\"Azərbaycan Ermənistana ağır cavab verəcək\" - Aydın Mirzəzadə

\
Xəbər verdiyimiz kimi, Ermənistan təxribat törətməkdə davam edərək, növbəti dəfə Kəlbəcəri atəşə tutub  və bu zaman iki hərbçimiz yaralanıb. 
 
Baş verənlərə münasibət bildirən Milli Məclisin deputatı Aydın Mirzəzadə Sfera.az-a açıqlamasında dedi ki, davam edən bu təxribatların ağır nəticələrini Ermənistan özü sabah dadmalı olacaq:

"Ermənistan hələ də özünün fantastik xülyalarından əl çəkmir. "Böyük Ermənistan”, Azərbaycan torpaqlarının Ermənistana məxsus olması kimi saxta iddialar hələ də erməni cəmiyyətinin əsas hissəsində, ilk növbədə hakim dairələrinin düşüncəsində kök salmaqda davam edir. 44 günlük müharibədə sarsıdıcı zərbələr almalarına baxmayaraq, hələ də Ermənistan beynəlxalq hüquqdan kənar hərəkətlərə üstünlük verir. Ermənilər anlamalıdır ki, bu təxribatlar ilk növbədə onların özlərinə böyük ziyan vurur”. 

A.Mirzəzadə bildirdi ki, İrəvan təxribatları davam etdirsə, Azərbaycan müəyyən səbr dövründən sonra Ermənistana ağır cavab verəcək: 

"Bu təxribatları fonunda heç bir ölkə Ermənistanın hərbi xərcləri və siyasi təxribatlarını ödəmək fikrində olmayacaq. Hesab edirəm ki, Ermənistan ilk növbədə belə təxribat hərəkətlərinin nəyə gətirib çıxaracağının fərqində olmalıdır. Azərbaycan beynəlxalq hüquq və səbr momentlərini maksimum nümayiş etdirməyə çalışır. Amma səbrimiz də uzun müddət davam etməyəcək. Təxribatları dayandırmasalar, ağır nəticə ödəməli olacaqlar. Bu isə Ermənistanın onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracaq”.

Rüfət SULTAN
Sfera.az


OXŞAR XƏBƏRLƏR