AdRiver
Azərbaycanda bu xəstəliklərdən ölüm halları azalıb

Azərbaycanda bu xəstəliklərdən ölüm halları azalıb

 Azərbaycanda talassemiya və hemofiliya irsi qan xəstəliklərindən ölüm halları azalıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

O qeyd edib ki, Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə bu xəstəlikdən ölüm göstəricisi 5 dəfə azalıb: "Hazırda 3100 xəstə bu Mərkəzdə daimi müalicə alır. Onlardan 2977 nəfəri talassemiya xəstəsidir. 2017-ci ildə Respublika Talassemiya Mərkəzində 1 nəfər kəskin leykoz, 1 nəfər aplastik anemiya, 10 nəfər böyük beta-talassemiya xəstəsi olmaqla, ümumilikda 12 nəfər üzərində ilik transplantasiyası əməliyyatı aparılıb".

Şöbə müdiri bildirib ki, nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinəsi barədə Prezident İlham Əliyevin təşəbbüsü talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət kəsb edir: "Belə ki, ötən il ərzində 130 minə yaxın insanın qan nümunəsi müayinədən keçirilib. Onlardan 3 611 nəfərdə talassemiya daşıyıcılığı, 103 nəfərdə İİV infeksiyası, 422 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Müayinə olunanlar arasında har ikisi talassemiyalı 38 cütlük müəyyən edilib. Onlardan hamilə qalan 24 qadından götürülən döl materialının müayinəsi nəticəsində 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkarlanıb".

G.Poladov deyib ki, hazırda qeydiyyatda olan 1 583 hemofiliyalı xəstəyə Dövlət Proqramı çərçivəsində göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, faktor preparatları ilə davamlı təminat nəticəsində onların həyat keyfiyyəti yaxşılaşıb və bu xəstəlikdən ölüm halları azalıb.

DİGƏR XƏBƏRLƏR


---