Azərbaycan MDB-də işsizlərin az olmasına görə liderdir-bunu şərtləndirən səbəblər…

Azərbaycan MDB-də işsizlərin az olmasına görə liderdir-bunu şərtləndirən səbəblər…
"Özünüməşğulluq siyasəti, özəlləşməsinin sürətlənməsi, torpaqların əhaliyə verilməsi, müxtəlif təsərrüfat formalarının yaradılması və inkişafı, aparılan islahatlar ölkəmizdə işsizlik məsələsinin həllində həlledici rol oynayıb”

Sfera.az-a açıqlamasında bu sözləri MDB Dövlətlərarası Statistika Komitəsinin Azərbaycanın işsizlərin sayına görə MDB-də ən az olmaqla daha yaxşı göstəriciyə malik olması barədə rəyi və bu uğuru şərtləndirən amillərdən danışarkən iqtisadçı alim Əli Əlirzayev deyib: 
 
"Azərbaycanda  bildiyiniz kimi, işsizliyin aradan qaldırılması, biznes mühitinin daha da yaxşılaşdırılması, iqtisadi inkişafa, xüsusən də qeyri-neft sektorunun inkişafına yönəlik bir sıra vacib islahatlar həyata keçirilib. Ölkəmizdə işsizliyin aradan qaldırılması ümumiyyətlə strateji və prioritet məqsəd olaraq qarşıya qoyulub. İşsizliyin səviyyəsinin azaldılması üçün yalnız dövlət müəssisələrinin olması da hökmən deyil. Özəlləşmənin sürətli inkişafı, torpaq islahatları, ailə təsərrüfatları, ona verilən dotasiyalar subsidiyalar, bu sahəyə göstərilən qayğı və himayəçilik, son zamanlar həyata keçirilən özünüməşğulluq siyasəti, kiçik sahbkarlığın inkişafına yönəlik dəstək proqramları, bütün bunlar hamısı birlikdə ölkəmizdə işsizlik səviyyəsinin aşağı olmasına gətirib çıxarıb. Burada ölkəmizdə yaşayan əhalinin öz xüsusiyyəti də mühüm rol oynayıb. Belə ki, Azərbayan xalqı qədimdən həmişə ev təsərrüfatı ilə məşğul olmağı sevən xalqdır ki, bu da milli iqtisadiyyatımızın bir hissəsidir. Yəni bizim xalq təsərrüfata bağlı xalqdır. Verilən subsidiyalar, kreditlər, faizlərin azaldılması istiqamətində görülən işlər, yaradılan yeni təsərrüfat formaları, sənaye parkları və məhəllələri də həmin işə öz töhvəsini verir. Azərbaycanın kənd təsərrüfatı məhsulları, subtropik meyvələri rahat şəkildə xaricdə satılır. Bu mənada kənd təsərrüfatı məhsulları üzrə artımın baş verməsi də məşğulluğun artımına gətirib çıxarıb. Dediyim kimi, işsizliyin aradan qaldırılması ölkəmizdə bir nömrəli prioritet məsələdir. Burada özünüməşğulluq, özəlləşməsinin sürətlənməsi, torpaqların əhaliyə verilməsi, müxtəlif təsərrüfat formalarının yaradılması və inkişafı, aparılan islahatlar məsələnin həllində həlledici rol oynayıb. Struktur islahatları həyata keçdikcə də yeni-yeni iş yerləri açılır. Bütün bunların nəticəsidir ki, Azərbaycan MDB mənakında işsizlərin sayına görə ən az miqdara malik olan ölkələr sırasında yer alıb”.

Qeyd edək ki, MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, Azərbaycan işsizlərin sayı baxımından MDB-də daha yaxşı göstəricilərdən birinə malik olmaqla ən az işsizi olan ölkələr sırasında yer alıb. Belə ki, Azərbaycanda işsizlərin sayı 5 faizdən də azdır. MDB-nin digər dövlətlərində isə bu göstərici daha yüksəkdir. MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə ötən il dekabrın sonunda MDB ölkələrində 1365,1 min işsiz olub. Azərbaycan isə işsizlərin sayına görə MDB-də ən aşağı səviyyədə olanlar sırasındadır, cəmi 20,1 min nəfər. Tacikistanda işsizlərin sayı 51,8 min, Ermənistan 64,6 min, Qırğızıstanda 70,9 min, Qazaxıstanda 91,6 min, Ukraynada 341,7 min, Rusiyada isə 693,2 min nəfər təşkil edib.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR