ARDNF qızıla maraq göstərir - səbəb nədir?

ARDNF qızıla maraq göstərir - səbəb nədir?
"ARDNF-nin qızıla daha çox vəsait yönəltməsi siyasəti məhz aktivlərin diversifikasiya edilməsilə bağlıdır. Bu birmənalı olaraq belədir”

Sfera.az-a açıqlamasında bu sözləri ARDNF-nin cari il üçün öz portfelində qızılın payını iki dəfəyə qədər artırmaq siyasətinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.
Həmsöhbətimizin fikrincə, belə bir qərarın verilməsində son zamanlar dünyada qızıla olan tələbatın artması da şübhəsiz ki, rol oynayıb: 
 
"Dövlət Neft Fondunun diversifikasiyası çox vacibdir. ARDNF-nin qızıla daha çox vəsait yönəltməsi də birmənalı şəkildə aktivlərin diversifikasiya edilməsilə əlaqədardır. Bu mənada da təbii ki, ARDNF aktivlərin diversifikasiya edilməsi və fərqli istiqamətlərə yönəldilən risqlərin minimumlaşdırılmasına fikir verir. Güman edirəm ki, qurumun aktivlərində qızılın payının artırılması həm də dünyada gedən tendensiyanın tərkib hissəsidir. Belə ki, son dövrlər dünya  miqyasında qızıla olan tələbin artması müşahidə edilir. Hazırda cərəyan edən ticarət müharibələri fonunda qızıla olan tələb yalnız sırf Azərbaycan və qonşu ölkələrdə deyil, eyni zamanda, bütövlükdə dünya miqyasında müşahidə olunmaqdadır. Belə ki, 2016-ci ildə qızıla olan tələb 2 faiz artmışdısa, bu rəqəm 2017-ci ildə 6, 2018-ci ildə isə 13 faiz olub. Belədə qızıla olan tələb 2018-ci ildə 4345 tonadək yüksəlib. Nəticədə qızıla olan tələbin artımı özünü qızılın qiymətində də göstərib, qiymət də artıb. Keçən ilin son altı ayında dünya bazarında qızılın qiyməti 8,5 faiz artıb. Cari ilin bir ayının yekunlarına görə isə onun qiyməti 2,7 faizə qədər artıb. Artıq dünya bazarlarında bir unsiya qızıl 1314 dollara, yaxud bir qramı 42,24 dollara təklif olunur. Bu da ondan xəbər verir ki, qızıla olan tələbin artması özünü onun qiymətində də göstərir. Qiymətdə də bahalaşma var. 
O baxımdan Dövlət Neft Fondunun  aktivlərini diversifikasiya etməsi, vəsaitləri fərqli istiqamətlərə yönəltməsi vacibdir. Nəticə etibarı ilə bu addım xüsusən də valyuta bazarında baş verən dəyişikliklərin özü ilə gətirdiyi təsirləri minimumlaşdırmaq baxımından vacibdir. Ona görə də yalnız qızıla deyil, həm də daşınmaz əmlaka vəsaitin yönəldilməsinin davam etdirilməsi məqbul hesab olunur. Fəaliyyətin məhz bu istiqamətdə davam etdirilməsinə ehtiyac vardır. 
Bütövlükdə DNF tərəfindən aktivlərin yerləşdirilməsi zamanı diversifikasiya siyasətinə əməl edilməsi gələcəkdə aktivlərimizin əsasən də qlobal şoklar nəticəsində  yarana biləcək təsirləri minimumlaşdırmağa xidmət edə bilər. Nəticə etibarı ilə də bu fondun gəlirlərinin artımına müsbət təsir göstərəcək”. 
 
Qeyd edək ki, Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) 2019-cu ildə öz portfelində qızılın payını ikiqat artırmaq niyyətindədir. Bunu "Bloomberg" agentliyinə müsahibəsində Fondun icraçı direktoru Şahmar Mövsümov deyib.
O bildirib ki, bununla ARDNF qızıl ehtiyatlarını 100 tonadək çatdırmağı planlaşdırır.
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR