Gündəm

Azərbaycan «fəhlə» nazir və deputatları – "Tikişçi" də var, "yükdaşıyan"da

Azərbaycan «fəhlə» nazir və deputatları –
 

İlk iş yeri və ilk maaş heç vaxt unudulmur. İstər nazir olasan, deputat, istərsə də adi sıravi vətəndaş…

Hazırda kariyerasının zirvəsində, nazir postunda olan məmurların ilk iş yerləri yəqin ki, hər biriniz üçün maraqlı olar.

Nə qədər qəribə də olsa, onların arasında ilk iş yeri fəhlə olanlar da az deyil.

Əmək fəaliyyətinə fəhlə kimi başlayan Azərbaycanın yüksək rütbəli məmurları ilə bağlı araşdırma aparmışıq.

Beləliklə başlayaq:

Milli Məclisin sədri Oqtay Əsədovun ilk iş yeri kimi tərcümeyi-halında Bakı Məişət Kondisionerləri zavodu göstərilir. 1955-ci il təvəllüdlü spiker 19 yaşında bu zavodda usta köməkçisi işləyib.

Baş Nazirinin birinci müavini Yaqub Eyyubov əmək fəaliyyətinə leyt.Şmidt adına zavodda tornaçı kimi başlayıb. Bu Y.Eyyubovun tələbəlik illərinə, Azərbaycan Politexnik İnstitutunda oxuduğu dövrə təsadüf edib.

Baş Nazirin digər müavini Əli Həsənovun ilk iş yeri usta köməkçiliyi olub. "Azərneftkimyaquraşdırma” Tresti Sumqayıt Quraşdırma İdarəsində fəaliyyətə başlayan gələcək məmur qısa müddət sonra usta olub.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ali məktəbi bitirdikdən sonra neft daşlarında işləməyə başlayıb. Burada sıravi işçidən mühəndis vəzifəsinə qədər yüksəlməyi bacarıb.

Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Səfər Mehdiyev 17 yaşından işləməyə başlayıb. Doğulub boya-başa çatdığı Naxçıvanın Nehrəm kənd kolxozunda fəhlə işəyib. Bu fəaliyyəti universitet illərinə qədər davam edib.

Bu məqamda qeyd edək ki, uzun müddət yüksək dövlət vəzifələrində çalışmış sabiq nazirlər arasında da vaxtilə fəhlə işləyənlər az olmayıb.

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov  19 yaşında Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi işləyib. Ardınca bu qurumda daha yüksək vəzifələr daşıyıb.

Keçmiş Kənd Təsərrüfatı naziri, hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasına rəhbərlik edən Heydər Əsədov ali məktəbdə oxuduğu dövrlərdə müxtəlif tikintilərdə fəhləlik edib.

Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov Nəvahi «AES»-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. O zamanlar onun 22 yaşı var idi.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 1982-1984-cü illərdə Yevlax şəhər yol tikinti idarəsində fəhlə, təmirçi və Gəncə Tikiş Fabrikində usta işləyib.

Milli Məclisdə təmsil olunan deputatlar arasında da çətin sınaqlardan keçərək bu nöqtəyə gələnlər var.

Milli Məclis sədrinin müavini Bahar Muradova 1 saylı Bakı tikiş fabrikində tikişçi-nəzarətçi, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli Rusiyanın Kalinin vilayəti "Kalininselstroy” tikinti idarəsində fəhlə, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli Lənkəran Çörək Zavodunda fəhlə kimi çalışıblar.

Bununla yanaşı millət vəkilləri Əsabil QasımovAğalar Vəliyev və Azər Badamov da əmək fəaliyyətlərinə fəhlə kimi başlayıblar.

Azər Niftiyev, SOSİUM.az

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031