Azərbaycan dollardan imtina edəcəkmi?

Azərbaycan dollardan imtina edəcəkmi?

Rusiya MDB ölkələrində dollar və avrodan imtina ilə bağlı müraciət ünvanlayıb. Müraciətin məğzi ondan ibarətdir ki, bu ölkələr öz aralarında ticarəti avro və ya dollarla deyil, Rusiya rublu və ya digər valyuta ilə aparsınlar. Bu təklif reallaşa bilərmi? Azərbaycanın bu təklifi qəbul etmək ehtimalı varmı?

Bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramovun fikirlərini öyrəndik. O hesab edir ki, ümumiyyətlə, MDB-yə üzv olan ölkələrin praktik olaraq heç biri üçün dollar və avrodan imtina edilməsi arzuolunan deyil. Çünki bu gün bütün MDB ölkələrinin xarici valyuta ehtiyatlarına ehtiyacları var.

Bütün ölkələr xarici valyuta ehtiyatlarını artırmağa çalışırlar. Xarici valyuta ehtiyatlarının artırılması milli valyutalara təzyiqin aradan qaldırılmasına və milli valyutaların devalvasiya riskinin minimuma endirilməsinə gətirib çıxarır. O baxımdan, təbii ki, MDB ölkələri üçün xarici valyualar ilə ticarətdən imtina arzuolunan deyil. Azərbaycan üçün də aparılan ticarət zamanı dollar və avrodan imtina edilməsi arzuolunan deyil", - o qeyd edib.

Ekspert MDB ölkələri ilə ticarətin ölkəmiz üçün vacibliyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın qeyri neft ixracında MDB ölkələri əhəmiyyətli yerə malikdir. Buna görə də Azərbaycanın MDB ölkələri ilə ticarət ölkəyə xarici valyutanın daxil olmasına zəmin yaradır.

"Son illər MDB ölkələri ilə aparılan ticarət əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, bu ölkələrlə ticarətdə qeyri-neft sektorunun payı çoxdur. 2014-cü ildə Azərbaycan ilə MDB ölkələri arasında xarici ticarət dövriyyəsi 2 milyard 921 milyon dollardan çox olub. MDB ölkələrində müşahidə edilən iqtisadi çətinlik Azərbaycanın bu ölkələrlə xarici ticarət dövriyyəsinə təsir göstərib. 2013-cü illə müqayisədə 2014-cü ildə azalma var. Azərbaycan üçün dollar və avrodan imtina edilməsi arzuolunan deyil. Çünki bu, ölkəmizə xarici valyutaların daxil edilməsinə birbaşa təsir göstərəcək" - iqtisadçı qeyd edib. (milli.az)

Sfera.az


OXŞAR XƏBƏRLƏR