ATV-də nə baş verir? - Vaqif Aydınoğlu danışdı
Hər gün səhər saat 08:00-da ATV kanalında efirə gedən "ATV Səhər” proqramı bu gün yayımlanmayıb. Verilişin əvəzinə efirə İlqar Mikayıloğlunun aparıcılıq etdiyi "İlqarla bir gün” verilişi gedib.
Sfera.az xəbər verir ki, Azxəbər.com saytı verilişin efirə getməməsinə səbəb kimi "ATV Səhər” proqramının fəaliyyətini yenidən dayandırmasını göstərib. Saytın əldə etdiyi məlumata görə, proqramın birdəfəlik efirdən yığışdırılmasına səbəb aparıcısı Turan İbrahimovun tənqidin sərhədlərini aşması olub.
T.İbrahimovun isə kanaldan uzaqlaşdırıldığı bildirilib.
Sfera.az-ın əməkdaşı məsələ ilə bağlı həm də kanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olanTuran İbrahimovla əlaqə yaratmağa çalışsa da, o, zənglərə cavab verməyib.
Daha sonra ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə əlaqə saxladıq.
V.Aydınoğlu Sfera.az-a açıqlamasında "ATV Səhər” proqramının bu gün yayımlanmaması haqda məlumatlı olduğunu dedi:
"Məlumatım var, ancaq nə baş verdiyini deyə bilmərəm. Həm də ki, mən Xəbərlər Departamentinin rəhbəriyəm, bu haqda açıqlama vermək səlahiyyətim yoxdur. Üzürlü bilin heç bir məlumat verə bilməyəcəyəm”.
Gülnarə Eynullaqızı
Sfera.az