Avtomobil bazarı çöküb, sığorta şirkətləri can üstədir

Avtomobil bazarı çöküb, sığorta şirkətləri can üstədir
Böhran və hökumətin bəzi qərarları xaricdən maşın idxalını 4 dəfə azaldıb Ramil Osmanlı: «İki ildir ki, bazarda baş verən hadisələrin nəticəsi olaraq belə bir vəziyyət yaranıb»
Ölkənin avtomobil idxalında kəskin azalma var. Təbii ki, azalmanın əsas səbəbləri artıq iki ilə yaxındır ki, "Avro 4" standartlarının tətbiqi və banklar tərəfindən avtomobil kreditlərinə qoyulan məhdudiyyətlərdir. Baxmayaraq ki, məhdudiyyətlərin üzərindən zaman keçib, amma sözügedən bazar hələ də özünə gələ bilmir. 

Dövlət Gömrük Komitəsinin məlumatından məlum olur ki, 2013-cü ildə 104,3 min ədəd nəqliyyat vasitəsi xaricdən gətirilmişdisə, 2014-cü ildə bu rəqəm 63,3 min ədədə düşüb. Azalma tendensiyasının bu il də davam edəcəyini deyə bilərik. Artıq yanvar-oktyabr ayları üzrə statistik məlumatlar bazarda təklifin azalmaqda davam edəcəyini deməyə əsas verir.   


DGK-nın məlumatına əsasən, başlıca azalma minik və yük avtomobillərində özünü daha çox biruzə verir. Bəs, təklifin azalması fonunda avtomobil bazarında qiymətlərdə dəyişiklik varmı?
Qeyd edək ki, avtomobil bazarında davam edən durğunluq bank və sığorta sektoruna da mənfi təsir göstərib. Yerli istehsalın da çox zəif olması həmin təsirləri kompensasiya etməyə yetmir.
Məlumdur ki, əksər bankların kredit portfelində avtomobil kreditləri üstünlük təşkil edirdi. Lakin indi avtomobil alanların sayı azalıb və bunun üçün kredit götürmək məqsədilə banklara müraciət edənlər də çox deyil. Avtomobil kreditlərinin və satışının kəskin azalması zəncirvari olaraq sığorta şirkətlərinin işinə də mənfi təsir etməyə başlayıb. Çünki sığorta bazarının da əsas hissəsində nəqliyyat vasitələrinin sığortası dururdu. Sığortalanan avtomobillərin təqribən 70-80  faizi kreditlə alınanlar idi. Avtomobil satışının azalmasının belə şirkətlərə daha çox təsir etməsi istisna deyil. 
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanlı "Bizim Yol"a açıqlamasında bildirdi ki, idxalın azalması sonuncu mərhələdir, yəni mövcud səbəblərdən yaranmış nəticədir: "İki ildir ki, bazarda baş verən hadisələrin nəticəsi olaraq belə bir vəziyyət yaranıb. Əlbəttə, səbəblərə Mərkəzi Bankın avtokreditlərə qoyduğu qadağalar, "Avro" stantdarların tətbiqi, istehlak kreditlərinin məhdudlaşdırılması, devalvasiya, hökumətin bazara inzibati müdaxiləsi və sair amillər daxildir. İdxalın azalması isə bazarın göstəricilərini özündə əks etdirir. Alıcıların sayı azalıb, alqı-satqı əməliyyatları kəskin şəkildə aşağı düşüb".

Ekspert dedi ki, avtokreditlərlə bağlı məhdudiyyətlərin müəyyən qədər aradan qalxsa da, bu istiqamətdə ciddi irəliləyiş əldə olunmayıb: "Mərkəzi Bankın yekun qərarı bundan ibarət oldu ki, ilkin avtomobil bazarına verilən kreditlər avtomobilin dəyərinin 50 faizindən çox olmamaq şərti ilə verilə bilər. Bank burada diktə edən tərəf olduğuna görə "olmamaq şərti ilə"ni 40 faizə də sala bilər. Təkrar bazarda isə avtomobilin maksimum 20 faizi dəyərində kredit verilə bilər. Məsələn, 10 min manatlıq avtomobilə maksimum 2 min manat ayrıla bilər ki, bu da kreditin verilməməsi deməkdir. Çünki krediti götürərkən komisyon və sair xərclər var. Bunlar həmin rəqəmin15 faizə qədər düşməsinə rəvac verir. Təbii, alıcıların böyük əksəriyyəti bu şərtlərlə qane olmur. Kommersiya bankları avtokreditlərin verilməsini, demək olar ki, minimuma salıblar".

R.Osmanlı əlavə etdi ki, prosesin təsiri qiymətlərdə də özünü göstərir: "Doğrudur, yeni avtomobillərdə ciddi qiymət artımı və ya azalması müşahidə edilmir. Amma köhnə avtomobillərdə, təkrar bazarda xeyli ucuzlaşma müşahidə edilməkdədir. Ötən ilin əvvəlində 16-17 minə satılan avtomobillər hazırda 10-11 min manata bazarda təklif olunur.

Əslində, idxal azalırsa, deməli bazarda təklif də aşağı düşüb. Təklif azalanda isə qiymətlər bahalaşmalıdır. Amma Azərbaycanda  qiymətlər istər MDB, istərsə də digər ölkələrlə müqayisədə olduqca yüksəkdir. Ona görə də indiki bazar şərtləri çərçivəsində qiymət artımına gediləcəyini düşünmürəm. Təəssüf ki, qiymət azalmasında fiziki şəxslərin iştirakı ilə baş verən ucuzlaşmanı müşahidə edirik. Müəyyən kompaniyalar istisna olmaq şərti ilə, əksər dillerlərdə azalmanı görmürük".

Sığorta üzrə ekspert Ramin Məmmədov isə qeyd etdi ki, vaxtilə  ölkəyə idxal olunan avtomobillərin sayının artması bank və sığorta sektorunda yeni imkanlar yaradırdı: "İdxalın kəskin azalması yarana biləcək bazarın müəyyən qədər qarşısını alıb. Kreditləşmə zamanı banklarla işləyən sığorta təşkilatlarının yığımlarında kəskin azalmalar var. Kreditlə satılmayan avtomobillərin də sayının ötən illərə nisbətən azalması da bazara təsir göstərib. Çünki insanlar, adətən, avtomobili yeni alarkən onu məcburi və ya könüllü şəkildə sığortalamağa daha çox meylli olurlar. İndi həm satışın, həm idxalın azalması nədənindən sığorta bazarına mənfi təsir göstərib".

R.Məmmədov əlavə etdi ki, avtomobil üzrə sığorta haqları ötən ilin on ayı ilə müqayisədə 22 faiz azalıb: "2014-cü ilin yanvar-oktyabr aylarında avtomobil sığortası üzrə 31,6 milyon yığım olub. 2015-ci ilin on ayının rəqəmləri ilə müqayisə 24,7 milyon manat təşkil edib. Göründüyü kimi azalma 22 faiz təşkil edir".

Ekspertə görə, avtomobillərin sığortalanması üzrə itkilər həyat sığortası ilə kompensasiya edilir: "Həyat sığorta növündə canlanma müşahidə edilir. Ötən illə müqayisədə bu ilin on ayında bu sığorta növü üzrə 16 faizlik artım var. Ümumilikdə isə sığorta bazarında 6.5 faiz artım olub. Amma sırf avtomobillərin kasko sığortası ilə məşğul olan şirkətlərin bu yöndə yığımları aşağı düşüb. Bu itkiləri isə icbari sığortalar vasitəsilə kompensasiya etməyə çalışırlar. Habelə, müəyyən qədər əmlak sığortası ilə bağlı bazardakı boşluqdan istifadə edirlər".(bizimyol)

OXŞAR XƏBƏRLƏR