\"Arşın mal alan\"ın Asyasının HƏYAT YOLU
09:15 / 07.03.2018
3141
Bu gün Azərbaycanın xalq artisti Xuraman Hacıyevanın doğum günüdür. O, 7 mart 1945-ci ildə Bakıda doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib.
Şübhəsiz ki, "Arşın mal alan filmi” böyük bir sənət əsəri olduğuna və daha çox yayımlandığına görə, Xuraman xanım bu filmə görə daha çox tanınıb. Öz gözəlliyi və səmimiyyəti ilə bu filmdə ən yaddaqalan obrazı da məhz Xuraman xanım yaradıb. Baxmayaraq ki, aktrisanın yaratdığı Ceyran ("Yolda”), Qızılgül ("Aycan”) Rəna ("Təzə şagird”), Eyzəngül (Şirinbala bal yığır), Gülsüm ("Yadındamı?”, Gülzar ("Tamahkar”), Firəngiz ("Məhəbbət novellası”), Yetər ("Hacı Qəmbər”), Sona xanım ("Qonşu qonşu olsa…”) kimi səhnə obrazları onun yaradıcılıq nailiyyətləri sayılır.
1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Teatrda Xuraman xanımın çox gözəl rolları olub. Təəssüflər olsun ki,onların hamısı lent yazısında qalmayıb.
Xuraman Hacıyeva "Arşın mal alan” filmindən sonra Azərbaycan film kinostudiyasında müxtəlif vaxtlarda lentə alınan bir sıra filmlərdə ("Əlvida”,”Lətifə” və.s.) müxtəlif səpkil rollarla çıxış edib. Bəzi bədi və cizgi filmlərimizin, ("Gilas ağacı”, "Baladadaşın ilk məhəbbəti”,"Sən belə cumbulusan”) "Mozalan” satirik kinojurnalının bir çox buraxılışlarının səslənməsində Xuraman xanımın əvəzsiz xidmətləri vardır Bir çox televiziya tamaşaları ("Gənclik macərası” və s.) Xuraman xanımın ifası ilə tamaşaçı rəğbəti qazanmışdır.
Teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq artisti (28 oktyabr 2000) fəxri adlarına layiq görülüb.
15 fevral 2005-ci ildə qəflətən vəfat edib. Ucar rayonunun Müsüslü kənd qəbristanlığında dəfn olunub.
Nigar Məhərrəm
Sfera.az