"ASAN"a 12 milyonuncu müraciət


"ASAN Xidmət”də 12 milyonuncu müraciət qeydə alınıb.

"ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, Baham Adaları Birliyinin vətəndaşı və ADA Universitetinin tələbəsi Cordan Haçesonun "ASAN Xidmət” mərkəzinə müraciəti 12 milyonuncu müraciət kimi qeydə alınıb. 

Onun sözlərinə görə, C. Haçeson "ASAN Xidmət”ə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən məhkumluq barədə arayışların verilməsi ilə bağlı müraciət edib: "Sənəd Azərbaycanda təhsil alan Cordan Haçesona üçüncü ölkəyə səfər etməsi ilə bağlı lazım olub”.

Bu gün 5 saylı "ASAN Xidmət” mərkəzində müvafiq arayış C. Haçesona təqdim edilib. O, həmçinin "ASAN xidmət” tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, bir çox dövlətlərin daxili qanunvericiliyinə əsasən, həmin ölkədə yaşamaq icazəsinin alınması, əmək fəaliyyəti ilə məşğul olunması, təhsil alınması kimi hallarda əcnəbi şəxsdən uzun müddət yaşadığı ölkədə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə bağlı arayış tələb olunur.

Xatırladaq ki, hazırda "ASAN xidmət” mərkəzlərində 10 dövlət qurumu, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 250-ə yaxın xidmət göstərilir. Göstərilən xidmətlərdən Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.


OXŞAR XƏBƏRLƏR