Cəmİyyət
Maqazİn

ATV-nin aparıcısı Azər Zahidin şantaj olunmasına NAZİRLİKDƏN REAKSİYA + SƏS YAZISI + YENİLƏNİB

ATV-nin aparıcısı Azər Zahidin şantaj olunmasına NAZİRLİKDƏN REAKSİYA + SƏS YAZISI + YENİLƏNİB
 ATV telekanalının aparıcı siması, "Amedia Group”un rəhbəri Azər Zahidin İnstaqram profili türkiyəli vətəndaşlar tərəfindən oğurlanıb.

Bu barədə Teleqraf.com-a Azər özü məlumat verib. O bildirib ki, səhifəsinin geri qaytarılması üçün ondan 1000 türk lirası istəyiblər:

"Profilimin geri qaytarılması üçün məndən pul istəyirlər. Bu pulu mən onlara verə bilərəm. Amma niyə verməliyəm?! Özünə də demişəm, gəlsin Bakıya, görüşək, bəlkə onun üçün burda pul da xərcləyərəm. Amma dediyi kimi, hesabına pul göndərmək fikrim yoxdur”.

Qeyd edək ki, oğurlanan profilin adı tez-tez dəyişdirildiyi üçün Azər Zahid öz adını geri götürə bilib. Hazırda onun oğurlanmış səhifəsinin adı "Bahadır Elmas” olaraq qalır. Lakin Azər həmin profildə olan 76 min izləyicisini itirdiyini bildirib:

"Oğurlanmış profilimin adı Azər Zahid olmadığı üçün mən bu adla yeni hesab aça bildim. Bir nəfər mənə bu işdə köməklik göstərdi. Lakin nəyə görə mən 76 min izləyicimi itirməliyəm? Həmin insan mənim bir çox arxiv şəkillərimi də pozub. Həm mən yenicə çəkilişlərini bitirdiyim "Top ulduzlar” layihəsinin İnstaqram piarını apara bilmədim. Nə canlı yayıma çıxa bildim, nə şəkil paylaşdım. Buna görə çox əsəbiyəm. Artıq bu, ənənəvi hal alıb. Profili oğurlanan ilk və tək adam mən deyiləm ki. Buna görə də düşünürəm, aidiyyəti qurumlar artıq bu məsələni nəzarətə götürməlidirlər. Belə olmaz. Instagram hesabı şəxsi bir şeydir. İkinci bir adamın ona əli çatmamalıdır”.

Azər Zahid onu da qeyd edib ki, artıq özü üçün yeni profil açıb. O, Instagram izləyicilərini yeni "azerzahid” profilini izləməyə, "Bahadır Elmas” profilini isə "unfollow” etməyə dəvət edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən bu məsələyə münasibət bildiriblər. 

Elektron Təhlükəsizlik Mərkəzinin saxta və ya oğurlanmış profillərin bağlanması ilə bağlı Instagrama göndərdiyi sorğular 90 faiz halda müsbət nəticələnir. Saxta profillər bağlanır, ələ keçirilmişlər isə geri qaytarılır. Əgər Azər bəy də bizə müraciət etsə, başqalarının ələ keçirdiyi və idarə etdiyi həmin səhifəsinin geri qaytarılmasına nail ola bilərik. Bu işlərdə təcrübəmiz də var.

Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin aparıcı məsləhətçisi Sevinc Heydərli deyib. O, bu problemlə bağlı təkcə tanınmış insanların yox, adi istifadəçilərin də tez-tez onlara müraciət etdiyini bildirib:

"Belə hallarda biz birbaşa İnstaqram inzibatçıları ilə əlaqə saxlayırıq. Özümüz birbaşa müdaxilə edə bilmərik. Çünki bizim buna səlahiyyətimiz çatmır. Sadəcə olaraq, koordinasiya yolu ilə problemin həlli yönündə müəyyən işlər görürük. Bu qarşı tərəfin sorğumuza cavabından asılı olaraq, dəyişir. Cavab müsbət də ola bilər mənfi də.
Oğurlanıb şantaj olunma hallarında, Azər bəydən istənildiyi kimi pul istənildiyi halda isə artıq işə hüquq və mühafizə orqanlarının qarışması vacibdir. Çünki şantaj cinayətdir. Şantaj olduğu halda ya şikayətçi şəxs özü hüquq-mühafizə orqanlarına şikayət etməlidir, ya da bizə şikayətini bildirməlidir ki, biz işi onlara yönəldək”.

Sevinc Heydərli belə hallardan qorunmaq üçün sosial şəbəkə istifadəçilərinə məsləhət edib:
"Bu cür hallarla rastlaşmamaq üçün sosial şəbəkələrə qoşularkən təhlükəsizlik tədbirlərinə mütləq əməl olunmalıdır. Əvvəla maksimum 8 işarədən ibarət düzgün istifadəçi şifrəsi qoyulmalıdır ki, bu hamı tərəfindən asanlıqla ələ keçirilməsin. Həmçinin həmin profil mütləq elektron ünvanla əlaqələndirilməlidir ki, oğurluq hadisəsi baş verəndə həmin elektron ünvana bildiriş gəlsin. Kod daxil olsun ki, bunun qarşısını almaq mümkün olsun. Bir də çalışdıqca paylaşımların "Public” olmasından yayınmaq lazımdır”.

Xatırladaq ki, ATV telekanalının aparıcı siması, "Amedia Group”un rəhbəri Azər Zahidin 76 min izləyicisi olan İnstaqram profili türkiyəli vətəndaşlar tərəfindən oğurlanıb və əvəzində 1000 türk lirası tələb olunur. Azər Zahid yeni səhifə açaraq, İnstaqram izləyicilərini yeni "azerzahid” profilini izləməyə, "Bahadır Elmas” profilini isə "unfollow” etməyə dəvət edib.

AdRiver

XƏBƏR LENTİ