AKTUAL

Artur Rasi-Zadə yox, Rasizadə yazılacaq – Novruz Məmmədovdan qərar

Artur Rasi-Zadə yox, Rasizadə yazılacaq – Novruz Məmmədovdan qərar

Baş nazir Novruz Məmmədov "Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib.

Normalar Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla hazırlanıb.  Yeni normalarda bir sıra maraqlı məqamlar öz əksini tapıb. Onların bəzilərini təqdim edirik: 

- Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, professor, solist, velosiped və s.

- Mənbə dildə tərkibində qoşa b, p, n və m samitləri olan aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.

- Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:

ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.;

Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya  və s. sözlər istisnadır.

- Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s.

- Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.

- Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma sözlər bir s ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose.

- Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres.

Qeyd. Press (mətbuat) sözü istisnadır.

- Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s.

Qeyd. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.

- Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən yazılır:

ahəng qanununa tabe olmayan və bir cür yazılan şəkilçilər:

-i şəkilçisi: samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi, həyati, Naxçıvani, şimali, Şirvani, tarixi və s; saitlə bitən sözlərdə isə şəkilçinin əvvəlinə v samiti artırılır: ailəvi, dairəvi, Gəncəvi, kütləvi  və s.;

-vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari, yüngülvari  və s.;

-keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş;

-daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş;

-stan şəkilçisi: samitlə bitən sözlərdə şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan; saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan;

-gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.;

-zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.;

- İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik), saitlə bitən zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: uşaq idi,  uşaq ikən, uşaq imiş, gəlirkən, gəlirmiş, gəlməli idi, gəlməli ikən, gecə idi, gecə ikən, gəlməli imiş,  gəlmiş imiş, gəlmişdi və s.

Qeyd. Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlər ilk saiti buraxılaraq, y bitişdiricisinin əlavəsi ilə bitişik də yazıla bilər: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s.

- Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azər¬baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Qeyd. 1. Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.

2. Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır:  İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır.

3. Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri  tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir)  kiçik hərflə yazılır.

4. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsi və s.

8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.

Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.

- Mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə, sonra gəldikdə isə kiçik hərflə yazılır: Hacı Qara, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Sultan Süleyman, Şah İsmayıl, Şeyx Nəsrullah və s.

 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031