Arif Alışanovu əvəz edən gənc kimdir? - Dosye
19:00 / 15.01.2019
3863
Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Arif Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Tanınmış jurnalist Rövşən Məmmədov AzTV sədrinin müavini vəzifəsinə təyin olunub və sədrin səlahiyyətlərini hazırda o icra edir.
R.Məmmədov (Raqifoğlu) Azərbaycanda diaspor mətbuatının tədqiqatçılarındandır.
Bundan əvvəl Lider TV "İdman və vətənpərvərlik redaksiyası"nın rəhbəri, "Carçı” informasiya proqramı redaksiyasında redaktor vəzifələrində çalışıb.
Azərbaycan və Bakı Slavyan Universitetində "Radio və televiziya jurnalistkasının əsasları”, "KİV-də marketinq və reklam”, "Multimedia jurnalistikası” fənlərini tədris edib.
BDU Jurnalistika fakültəsinin məzunu, 2000-ci ildən Lider TV-nin əməkdaşı olub.
"Müstəqillik illərində Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri” adlı elmi işi ilə PhD dərəcəsi alıb. 10-dan çox elmi məqalənin, 3 kitabın (Azərbaycan diasporu və milli mətbuat, Avropada Azərbaycan diaspor mətbuatı, Lider jurnalist) müəllifidir.
Hazırda AzTV-nin efirində gedən "Günün nəbzi" və "Həftə" analitik proqramı Rövşən Məmmədovun təqdimatında yayımlanır.
O, 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı” ilə təltif olunub.