“Avtobus davaları, qəzalar bu üsulla aradan qalxacaq” - EKSPERT
"Təəssüflə qeyd etmək lazımdır ki, bu qədər görülən işlərə baxmayaraq, hələ də bir sıra daşıyıcı şirkətlər öz yarıtmaz fəaliyyətinə davam edir".
Ekspert daşıyıcı şirkətlərin istismar müddətini başa vurmuş avtobuslardan istifadəsinin insanların həyatını təhlükəyə atdığını deyib:
"Belə nəqliyyat vasitələri ekologiyaya böyük zərər vurur. Habelə bu cür avtobuslarda təhlükəsizlik səviyyəsi də olduqca aşağıdır. Nəqliyyat vasitəsi hərəkətdə olan zaman sürücü hər hansı manevr etmək istədikdə qəza törədir və nəticədə sərnişinlər ağır xəsarət alır, hətta ölüm hadisələri baş verir. Daşıyıcı şirkətlərin xəttə buraxdığı avtobuslarda ən çox müşahidə olunan problemlərdən biri də oturacaqların yararsız və natəmiz vəziyyətdə olması ilə bağlıdır. Həmin marşrut sahibləri qanunsuz olaraq avtobusda olan oturacaqları çıxarırlar ki, daha çox sərnişin götürə bilsinlər. Bu da təhlükəsizlik baxımından olduqca mənfi bir haldır. Qış aylarında, yağışlı günlərdə yararsız avtobuslarla sərnişindaşıma olduqca risklidir, hər an qəza baş verə bilər”.
E.Cəfərovun sözlərinə görə, BNA özbaşınalıq olan şirkətlərin marşrut xəttini hərraca çıxarırsa, dövlət qurumu olaraq məsuliyyət daşıyır və nəzarəti gücləndirir:
"Qurum bu vaxta işini məqbul hesab etmədiyi bir neçə marşrut xəttini müsabiqəyə çıxararaq qayda-qanun yarada bilib. Agentlik həqiqətən də ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılmasına xüsusi həssaslıqla yanaşır. Düşünürəm ki, 142 saylı marşrut xəttinin hərraca qoyulması da yalnız vətəndaşların xeyrinə olacaq”.