AXCP sədrinin son mitinqdəki ən fəci səhvi: ona bir deyən yoxdur ki...

AXCP sədrinin son mitinqdəki ən fəci səhvi: ona bir deyən yoxdur ki...
Əli Kərimli Vladimir Putindən niyə qorxmur?
"...Və bu 15 ildə özünü Ali Baş Komandan elan etmiş şəxsin orduya bircə dəfə əmri olub. Aprel döyüşləri zamanı müzəffər ordumuza "dur” əmri verib. Belə bir adamın bizə rəhbərlik etməyə haqqı yoxdur”. AXCP-Milli Şura tandeminin lideri Əli Kərimli 19 yanvar mitinqində belə dedi. Mitinqə qoşulan insanlar da onu bu fikrini gurultulu alqışlarla qarşıladılar...

Əli Kərimli özünü müxalifətin şəriksiz lideri hesab edir; üstəlik, düşünür ki, müxalifətin prezidentliyə ən şanslı namizədidir. Ən azı buna görə onun belə məsuliyyətsiz açıqlamalar verməyə haqqı yoxdur. Məncə, populist çıxışların da müəyyən həddi olmalıdır. Yuxarıda verdiyim sitata, lütfən, bir daha diqqət edin. Əli Kərimli hərbi gücümüzlə bağlı "müzəffər ordu” ifadəsi işlədir. Yəni, bu ordunun döyüş qabiliyyəti yüksəkdir.

Niyə yüksəkdir? Çünki ordu bir vaxtlar olduğu kimi başıpozuq dəstələrdən ibarət deyil. Nizam-intizam, vahid rəhbərlik var. Ordu müasir silahlarla təchiz olunub. Əli Kərimlinin məntiqinə görə, bu müzəffər ordu Ali Baş komandandan xəbərsiz tarixə "aprel döyüşləri” kimi düşmüş hərbi əməliyyatlar keçirib. 5-6 gün sonra İlham Əliyev bu döyüşdən haradansa xəbər tutub və Ali Baş komandan kimi orduya "dur” əmri verib. Yəni, sanki orduya hücum əmrini İlham Əliyev verməyib, Əli Kərimlu özü veribmiş. Müzəffər dediyi ordunu tərifləyir, onun başında duran, həmin ordunu müzəffər səviyyəyə qaldıran, onu ən müasir silahlarla təmin edən Ali baş komandanı isə pisləyir... Mənə görə ən böyük absurd və yanlış budur...

Bəli, "Aprel döyüşləri”nin davam etməsi hər bir soydaşımızın arzusu idi. Gün kimi aydın idi ki, Azərbaycan ordusu qısa zaman ərzində işğal altında olan ərazilərimizi Ermənistan hərbi birləşmələrindən təmizləyəcək. Ancaq bu döyüşün davam etməsi Rusiyanın və Qərbin maraqlarına zidd idi. Heç İran da bu əməliyyatlardan məmnun deyildi. Belə bir şəraitdə Azərbaycan prezidenti ölkəsini bütövlükdə böyük güclərlə qarşı-qarşıya qoymamaq üçün əlbəttə hücumu genişləndirməmək qərarı verə bilərdi...

Qarabağın hərbi yolla alınması variantında real vəziyyət isə o qədər də ürəkaçan deyil. Görünən budur ki, bu variant nə Qərb paytaxtlarının, nə də Kremlin maraqlarına uyğun deyil. Üstəlik, burada Rusiya amilini xüsusi qeyd etmək lazımdır. Hazırda Kremlin dünyanın hər yerində, böyük seçki teatrlarında, bütün münaqişə bölgələrində barmağı var. Kreml ABŞ-da prezident seçkisinə müdaxilə edir və çox ciddi iddialara inansaq, artıq öz adamın dünyanın super dövlətinin başına gətirib. Rusiya və onun 1-ci Pyotrdan da güclü sima olan prezidenti Avropa Birliyini bir-birinə vurur. NATO ölkələrini bir-birinə qarşı qaldırmağa çalışır. Yaxın Şərqdə at oynadır. Ukraynanı bağırda-bağırda işğal edir, Krımı Rusiyaya birləşdirir. Bunu təkcə mən demirəm. Qərbin bir çox siyasi analitikləri az qala xorla bütün bu iddiaları söyləyirlər. Belə bir fonda Əli Kərimlinin sözünün canı odur ki, prezident İlham Əliyev (və dünyanın yarısı) Vladimir Putindən çəkinir, amma o özü qoçaqdır. Heç Rusiya amilini vecinə də almayacaq. Bütün dünya Rusiya amilini nəzər alır, ancaq Rusiya Əli Kərimliyə "vız” gəlir...

Paralellər aparsaq, görərik ki, Azərbaycan öz ərazini itirmiş yeganə keçmiş SSRİ respublikası deyil. Bu məsələ ilə bağlı Almaniya kansleri Angela Merkelin aşağıdakı fikrinə nəzər salaq: "Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”. Dolayısı ilə deyir ki, bütün bu münaqişələri öz siyasi ambisiyalarını həyata keçirmək üçün Rusiya yaradıb. 30 ilə yaxın siyasi meydanda olan bir liderin bu sadə həqiqəti başa düşməsi bu qədərmi çətindir...

Frau Merkelin bu fikrinə də diqqət edək: "Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır". Bu, o deməkdir ki, sən Rusiyaya dirsək göstərib Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın maraqları çərçivəsində həll etmək olduqca çətin işdir. Bir də Rusiyaya hərbi dirsək göstərməyin aqibəti ilə bağlı ortada ibrətamiz bir nümunə var.

Xatırladım, yaddaşınız təzələnsin. Gürcüstan prezidenti Mixail Saakaşvili (2004-2013) Qərbin keçmiş SSRİ məkanında xüsusi rəğbət bəslədiyi siyasi lider idi. O, Gürcüstanda həm də hərbi islahat keçirdi. 2007-ci ildə Gürcüstanın hərbi büdcəsi 1999-cü illə müqayisədə 20 dəfə artırıldı. Qərb ölkələrinin, xüsusən ABŞ-ın ən müasir texnikası Gürcüstan hərbçilərinin sərəncamına verildi. Amerikalı hərbi mütəxəssislər Gürcüstanda məskunlaşdı. Təlim-tədris NATO standartları səviyyəsində idi...

2008-ci il fevralın 22-də Mixael Saakaşvili Vladimir Putinlə Rusiyada görüşdü. Bu, onların son görüşü oldu. O, tarixə "8-8-8” kimi düşmüş 2008-ci ilin 8 avqustunda separatizmə yuvarlanmış Cənubi Osetiyanı ram etmək üçün hərbi əməliyyatlara başladı. Bölgənin paytaxtı Sxinvali qanlı döyüşlərə səhnə oldu. Qeyd edək ki, Cənubi Osetiya 1990-cı ildən özünü müstəqil dövlət elan etmişdi. Gürcüstan ora qoşun yeritdi. Müharibə nəticəsində Cənubi Osetiya de-fakto müstəqil oldu. Ancaq onun müstəqilliyini heç bir ölkə tanımadı. Mixael Saakaşvilinin Rusiyaya dirsək göstərərək başladığı müharibənin nəticəsi nə oldu? Bütün Qərb Gürcüstanı Rusiyanın əlindən almaq üçün hərəkətə keçdi. Fransanın o vaxtkı prezidenti Nikola Sarkozinin vasitəçiliyi ilə Qərb Saakaşvilini Putinin caynağından güclə qopara bildi. Sonra nə oldu? 2008-ci ilin 26 avqustunda Rusiya Cənubi Osetiyanı (və Abxaziyanı) müstəqil dövlət kimi tanıdı. Daha sonra isə Nikaraqua və Venesuela bu addımı atdı.
O vaxt da Rusiyanın baş naziri olan Dimitri Medvedyev Mixael Saakaşvilini Gürcüstan dövlətini dağıtmaqda suçladı.

2008-ci ildə "The New York Times”da Mixael Saakaşvilinin yazısı gedib. O, yazır ki, Vladimir Putin Qərb liderləri ilə görüşü zamanı dəfələrlə deyib ki, mənə Saakaşvilinin başı lazımdır...

Mixael Saakaşvilinin arxasında Qərb dağ kimi dayanmışdı. Saakaşvili Gürcüstanda separatizmə son qoymaq üçün Rusiya amilinə məhəl qoymadı. Nəticədə Cənubi Osetiyanı indi 3 ölkə tanıyır. Azərbaycan rəhbəri aprel döyüşləri zamanı Vladimir Putinin "xahiş”inə "yox” desəydi nə olacaqdı? Mümkün idi ki, Cənubi Osetiya ssenarisi Dağlıq Qarabağda həyata keçəcəkdi. Gedişat elə gətirə vilərdi ki, yekunda Azərbaycan Dağlıq Qarabağı birdəfəlik itirərdi. Bəlkə Əli Kərimli bu variantı hakimiyyətə gəlmək üçün mümkün sayır?

Siyasətdə belə səhvlər etmək olarmı? Özü də bu düşüncədə olan təkcə Əli Kərimli deyil. Xüsusən Qarabağ kökənli bir çox dostumuz təkid edir ki, Azərbaycan Dağlıq Qarabağla bağlı hərbi əməliyyatlara başlasın. Mən də qarabağlıyam. Mənim doğulduğum torpaq da işğal altındadır. Amma iki ayağımı bir başmağa dirəyib müharibənin başlamasını tələb etmirəm. Çünki belə bir addımla Azərbaycan dövləti öz varlığını risk altına qoya bilər. Bizim risk limitimiz çoxdan bitib. Bəli, biz müharibəyə hər an hazır olmalıyıq. Ancaq kimsə unutmasın ki, biz türkük, müsəlmanıq. Qərb Rusiya ilə qarşıdurmada xristian Gürcüstana verdiyi dəstəyin heç beşdə birini bizə verməyəcək...

Ən pisi isə odur ki, Əli Kərimlinin ətrafında olan bir kişi ona demir ki, bəy, sənin bu fikrin yanlışdır. Qarabağ ümummilli məsələdir. Heç olmasa bu məsələdə iqtidarla ortaq mövqedə olmalıyıq. Bu müstəvidə belə ala-çiy ittihamlar səsləndirmək olmaz...
 
Elbəyi Həsənli



OXŞAR XƏBƏRLƏR