Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi Mübarizdir: Bu gün doğum günüdür

Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi Mübarizdir: Bu gün doğum günüdür
 Bu gün  Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun doğum günüdür. 
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
 
Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət "İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
 
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
 
Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır. Gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

 O rəşadəti ilə Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzinə çevrildi.
 
Vətən qaladır. Əzəmətli, vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Biri-birinə arxa-dayaq olan bu qayaların  ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləriylə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Səməd Vurğunun "Ölüm var ki, həyat qədər dəyərli" - misrası nə qədər yaşarıdı.
 
Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar.
İşıqlı duyğularla, niyyətlərlə yaşayan böyük əməl sahibləri seçdikləri yolda sona qədər əzmlə, yorulmadan, usanmadan maneələri heçliyə çevirərək irəliləyirlər. O yolun sonunun işıqlı sabahlara qovuşacağına əmin olduqlarından simalarındakı nurlu təbəssüm də, gözlərinin dərinliyindəki məna da "Öncə Vətəndir!" deyir. Qəhrəmanların niyyəti, məqsədi, dönməz iradələri xalqının, millətinin mənafeyinə xidmət edir.
Vətən sevgisinin bənzərsiz tərcümanları olanları ruhumuzla hiss edirik. Müqəddəs zirvəyə ucalanların ürəklərinin dərinliyində Vətən dərdlərinin hüznlü həsrəti olmasaydı, onlar böyük sevgi yolunun yolçularına çevrilə bilərdilərmi?!
 
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.
Heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter, ən başlıcası, xalqın ruhunun can ortağı olan ruhu yetişdirir. Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. 4 yaşındaydı Xocalı faciəsi baş verəndə. Məktəbdə Xocalı faciəsindən inşa yazanda, tədbirlərdə iştirak edəndə, televiziyada erməni vəhşiliklərini əks etdirən süjetlərə baxanda onunla həmyaşıd olan uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə yalnız azərbaycanlı olduğuna görə erməni cəlladlarının işgəncələr verərək öldürdüklərini görəndə, tərtəmiz ürəyinə göstərəcəyi qəhrəmanlığın ilk sətirləri yazılırdı.
 
Mübariz ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyini, Vətənin, torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufanları silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, nəfəsiniz işğalı sona yetirməlidir.
Hərənin öz yolu var deyirdi. "Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...”
Şəhidlik yenilməzlik əlamətidir. Mübariz işğal altında olan Vətən torpaqlarımızın, boynu bükük dağlarımızın, məlul baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkirdi. Dözə bilmirdi bunlara. Sözünün əvvəli də, axırı da Vətən idi.  Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı.
 
...Mübariz baharı çox sevərmiş. Yazda gülə-çiçəyə tamaşa etməkdən doymazmış. İyirmi iki bahar yaşadı. Şəhidlik zirvəsinə qovuşanda da ömrünün bahar çağıydı. İllər ötəcək, Mübariz bu yaşda ömrünün baharında qalacaq...
Onu tanıyanların söhbətinə sakitcə qulaq asmaq olmur. Bu söhbətlər insanın varlığında qeyri-adi hisslər, ürəyində kövrək duyğular oyadır. İyirmi iki yaşlı qəhrəmanın ruhu qarşısında istər-istəməz baş əyirsən.
Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən onlardır. Türk şairi Mithat Cemal Kuntay bunu necə dolğun ifadə edib:
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, uğrunda ölən varsa, Vətəndir!
 
...Yüksəklikdə bir postumuz var.  Bu postda Mübarizin də ayaq izləri qalıb yəqin. Buradakı daşa, torpağa onun da nəfəsi hopub. Bu post Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır. Cəsur əsgərlərimiz qəhrəmanın adını daşıyan bu posta göndərilməyi haqlı olaraq etimad kimi qəbul edir, Mübarizin şərəfli adına layiq olmağa çalışırlar.
 
Cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir.
 


OXŞAR XƏBƏRLƏR

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...