“Azərbaycan naxışları” sərgisi açıldı - FOTO

“Azərbaycan naxışları” sərgisi açıldı - FOTO

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Əli Əliyevin "Azərbaycan naxışları” adlı fərdi rəsm sərgisi açılıb.

Sfera.az-ın oxu.az-a istinadla məlumatına görə, sərgidə rəssamın 90-a qədər sənət əsəri yer alıb. 

Sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilib.

 

Tədbirdə çıxış edən Ə.Əliyev bildirib ki, işləri əsasən natürmort-mənzərə janrında iriölçülü kompozisiyalardır:

"Bu kompozisiyalar əsasən milli məişət üslubunda, etnoqrafik səpkidə, real və özünəməxsus janrdadır. Qrafika, qrafiki dizayn, illüstrasiya, kitab-jurnal tərtibatı janrlarında, eləcə də müxtəlif monumental dizayn və tərtibat sahələrində çalışıram. Əsərlərim bəzi dövlət idarələri və şəxsi kolleksiyalarda saxlanılır”.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılığından və sərginin əhəmiyyətindən söz açıb:

"Bu gün Əli Əliyevin sayca ikinci olan bu fərdi sərgisində maraqlı əsərlər yer alır. Bu əsərlərin içində təbiət mövzusunda natürmortlar da var. Rəssamın burada nümayiş olunan rəngkarlıq janrında olan əsərləri onun yaradıcılıq və sənətə olan bağlılığını əyani şəkildə göstərir”.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev sərgidə təqdim olunan sənət əsərlərinin məna və məzmun baxımından dolğun olduğunu qeyd edib:

"Rəssamın ənənəvi qəbul olunan, müasirliklə əlaqəli olan əsərləri zəngin yaradıcılığı özündə ehtiva edir. O, natürmortla ən dərin və mükəmməl mövzuları əhatə edir. Ona yeni yaradıcılıq uğurları arzulayır, sərgi münasibətilə təbrik edirəm”.

Əməkdar incəsənət xadimləri Rafiq Kərimov və Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov çıxış edərək rəssamın yaradıcılığından bəhs edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. 

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq.

 


OXŞAR XƏBƏRLƏR