AKTUAL

“Atlas” Araşdırmalar Mərkəzi: "Azərbaycan da S-400 ala bilər”

“Atlas” Araşdırmalar Mərkəzi:

Rusiyanın S-400 raketləri artıq Türkiyədədir. Bu sıradan bir hadisə deyil. "Atlas” Araşdırmalar Mərkəzinin virtualaz.org-a daxil olan şərhində bildirilir ki, birincisi, bu, Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır.

 

Mərkəzin analitikləri xatırladırlar ki, soyuq müharibə illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılması və bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərinin bünövrəsini qoydu: "Son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır”.

 

İkincisi, "Atlas” qeyd edir ki, S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq. Bundan başqa, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq: "Digər tərəfdən, Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırkı Prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində mövcud vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə "Patriot” raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin S-400 məsələsində haqlı olduğunu göstərdi”.

 

Üçüncüsü, Mərkəz hesab edir ki, bununla belə, Türkiyə S-400 raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır. Doğrudur, Tramp Türkiyə ilə münasibətləri daha da gərginləşdirilməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışacaqlar: "Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə baxmayaraq Amerikadan da hərbi texnika almağa çalışacaq, bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək”.

 

 

 

Dördüncüsü, "Atlas” vurğulayır ki, son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir. Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək: "Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan S-400 sistemini almaq istəyir”.

 

Nəhayət, beşinci amil Azərbaycanla bağlıdır. Türkiyənin müdafiə qabiliyyətini artırması, heç şübhəsiz, müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Türkiyə S-400 raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulla Azərbaycanla da bölüşəcək. Bu Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq: "Digər tərəfdən, artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir”.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031