Azərbaycanda da “donuz qripi” yayıla bilər? - TƏHLÜKƏ

Azərbaycanda da “donuz qripi” yayıla bilər? - TƏHLÜKƏ
"Azərbaycanda "donuz qripi" ilə bağlı epizodik durum sabitdir”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Gürcüstanda "donuz qripi” ilə bağlı yaranmış gərgin vəziyyətin hələ də davam etməsi fonunda onun ölkəmizə də təsirləri barədə danışarkən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib:
 
"Mütəmadi olaraq donuzçuluq təsərrüfatlarına baxış keçirilir, monitorinqlər aparırıq. donuzların qara yara və Afrika taununa görə peyvəndləmə işi də aparılır. Ölkəmizdə heyvanlar arasında "donuz qripi" və digər yoluxucu xəstəliklərə görə epizodik vəziyyət sabitdir. Hazırda ölkədə təxminən 7 min baş donuz saxlanılır. Tapşırıq vermişik ki, donuzlar həmin təsərrüfatlarda qapalı şəkildə saxlanılsın”.
 
Səhiyyə Nazirliyi də Azərbaycanda mövsüm ərzində "donuz qripi"nə yoluxma halına rast gəlinmədiyini bəyan edir. Bunu saytımıza açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib:
 
"Sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkə üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlər həyata keçirilir. Tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olunduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya Mərkəzlərinə məlumat verilir, şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, habelə respublikanın şəhər və rayonların Gigiyena və Epidemiologiya Mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib. Ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında "donuz qripi" xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib”.
 
P. Abubəkirovun sözlərinə görə, Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub. Amma onların heç birində "donuz qripi" aşkarlanmayıb”. Qeyd edək ki, Gürcüstanda "Donuz qripi” adlandırılan H1N1 virusu ilə bağlı narahatlıq artmaqdadır. Son məlumatlara görə, Gürcüstanda H1N1 virusuna yoluxmadan artıq 10 nəfər ölüb. Donuz qripinə yoluxanların sayı isə 160-ı keçib. Bu virusla bağlı Tiflisdə beş ilkin tibbi yardım müəssisəsi fövqəladə iş rejiminə keçib. Gürcüstanın Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək qripin ilk simptomları yaranan kimi dərhal həkimə müraciət etməyə çağırıb.
 
Qeyd edək ki, Azərbaycan qonşu Gürcüstanla gediş-gəlişin sıx olduğu ölkələrdəndir. Bu mənada sözügedən təhlükənin ölkəmizə də keçməsi ehtimalı heç də istisna edilməməlidir.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR