Azərbaycan bazarında saxta qızıl var-ekspert

Azərbaycan bazarında saxta qızıl var-ekspert
"Təklif edirik ki, qızıl satılan yerlərdə onun saxta və ya təmiz olmasının yoxlanılması üçün xüsusi avadanlıqlar quraşdırılsın və bu addım məcburi xarakter daşısın”

Sfera.az-a açıqlamasında bu sözləri saxta qızılın Azərbaycan bazarına ayaq açması və onun qarşısını almaq üçün nələrin edilməsinə ehtiyac olduğu barədə məsələyə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib:  
 
"Təbii ki, Azərbaycan qızıl bazarında da saxta qızıllar var. Mütəmadi olaraq Maliyyə Nazirliyi tərəfindən belə saxta qızılların olmasının aşkarlanması, hətta bir sıra hallarda bununla bağlı cinayət işinin açılması haqqında da faktlar vardır. Nəzarətin güclənməsi, bu istiqamətdə fəaliyyətin genişlənməsinə baxmayaraq, yenə də bəzi işbazlar saxta qızıl satmaqda maraqlıdır. Ona görə də qızıl bazarına saxta qızıl çıxarmaqda davam edirlər. Təklif edirik ki, qızıl satılan yerdə onun saxta və ya təmiz olmasının yoxlanılması üçün xüsusi avadanlıqlar quraşdırılsın və bu addım məcburi xarakter daşısın. Bəzi hallarda vətəndaş qızıl alsa da onun saxta olub-olmadığının yoxlanılması da sual altında qalır. Bəzi hallarda isə vətəndaş ümumiyyətlə aldığı qızılı yoxlatmır, nəticədə aldığı qızıl saxta çıxır, özü uzun müddətdən sonra bunu bilir, bir sıra hallarda isə ümumiyyətlə bilmir. Amma qızıl satılan məkanlarda onun yoxlanılması ilə bağlı avadanlığın olması məcburi olarsa, bu problemi də həll etmək olar”. 
 
Ekspertin sözlərinə görə, belə avadanlıqların quraşdırılması elə də böyük xərc tələb etmir: 
 
"Sadəcə prosesi məcburi hala gətirmək lazımdır. Vətəndaş da aldığı qızılı yoxlamaq hüququna malik olmalıdır. Yəni alıcı da bu kontekstdə qızılı yoxlatmaq imkanı qazanacaq. Bu hal həmin qanunsuz işlə məşğul olanların saxta qızıl satmaqdan ehtiyatlanmalarına gətirib çıxaracaq.  Ona görə də bu istiqamətdə qanunvericilikdə dəyişiklik etməyə ehtiyac var. Nəticə etibarı ilə həmin addımın atılması ilə Azərbaycan qızıl bazarında saxta qızılın çəkisinin kəskin azalmasını müşahidə edəcəyik”.  
 
Qeyd edək ki, bu günlərdə Türkiyədə saxta qızıl satmaqla məşğul olan qrup həbs edilib. Verilən məlumata görə, onlar saxta qızılı Azərbaycana da satıblar. Bu isə bir daha təsdiqləyir ki, Azərbaycan qızıl bazarında da onun saxtasına rast gəlmək olar. 
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR