Azərbaycan Beynəlxalq Bankı yeni strateji inkişaf planının tətbiqinə başlayıb

Azərbaycan Beynəlxalq Bankı yeni strateji inkişaf planının tətbiqinə  başlayıb
 
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovla müsahibə

-Abbas müəllim, Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin 9 ayını hansı
göstəricilərlə başa vurdu?
-2019-cu ilin 9 aylıq nəticələrinə əsasən, Azərbaycan Beynəlxalq Bankının
aktivləri 9,3 milyard manat, cəmi kapitalı 1,5 milyard manat, əməliyyat mənfəəti isə
250 milyon manat ətrafında olub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə, bankda
müştəri hesablarının qalığı 800 milyon manat artaraq, 5,4 milyard manata çatıb. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfelində də 551 milyon manat
artım qeydə alınıb. Bunun 376 milyon manatı iri korporativ müştərilərə, həmçinin
kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərlə bağlı artımdır.
-Azərbaycan Beynəlxalq Bankının yeni strateji inkişaf planı artıq
hazırdırmı? Onun nə vaxtdan reallaşdırılması nəzərdə tutulur?
-Azərbaycan Beynəlxalq Bankının yeni strateji inkişaf planı artıq bankın müvafiq
idarəetmə orqanları tərəfindən təsdiqlənib və bir aya yaxındır ki, onun tətbiqinə
başlanıb. Strategiya bank menecmentinin və nüfuzlu beynəlxalq konsaltinq şirkətinin
iştirakı ilə hazırlanıb, 2022-ci ilə qədər olan müddəti əhatə edir. Yeni strategiyanın
əsas məqsədləri dayanıqlı artım, sağlam maliyyə vəziyyəti, yüksək əməliyyat
səmərəliliyi və ən yaxşı təcrübəyə uyğun korporativ idarəetmə sisteminin
qurulmasıdır.
Buna nail olmaq üçün Azərbaycan Beynəlxalq Bankı korporativ və pərakəndə
seqmentdə əsas məhsullar üzrə ilk iki bankdan biri olmağı, kiçik və orta sahibkarlığın
maliyyələşdirilməsi sahəsində rəqabətədavamlı bazar payına sahib olmağı, sektorda
ən yaxşı rəqəmsal təcrübə ilə ən yüksək müştəri məmnunluğu və NPS (Net Promoter
Score) göstəricisinə malik bank olmağı, ölkəmizdə nağdsız ödənişlərin
genişləndirilməsi və rəqəmsal bankçılığın inkişafına töfhə verməyi, həmçinin maliyyə
sektorunda ən yaxşı işəgötürən kimi tanınmağı əsas strateji hədəfləri kimi təyin edib.
-Beynəlxalq Valyuta Fondu bu ilin sentyabrında açıqladığı hesabatında
bankın güclü biznes modelinin olmadığını göstərib və özəlləşdirilməsinin
sürətləndirilməsini vacib sayıb. Bankın özəlləşdirilməsi məsələsi hazırda nə
yerdədir? Bununla əlaqədar nə işlər görülür?
-Təsdiq edilmiş yeni strateji inkişaf planı çərçivəsində Bankın makroiqtisadi
duruma, ölkənin sosial-iqtisadi inkişafına uyğun əsaslı və dayanıqlı biznes modeli
hazırlanıb. Özəlləşdirmə məsələsinə gəlincə isə bu, səhmdarların qərarlarından asılı
məsələdir. İndiki mərhələdə bank menecmenti olaraq bizim əsas missiyamız yeni
inkişaf strategiyası üzrə qarşımıza qoyulmuş tapşırıqlara uyğun olaraq bankın maliyyə
dayanıqlığının, mənfəətliyinin, institusional inkişafının, rəqabətqabiliyyətli biznes
modelinin təmin olunması üçün tədbirlər həyata keçirmək və bankın bazar dəyərinin
artırılmasına nail olmaqdır.

-Yeri gəlmişkən, son dövrlər Azərbaycan Beynəlxalq Bankı bazara yeni
xidmət və məhsullar təqdim edir, sosial layihələr həyata keçirir. Bunun davamı
olacaqmı?
-Bəli, son aylarda biz VISA beynəlxalq ödəniş sistemi ilə birlikdə Azərbaycanda
ilk dəfə NFC texnologiyası ilə ödənişlərin tətbiqinə başladıq. Yenə də ölkəmizdəki
biznes qurumları arasında ilk dəfə olaraq əmək bazarı üçün informasiya
texnologiyaları sahəsində peşəkar mütəxəssislər hazırlayan IBA Tech
Akademiyasının açılışını etdik. Yüzdən çox tələbə artıq bu Akademiyada ödənişsiz
qaydada proqramçı ixtisasına yiyələnir. Bundan başqa, çoxfunksiyalı – dual kart
məhsulumuz olan Tamkartı bazara təqdim etdik. Bütün bunlar müştərilərimiz və
ümumilikdə cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Bu addımlar Bankın yeni
inkişaf strategiyasında qarşımıza qoyduğumuz hədəflərə yönəlib və təbii ki, davamı
olacaq. Bununla bağlı hələlik onu deyə bilərəm ki, ilin sonunadək ölkəmizdə kiçik və
orta sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində maraqlı bir layihəmizi, eyni
zamanda tərəfdaşımızla birgə hazırladığımız yeni kart məhsulunu ictimaiyyətə təqdim
edəcəyik.
-Azərbaycan Beynəlxalq Bankı investisiya şirkəti yaradır. Bu şirkətin
fəaliyyəti, əsasən, nədən ibarət olacaq?
-Belə bir investisiya şirkətinin yaradılması yeni strategiyamızda nəzərdə tutulub.
Bu, Azərbaycan Beynəlxalq Bankı üçün əlavə dəyər yarada biləcək yeni və innovativ
biznes ideyalarının reallaşdırılması niyyətindən irəli gəlir.
Strategiyaya uyğun olaraq yüksək gəlirli müştərilərə, o cümlədən korporativ
müştərilərə alternativ investisiya məhsullarını təqdim etmək üçün bank tərəfindən
investisiya şirkəti yaradılacaq və platforma qurulacaq. Düşünürük ki, belə bir şirkətin
uğurla fəaliyyət göstərə bilməsi üçün Azərbaycan bazarında çox böyük potensial var.
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının 11 oktyabr 2019-cu il
tarixində keçirilmiş ümumi yığıncağında bu şirkətin yaradılmasına qərar verilib.
Hazırda Bankın İdarə Heyəti tərəfindən şirkətin yaradılması və fəaliyyətə başlaması
üçün müvafiq hüquqi prosedurlar həyata keçirilməkdədir.
-Azərbaycan Beynəlxalq Bankı səhmdarlarına dividendlər ödəyirmi?
-Bank son illərdə aktiv və öhdəliklərinin restrukturizasiyası ilə bağlı çətin bir
mərhələ keçdiyindən və mövcud resurslar maliyyə dayanıqlığının
möhkəmləndirilməsinə yönəldiyindən bu dönəmdə səhmdarlara dividend ödənilməsi
məsələsi gündəmdə deyildi. Amma artıq bankın maliyyə dayanıqlığı təmin olunub.
Son dövrlər ölkənin biznes həyatında baş verən canlanma bankın kapital mövqeyini
daha da gücləndirib. Azərbaycan Beynəlxalq Bankı artıq mənfəətlə çalışır və öz
səhmdarlarına dividend ödəmək imkanındadır. Səhmdarların son iclasında 2018-cı
ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi
məsələsinə də baxıldı və hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin
mənfəətindən 150 milyon manat dividendin ödənilməsinə qərar verildi.

OXŞAR XƏBƏRLƏR