Azərbaycan şərabı və xalçası Bolqarıstanda

Azərbaycan şərabı və xalçası Bolqarıstanda

"Made in Azerbaijan” brendinin Bolqarıstanda tanıdılması və təşviqi məqsədilə cari ilin 28-30 iyul tarixində Bolqarıstanın Burqas şəhərində keçirilmiş "Wine Fest Burgas 2017” şərab festivalında ölkəmizin Bolqarıstandakı Səfirliyi tərəfindən Azərbaycan istehsalı olan şərabların təqdimatı və dequstasiyası təşkil edilib.

Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də "Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib, "Gəncə Şərab-2” şirkətinin istehsalı olan "Hillside” qırmızı quru şərabın 2017-ci ilin fevral ayında Bolqarıstanın ən nüfuzlu tədbirlərindən olan "Vinaria” şərab müsabiqəsində gümüş medala layiq görüldüyü ziyarətçilərin diqqətinə çatdırılıb. 30 şərab istehsalçısı tərəfindən 200-dən çox şərabın təqdim edildiyi bu tədbirdə Azərbaycanın yerli üzüm növü olan "mədrəsə”dən hazırlanmış "İvanovka bağları.1954.Mədrəsə” və "İvanovka bağları.1954.Kəmşirin” adlı şərablar böyük maraqla qarşılanıb.

Şərab festivalı ilə bərabər, eyni məkanda açıq havada "Xalça Yolu” adlı xalça festivalı keçirilib. Festivalda Azərbaycan xalçaları da nümayiş etdirilib, tədbir iştirakçıları Azərbaycan xalçalarının xüsusiyyətləri barədə məlumatlandırılıbr. Xalçaçılıq üzrə Azərbaycanın əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionlarının ixtisaslaşdığı, hər regionun xalçalarının naxış, kompozisiya və rəng çalarlarına görə fərqləndiyi, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələrin daha sıx yerləşdiyi və bu səbəbdən onların daha uzun istifadə müddətinə malik olduğu tədbir ziyarətçilərinin diqqətinə çatdırılıb. Festivalda Azərbaycan ilə yanaşı Bolqarıstan, İran, Mərakeş, Pakistan və Cənubi Amerika regionunun xalçaları nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın xalçaçılıq sənəti silsilə olaraq Bolqarıstanın müxtəlif regionlarında tanıdılmaqdadır. Belə ki, Azərbaycan xalçaları Burqas şəhərindən əlavə cari ilin 23-25 iyun tarixində Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilmiş "Adət-ənənələrin canlı alovu” adlı festivalda, həmçinin 15 iyun-30 iyul 2017-ci il tarixində Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində keçirilmiş "Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş etdirilib.


Sfera.az

OXŞAR XƏBƏRLƏR