Cəmİyyət
İqtİsadİyyat

Avro-5 standartına keçirik - Ekspert üstün cəhətləri izah edir

Avro-5 standartına keçirik - Ekspert üstün cəhətləri izah edir
"Yenidənqurma ilə Avro-5 standartına cavab verən yanacaq üçün neftayırma zavodunun istehsal həcmi 1,5 milyon tona qədər artacaq. Nəticə etibarı ilə Avro-5 üçün artıq idxala vəsait xərcləməyəcəyik”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda Avro-5 standartına cavab verən benzinin istehsal ediləcəyi məsələsinə münasibət bildirərkən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib:
 
"Xəzəryanı ölkələr arasında Azərbaycan və İrandan başqa digər 3 ölkədə artıq Avro-5 standartlarına cavab verən yanacaq istehsal edilir. Baxmayaraq ki, Azərbaycanda neft emalı sənayesinin yenidən qurulması ilə bağlı 10 il bundan qabaq Nazirlər Kabinetinin qərarı olub. Həmin qərara görə yeni bir neft emalı zavodu və Qaradağ rayonunda neft emalı kompleksi tikilməli idi. Ancaq bu ideya həyata keçmədi, sadəcə mövcud neft-kimya zavodlarının modernləşdirilməsinə gedildi. Ötən müddət ərzində yeni neft-kimya zavodlarını tikib ərsəyə gətirmək olardı. Necə ki, SOCAR cəmi 4 il ərzində İzmirdə 6,3 milyard dollara Bakıda olandan 2 dəfə böyük zavodu tikib. Gələn həftə bu zavod istismara veriləcək. Bakıdakı neft emalı zavodunun 2021-ci ilin sonlarına doğru modernləşməsi başa çatmalıdır. Bu fonda da Avro-5 standartında məhsul buraxılışı həyata keçəcək. Hələlik isə valyuta sərf etməklə Avro-5 standartında olan məhsulu idxal edirik. Hazırda Azərbayanda təxminən 50-60 min ton Avro-5 standartlı benzin istehlak edilir. Ölkədə ümumi beznin istehlakı isə 1,2 milyon tondur. Dəməli, burada istehlak edilən Avro-5-in payı cəmi 5 faizdir. Halbuki, Azərbaycanda olan avtomobillərin mütləq əksəriyyəti məhz Avro-5 standartlarına cavab verən maşınlardır. İndiki halda isə, bu avtomobil sahibləri onu Avro-2 standartında olan A-92 benzinilə təmin edir. Nəticədə avtomobillərin mühərrik və qurğularına, habelə ekologiyaya ciddi ziyan dəyməkdə davam edir. Hansı ki, həmin standart Avropada 40 il öncə mövcud olub. Yəni Avro-5-ə vaxtında keçmək lazım idi.
 
Hər halda addımın atılmasının xeyri olacaq. Çünki neftayırma zavodunun imkanları genişdir. Yenidənqurma ilə Avro-5 standartına cavab verən yanacaq üçün neftayırma zavodunun istehsal həcmi 1,5 milyon tona qədər artacaq. Nəticə etibarı ilə Avro-5 üçün idxala vəsait xərclənməyəcək. Digər tərəfdən, həmin məhsulun bir hissəsini ixraca yönəltmək mümkün olacaq. Deməli, xarici və daxili bazarda Avro-5 standartına cavab verən benzini satmaqla ölkə gəlir əldə edəcək”.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin ilin 9 ayınının yekunlarına həsr edilən iclasında çıxışı zamanı prezident İlham Əliyev bəyan edib ki, Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi nəticəsində daha keyfiyyətli neft məhsulları istehsal ediləcək. Hətta dövlət başçısı bildirib ki, yenidənqurmadan sonra Azərbaycanda istehsal olunacaq benzin "Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcəkdir.
 
ELÇİN
Sfera.az















Konuşma Sonu







Bir mesaj yaz...


















 
AdRiver

XƏBƏR LENTİ