Azərbaycanda bu şəxslərin koronavirusa yoluxma ehtimalı sıfra bərabərdir!

Azərbaycanda bu şəxslərin koronavirusa yoluxma ehtimalı sıfra bərabərdir!
 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər çərçivəsində ötən gecə təkcə bir postdan Bakı istiqamətində gələn 470-ə yaxın nəqliyyat vasitəsinin geri qaytarıldığını açıqlayıb.

Hələ 17 mart tarixindən Nazirlər Kabineti yanında Operativ Qərargah 19 mart saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının martın 29-dək dayandırıldığı barədə qərarı açıqlamışdı.

Bu postların Bakı-Ələt-Astara yolunun 65-ci, Bakı-Quba yolunun 45-ci və Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində quraşdırılmağa başlanıldığı, martın 19-u saat 00:00-dan etibarən həmin istiqamətlərdən Bakı, Sumqayıt və Abşeron ərazisinə daxil olan avtomobillər və sərnişinlərin saxlanılaraq yoxlanılacağı bildirilmişdi. Avtomobil nömrə nişanı Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olmasına baxmayaraq, həmin avtonəqliyyat vasitələri də postlarda saxlanılacaq və onların sərnişinlərinin qeydiyyat yerinin dəqiqləşdiriləcəyi vurğulanmışdı.

Kifayət qədər aydın, sadə, məntiqli cümlələrlə, bir o qədər həyati vacib səbəbdən 3 gündür ki, televiziya kanalları, xəbər saytları, sosial şəbəkələr – Kütləvi İnformasiya Vasitələrinin bütün mümkün sahələrindən elan olunan bu xəbərlərə məhəl qoymayan 500-ə yaxın avtomobil sürücüsünün hansı sürüyə qoşularaq karantinə alınmış bölgəyə girmək cəhdindən doğan sual bütün vücudumu azı 7 bal gücündə zəlzələ şiddəti ilə silkələdi. Beynimdə vulkanlar fışqırdı. Materikləri boşqab çatlağı kimi ortadan iki yerə bölən seysmik xətlər misalı əsəbdən iki yerə bölündüm.

İlahi, bu nə umursamazlıqdır? Bu hansı şiddətdə bir cahillikdir? Bu necə bir dünyadanqopuqluqdur? Hansı məntiq, hansı səbəb, hansı ağıl insanları belə bir yola çıxmağa vadar edə bilər? Sonunun bağlı olacağını bilə-bilə kilometrlərlə uzanan bu yollara çıxmaq fikri hansı beyin sahibindən çıxa bilər? Bu insanlar həyatlarını hansı məntiq əsasında qururlar? Hansı xəyallarla gələcəyə ümid edirlər?

Maşallah hər kəsin evində adambaşına 2 smartfonun düşdüyü bir zəmanədə yaşayırıq. Ola bilməz ki, bu qədər insanın bu məlumatlardan xəbəri olmasın. Xüsusilə, dünyanın təhlükə siqnalları çaldığı bir dövrdə yola çıxmaq istəyən hər kəs, əlbət ki, gözdə qulaqda olur. Hətta örüşdən qayıdan çobandan belə təzə xəbər almağa çalışır.

Bu insanları yola çıxaran səbəb xəstəlik olsa desəm, 500 insanın hamısımı xəstə oldu? Toy yox, yas yox, paytaxta bal tökməyiblər. Bəlkə məşhur "La Casa De Papel” serialındakı kimi Bakıya da zeplinlərlə göydən dollarlar tökülür, biz canımızın dərdinə düşüb özümüzü evə qapadığımız üçün çöldən xəbərimiz yoxdur?

Bəlkə dünyadan xəbəri olmayan elə bizik?

Bütün dünyanın tikan üstündə oturduğu bir zamanda, ananın balaya, xəstə qocaların ölüm yatağında son sözünü demək istədiyi doğmasına, həkimlərin yataqlarına həsrət qaldığı bir dönəmdə bu necə bir laqeydlik ola bilər?

Bütün dünya ölkələri hətta ən vacib təyyarə, qatar reyslərini təxirə saldığı, helikopterləri ambulanslara çevirdiyi bir zamanda heç bir şey olmamış kimi yola çıxmaq necə bir rahatlıq istəyir insandan?

Yollarda qurulan postlarda saxlanılan avtomobilləri geri qaytarmaq yox, təcili ətrafdan izolyasiya edib ən son model karantin hücrələrində saxlamaq lazımdır. Həm də ömürlük! Onlara yemək yerinə ultrabənövşəyi şüalarla xüsusi məlumatlar yüklənmiş həblər vermək lazımdır.

Bu məntiqin sahibi olan insanları nəinki koronavirus kimi pandemiya, heç ballistik raket də saxlaya bilməz. Hətta düşünürəm ki, bu insanların bu məntiqlə koronavirusa yoluxmaq ehtimalı da sıfra bərabərdir.

Olan elə vəziyyəti ciddi qəbul edənlərə olacaq, deyəsən…

(publika.az)


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bununla bağlı liseydə təhsil alan şagirdlərin valideynlərinə məktub göndərili...

Siyavuş Novruzov TƏKLİF ETDİ: "Onlar da nəzərə alınsın" 

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...