu qorumaq üçün uzun illərdir regionun radikal dini dairələrinə qarşı mücadilə aparır və bunu Vaşinqtonda da yaxşı anlayırlar. Lakin "Hizbullah”ı təhlükə hesab edən ABŞ-da Azərbaycandakı eyni radikal düşüncənin daşıyıcılarının "vicdan məhbusu” elan edilməsi paradoksu nədən xəbər verir?


 

 

Hesabatı və onun müəlliflərinin bağlı olduğu təşkilatı araşdıranda "vicdan məhbusu” yarlığının hədəfini anlamaq mümkündür.

 

Hesabatda Gəncədə şəhər icra hakimiyyətinin başçısına sui-qəsddən "anlaşılmayan hadisə” olaraq bəhs olunur, Nardaran hadisələrini törədən və dünyəvi quruluşu "şəriət rejimi” ilə əvəzləmək istəyən "Müsəlman Hərəkatı Birliyi”nin üzvlərinin həbsi tənqid olunur.

 

1. Gəncədə sui-qəsd planını İranda fəaliyyət göstərən "Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstənin lideri Tohid İbrahimbəyli hazırlamışdı. İranın dini dairələrinə bağlılığını gizlətməyən bu şəxs uzun illərdir Azərbaycanda dünyəvi quruluşun dəyişdirilməsi istiqamətində çağırışlar edir. Gəncə hadisələrindən öncə ABŞ mediasında da "Azərbaycanda terror olması” ehtimalı ilə bağlı materiallar yayımlanmışdı və bu ehtimal reallaşdı. Dövlət məmuruna sui-qəsd olundu və radikal çağırışlar edildi. Azərbaycan dövləti milli təhlükəsizliyi qorumaq məqsədilə dünyəvi quruluşa qarşı təhdidi aradan qaldırdı. Bunu dünyanın dörd bir yanında terror adı altında hərbi əməliyyatlar keçirən ABŞ daha yaxşı anlamalıdır.

 

2. "Müsəlman Hərəkatı Birliyi”nin lideri Tale Bağırzadə və tərəfdarları Azərbaycanda "şəriət rejimi” qurmaq istədiklərini açıq şəkildə bəyan ediblər. Bu qruplaşmanın dövlətə qarşı terror çağırışlarını görmək üçün məxfi qrifləri qaldırmağa ehtiyac yoxdur, sosial şəbəkə və mediada bununla bağlı kifayət qədər faktlar var.


 

 

"USCIRF”-in Azərbaycana qarşı müdafiə etdiyi qruplar ABŞ-ın təhlükə hesab etdiyi "Hizbullah” ideologiyasının daşıyıcılarıdır və onların anti-ABŞ, anti-İsrail bəyanatları heç də Nəsrullahın leksikonunda seçilmir. Misal üçün, Tale Bağırzadə Azərbaycanda dünyəvi quruluşun təminatçısı rolunda çıxış edən hakimiyyəti "sionist rejimi” elan edərək, tərəfdarlarını açıq mübarizəyə səsləyir, regionda əlini öpdüyü dini dairələrin Vaşinqtona qarşı sərt bəyanatlarını dəstəkləyirdi. Mümkündür ki, Dövlət Departamenti məhz bu amillərə istinadən Azərbaycanı "Hizbullah”ın aktivləşdiyi ölkələr sırasına daxil edib. Buna rəğmən, "USCIRF”-in anti-ABŞ bəyanatları səsləndirən, Vaşinqtonun təhlükə olaraq gördüyü regionun dini dairələrinə bağlı olduqlarını gizlətməyən və Azərbaycanda "şəriət rejimi” qurmaq istəyənləri "vicdan məhbusu” kateqoriyasına daxil etməsi "Azərbaycana qarşı hansısa oyunların qurulduğuna” dair şübhələr yaradır.

Bu paradoks hər şeydən öncə onu təsdiqləyir ki, ABŞ-da Azərbaycandakı dini vəziyyətlə bağlı reallığa (dini etiqad azadlığının ən yüksək səviyyədə təmin edildiyini düşünənlərlə bunun əksini iddia edənlər) fərqli baxışlar var. "USCIRF”-in hesabatında ABŞ-da bir çox prezidentliyə namizədlərin dini məsələlər üzrə müşaviri olmuş din xadimi Coni Murun (Johnnie Moore) "Bu, sünni və şiə dindarların, katolik və rus pravoslav xristianların birlikdə ibadət etdiyi, yerli yəhudi icmasının bütün azadlıqlara və tam təhlükəsizliyə malik olduqları demək olar ki, başdan-başa müsəlman bir ölkədir” rəyinə yer verilməsi və "2018-ci ildə Azərbaycan hökuməti dini etiqad azadlığı məsələsinin müzakirəsinə doğru müəyyən pozitiv maraq göstərib” sözləri də bunu təsdiqləyir. O zaman sual yaranır: Vaşinqtonun təhlükə olaraq gördüyü "Hizbullah”ın ideologiyasını daşıyanlar niyə "USCIRF” tərəfindən "vicdan məhbusları” elan edilir?

 

Burada iki versiya önə çıxır:


 

Birinci: Azərbaycana təzyiq vasitəsi. Prezident İlham Əliyevin sonuncu əfv sərəncamı ilə adı hüquq müdafiəçilərinin siyahısına salınmış 50-ə yaxın şəxs cəzasının çəkilməmiş müddətindən azad olundu. Bu, Azərbaycana qarşı "siyasi məhbus” iddiaları irəli sürənlərin əl-qolunu bağlayır. Görünür, "siyasi məhbus” təzyiqlərinin ən yaxşı vasitə olduğunu düşünənlər ekstremistləri "vicdan məhbusu” elan etməklə, klassik yoldan davam etməyə cəhd göstərirlər. Bu, ilkin təəssüratın formalaşdığı versiyadır.

 

 

İkinci: kökləri daha dərinə gedən "dini müxalifət”in formalaşdırılması planı. Hesabatda qeyd olunan "ABŞ hökumətinə tövsiyə edilir ki, inanc azadlığını qrant kateqoriyasına və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin fəaliyyət sferasına daxil etsin, Milli Demokratiya Fondu Azərbaycanda dözümlülük və din azadlığına dair vətəndaş cəmiyyəti proqramlarına qrantlar ayrılmasına sövq edilsin” sözlərinin hədəfi budur:

 

– ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Milli Demokratiya Fondu Azərbaycanda dini sahəyə qrantlar ayırır, ABŞ səfirliyi isə fəaliyyət sferasına daxil edir, beləliklə, inanc azadlığı adı ilə "dini müxalifət” leqallaşdırılır. "USCIRF”in bağlı olduğu təşkilat və bu təşkilatın vaxtilə Azərbaycanda həyata keçirmək istədikləri fonunda da bu versiya güclənir.

 

NDI (National Democratic İnstitute, Milli Demokratiya İnstitutu). Hesabatı bu təşkilata bağlı olan "USCIRF”in nəzdindəki "United States on International Religious Freedom” (Birləşmiş Ştatların Dini Azadlıqları) hazırlayıb. NDİ-nin Azərbaycan nümayəndəliyi 2012-ci ildə Bakıda "facebook inqilabı”na cəhd etmişdi. Hətta 2004-cü ildə Ukraynada "narıncı inqilabın” kuratorlarından olan Aleksey Qriqoryevsin NDİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri kimi Bakıdakı inqilab cəhdinə 2 milyon ABŞ dolları xərclədiyinə dair məlumatlar da var idi. Azərbaycanın daxili işlərinə müdaxilə edən təşkilatın qeydiyyatı başa çatandan sonra ölkədə qalmasına şərait yaradılmadı.

 

 

Bu o zamanlar idi ki, Ağ Evdəki demokratlar "demokratik dəyişiklik” illüziyası ilə belə QHT-lərin milli ölkələrin daxili işlərinə qarışmaq cəhdlərini dəstəkləyir, onlardan təsir rıçağı olaraq istifadə edirdi və bu cür yanaşma Bakı-Vaşinqton xəttində dəfələrlə gərginliyə səbəb olmuşdu. İndi zaman dəyişib və Ağ Evdə ABŞ-ın milli maraqlarını illüziyalardan üstün tutan respublikaçılar əyləşib, bu yanaşma Vaşinqton-Bakı xəttində də münasibətlərin yüksək səviyyədə olmasına şərait yaradıb. Bu baxımdan, NDİ-yə bağlı qurumların ABŞ-ın təhlükə olaraq gördüyü "hizbullahçı” ideologiyasını leqallaşdırmaq istəyi və ABŞ hökumətinə Azərbaycanla bağlı verdiyi tövsiyələr okeanın o tayında Azərbaycanda etiqad azadlığının qorunduğuna dair fikir ayrılığının olduğu kimi, ABŞ milli maraqlarına yanaşmada da haçalanmanın mövcudluğundan xəbər verir. Əslində NDİ, USAİD kimi ABŞ-da mənzillənmiş, fəaliyyət traektoriyası beynəlxalq səviyyədə olan QHT-lərin Soros Fondu və digər qlobal dairələrin oyunçuları ilə zaman-zaman birgə hərəkət etməsi də burada Ağ Evin iradəsindən kənar planların qurulduğu versiyasını gücləndirir.

 

Plan Azərbaycanda siyasiləşmiş radikal dindarların müxalifət olaraq formalaşdırılmasıdır, hesabatda radikalların "vicdan məhbusu” elan edilməsi də buna hesablanıb. Ən maraqlı məqam isə AXCP sədri Əli Kərimlinin bu hesabata reaksiyası oldu.

 

"Gördünüz, həbs olunan dini fəalların "vicdan məhbusu” olduğunu deyirdik, ABŞ-ın hesabatı da bunu təsdiqlədi”, – AXCP sədri qeyd edir.

 

Onun bu münasibəti "haqlı çıxdıq” sevincinə bənzəsə də, bu cür qəbul etmək doğru olmaz, çünki prosesin Azərbaycan daxilindəki hissəsini Milli Şuranın həyata keçirdiyi aydın görünür. Və burada Əli Kərimlinin Qərbyönümlü olduğunu elan etməsinə rəğmən, İranın dini dairələrinə bağlı radikalları israrla müdafiə etməsinin səbəblərindən biri də ortaya çıxır.

 

 

– Təxminən 2005-ci ildən sonra AXCP dindar kəsimin dəstəyini qazanmaq istiqamətində fəaliyyətə başladı. Bunun üçün dindarların hüquqlarının pozulduğu iddiaları ortaya atılır və müdafiəçi qismində hərəkət edirdilər. Burada ana xətt həmişə boşalmış elektoratın dindarların hesabına doldurulması olub və bu gün də belədir. Lakin bu, həm də dindarların siyasiləşdirilməsi gedişi idi. Azərbaycanda İslam Partiyası (AİP) siyasi cameədə zaman-zaman aktivləşməyə cəhd etsə də, heç vaxt ciddi tərəfdar kütləsi olmayıb. Ölkədə dindarların siyasiləşməsi prosesi məhz AXCP-nin dindar kəsimin üzərinə oynamasından sonra genişləndi.

 

– 2013-cü ildə yaradılan Milli Şuraya AİP rəhbərlərinin və sonradan aktivləşəcək Tale Bağırzadənin də daxil edilməsi bu prosesin davamı kimi görünür.

 

– 2015-ci ildə T.Bağırzadə artıq özünü "dini lider” kimi görür və ölkədə dünyəvi quruluşa qarşı hərəkət planı hazırlayırdı. Bu prosesdə ən böyük dəstək AXCP-dən gəldi.

 

– Həmin il Nardaran hadisələri yaşandı, Bağırzadə və tərəfdarları həbs olundu, yenə ən ciddi dəstəyi AXCP verdi. Bağırzadənin həbsindən sonra radikal dini kəsim Əli Kərimlinin çətiri altında toplaşdı və Milli Şuranın mitinqlərində ön sıralarda dayandılar. AXCP sədri tribunadan artıq yeni "dini-siyasi lider” kimi xitab edirdi. Elə həmin tribunadan "mitinqə gəlməyənlər cəhənnəmdə cavab verəcəklər”, "O kəslər ki, bizimlə deyil, onlar cəhənnəm odunda yanacaqlar” kimi Yaxın Şərq xarabalıqlarında "siyasiləşmiş dindarların” şüarları eşidilirdi.

 

 

– Əli Kərimli Nardaran hadisələri zamanı "dini missiyanı” müavini Fuad Qəhrəmanlının çiyinlərinə yükləmişdi. Onun bu missiyanı Qəhrəmanlıya verməsinin səbəblərindən biri dövlət əleyhinə çağırışlar səsləndirməsi və həbs olunmasını təmin etməklə partiya daxilində əsas rəqibini sıradan çıxarmaq olsa da, burada radikal kəsimin dəstəyini Qəhrəmanlı üzərindən saxlamaq planı da əsas versiyalardan biri kimi görünür. Qəhrəmanlının həbsdən çıxan kimi "Hizbullah”ın özünə əsas istinad nöqtəsi seçdiyi Maidə sürəsinin 56-cı ayəsindən (Allaha, Peyğəmbərə və möminlərə iman gətirənlər (bilsinlər ki) şübhəsiz onlar Allahın hizbidir (camaat). Qalib gələcək olanlar onlardır) çıxış etməsi də bu ehtimalı gücləndirir.

 

– Və bu gün Əli Kərimli Gəncə hadisələri üzərində israrla dayanır, "Müsəlman Hərəkatı Birliyi”ni müdafiə edir, radikalları "siyasi məhbus” elan edir.

 

"Yolumuz avroatlantik məkana inteqrasiyadır” deyən bir siyasətçi niyə Qərbin təhlükə olaraq gördüyü regionun dini dairələrinə bağlı radikal ideologiyanın daşıyıcılarını müdafiə etsin?!

 

Tərəfdar toplamaq, radikal idealogiyanı ixrac edənlərdən dəstək almaq, iqtidara qarşı "hücum qalası” olaraq istifadə etmək. Bütün bu məqsədlər var, lakin ana hədəf məhz formalaşdırılmaqda olan "dini müxalifətin” lideri olmaqdır. Və hadisələrin analizi deməyə əsas verir ki, Azərbaycanda dinin siyasiləşməsi təbii yox, süni şəkildə həyata keçirilmiş prosesdir. Qlobal şəbəkənin "piyadalarından” olan NDİ-yə bağlı qurumun hesabatında çağırışlar da bu prosesin əsas mərhələlərindən biri hesab oluna bilər. Burada AXCP-nin bu şəbəkə ilə əlaqələri də diqqət çəkən detaldır.

 

Mümkündür ki, Azərbaycanda "dini müxalifət”in formalaşdırılması prosesi 2003-cü ildən sonra plan olaraq önə sürülüb və bu prosesi aparmaq AXCP-nin üzərinə qoyulub. AXCP-nin digər müxalifət partiyaları ilə daim qarşıdurmaya getməsi, bütün qüvvələri Milli Şuradan uzaqlaşdıraraq, məhz radikal dindarları müttəfiq seçməsi bu kontekstdə nə dərəcədə təsadüf ola bilər?! Bu prosesin birinci mərhələsi idi, sonrakı mərhələdə Tale Bağırzadənin rəhbərliyi altında radikalların siyasi səhnəyə çıxarılması həyata keçirildi və siyasiləşmiş dini kəsimin müəyyən qədər Əli Kərimlinin ətrafında toplanması təmin edildi.

 

 

Burada Bağırzadənin bağlı olduğu dini dairələrin əks-həmlələrinə dair müşahidələr də var, xüsusilə dini kəsimin Milli Şuranın mitinqlərində əvvəlki qədər aktiv iştirak etməməsi diqqət çəkir. Müşahidələr deməyə əsas verir ki, regiondakı dini dairələr radikal idealogiyanı Azərbaycanın siyasi cameəsinə transfer etmək məqsədilə AXCP-ni poliqon olaraq görürlər, lakin Əli Kərimli onların kriteriyalarına cavab vermir, buna görə də dini kəsim Milli Şuradan tədricən uzaqlaşdırılır. Bu dairələrin AXCP-də siyasi lider kimi Fuad Qəhrəmanlını gördükləri versiyası var, ikincinin, həbsdən sonra hizbullahçı ideoloq kimi çıxış etməsinin buradan qaynaqlandığı digər bir versiyadır.

 

ABŞ-da hazırlanmış hesabata bu kontekstdə baxanda hesab etmək olar ki, Azərbaycanda "dini müxalifət” formalaşdırmaq istəyənlər bu kəsimin İranın dini dairələrinə bağlı olmasını istəmirlər və hesabatda "Hizbullah” idealogiyasının daşıyıcılarının "vicdan məhbusu” elan edilməsi də regionun dini dairələrinin gedişinə qarşı əks-həmlədir. Hədəf radikal idealogiya daşıyıcılarının imicini yumşaltmaq və "azadlıq mücahidi” kimi göstərməkdir.

 

Niyə "dini müxalifət?”: Bütün bu proseslərin özündə daxili və regional faktorları əks etdirən ana sualı budur.

 

Daxili faktor: Müxalifətin sosial dayaqlarının zəifləməsi Qərbdə bəlli dairələrin Azərbaycanda həyata keçirmək istədikləri planlarının ard-arda iflasa uğraması ilə nəticələndi. Ən sonuncu uğursuz cəhd məhz 2012-ci ildə NDİ-nin "facebook inqilabı” idi. Bunun əsas səbəbi iqtidarın cəmiyyətdəki dayaqlarının güclü olmasıdır, lakin müxalifətin zəifliyi və daxili çəkişmələri də xaricdən idxal olunan oyunların meydanını daraldır. Ölkə daxilində gücsüz alternativin olması həm də rəsmi Bakıya təzyiq rıçaqlarını məhdudlaşdırır. "Dini müxalifətin” formalaşdırılması da məhz siyasi müxalifətin zəif tərəflərini sığortalamaq və Azərbaycanda hakimiyyətə təzyiq rıçağı əldə etməkdir.


 

Yaxın Şərq təcrübəsi təsdiqləyir ki, siyasi müxalifətdən fərqli olaraq dini müxalifət daha radikal və uzlaşması mümkün olmayan qüvvələrdir. Bu, zaman-zaman ekspertlərin və siyasilərin gündəmə gətirdiyi "Azərbaycanı Suriyaya çevirmək” niyyətlərindən xəbər verir.

 

Azərbaycanda dindarların siyasiləşməsi prosesinin 2003-cü ildə "küçə döyüşləri” planının baş tutmamasından sonra başladığına diqqət yetirəndə də aydın olur ki, "dini müxalifət” planı ehtiyat variant kimi hələ o dövrdən hazırlanırmış. Və bu gün həmin ehtiyat variantın üzə çıxarılmasına start verilir.

 

 

Regional faktor: Tramp Administrasiyası İranla nüvə anlaşmasını birtərəfli ləğv etdi və Tehrana qarşı sanksiyaları yenidən tətbiq etməyə başladı; Vaşinqton-Tehran xəttində qarşılıqlı hücumlar getdikcə artır; son olaraq, aprelin 8-də SEPAH ABŞ tərəfindən xarici terror təşkilatları siyahısına daxil edildi; aprelin 23-də Dövlət Departamenti Azərbaycanı "Hizbullah”ın aktivləşdiyi ölkələr siyahısına daxil etdi; aprelin 30-də "Hizbullah” ideologiyasının daşıyıcıları "vicdan məhbusu” elan edildi;

 

Hadisələrin inkişafı Dövlət Departamentinin açıqlaması ilə "USCIRF”in hesabatı arasındakı paradoksun əslində İrana qarşı gələcək planda regionu poliqona çevirmək hədəfinə hesablandığını ehtimal etməyə imkan verir.

 

– "Hizbullah” ideologiyasının daşıyıcıları "vicdan məhbusu” adı altında siyasiləşdirilir, "dini müxalifət” siyasi müxalifətin önünə keçir və gələcəkdə "Azərbaycanda terrora dəstək verən siyasi qüvvələr var” tezisi ilə siyasi və digər müdaxilələrə əsas yaradılır.

 

Və görünür, bu oyunda okeanın o tayında qlobal şəbəkəyə bağlı qüvvələrlə Azərbaycanın siyasi cameəsində yer alanlar eyni "topa oynayırlar”. Bu baxımdan, "USCIRF”-in hesabatında radikalların "vicdan məhbusu” elan edilməsi və ABŞ hökumətinə verilən tövsiyələr heç də insan haqlarının müdafiəsindən qaynaqlanmır…

 

Asif Nərimanlı

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031