Azərbaycan və Rusiya arasında saziş imzalandı

Azərbaycan və Rusiya arasında saziş imzalandı

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 6-8 iyun 2019-cu il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir. 

"Yeni Sabah” xəbər verir ki, 1997-ci ildən etibarən keçirilən, qabaqcıl platformaya çevrilmiş Forum iqtisadi baxımdan dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir və 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir. Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Forumda tədbirlər ənənəvi olaraq panel sessiyalar, dəyirmi masalar, televiziya verilişləri və Rusiyanın müxtəlif ölkələrlə əlaqələrinə həsr olunmuş biznes dialoqları şəklində həyata keçirilir. Bu il keçirilən Forum çərçivəsində "Tarazlıq axtarışında qlobal iqtisadiyyat”, "Rusiya İqtisadiyyatı: Milli İnkişaf Məqsədlərinə nail olunması”, "İlk növbədə insanlar”, "Gələcəyi formalaşdıran texnologiyalar” kimi 4 əsas tematik istiqamətdə işgüzar müzakirələr, ikitərəfli biznes dialoqlar, B20 Regional Məsləhətləşmələr Forumu və başqa tədbirlər təşkil edilib.

İyunun 7-də Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev  23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşüb.

Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri, siyasi iradəsi və qarşılıqlı səfərləri sayəsində ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və əlaqələrin bütün istiqamətlərdə inkişaf etdiyini vurğulayıb. Bu baxımdan ötən ilin sentyabrında Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri, aparılmış danışıqlar, səfər zamanı imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Ötən il Rusiya ilə ticarət dövriyyəsi 19% artaraq 2,5 milyard dollar çatıb. Artım tendensiyası 2019-cu ildə də davam edir. Belə ki, bu ilin 1-ci rübündə ticarət dövriyyəsi 23% artıb. Şahin Mustafayev bildirib ki, investisiya sahəsində qarşılıqlı əməkdaşlıq həyata keçirilir, birgə layihələr icra olunur. Bu ilin əvvəlində Hacıqabul Sənaye Məhəlləsində "QAZ Qrup” şirkəti ilə əməkdaşlıq haqqında saziş imzalanıb və "QAZ” markalı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. 

Şahin Mustafayev vurğulayıb ki, Azərbaycanla Rusiya Federasiyasının federal subyektləri, o cümlədən Sankt-Peterburq vilayəti arasında iqtisadi əməkdaşlıq inkişaf edir, iqtisadi-ticarət əlaqələri genişlənir. 2018-ci ildə Sankt-Peterburq vilayəti ilə ticarət dövriyyəsi 7,3% artıb. Bununla belə, iqtisadi əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün potensial böyükdür.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyasının Leninqrad vilayəti Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişdə təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin, qarşılıqlı ərzaq məhsulları sərgilərinin, birgə yarmarkaların təşkili, texnika və elm sahəsində əlaqələrin gücləndirilməsi, təhsil, elm, səhiyyə və mədəniyyət, turizm, idman, gənclər sahələrində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələrin qurulması və s. məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın "Roskonqres” Fondu arasında əməkdaşlıq haqqında saziş də imzalanıb.


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...