Araq və siqaret kəskin bahalaşacaq – Ekspert səbəbləri açıqlayır
"Hansısa məhsula qoyulan rüsum və aksiz dərəcəsinin artırılması bazarda həmin məhsulun bahalaşmasına gətirib çıxarır. Bu mənada daxildə istehsal edilən spirtli içkilər və tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsinin artımı bu məhsullar üzrə qiymətlərə dərhal bahalaşma formasında təsir edəcək”
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda istehsal edilən spirtli, energetik içkilər və tütün məmulatlarına tətbiq edilən aksiz dərəcəsinin artırılmasının bahalaşmaya gətirib-gətirməyəcəyinə münasibət bildirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:
"İstehsal və idxalda monopoliya olduğundan şirkətlər spirtli içki və tütün məmulatlarının qiymətini bahalaşdırmaq üçün bir bəhanə axtarır. Bu mənada sözügedən məhsullara qoyulan aksiz vergisinin artırılması informasiyasının yayılması belə şirkətlərə qiymətləri bahalaşdırmağa əsas yaradır. Bu da ondan irəli gəlir ki, sözügedən sahədə azad rəqabət mühiti yoxdur. Belədə aksiz vergisinin təsiri həmin məhsulların qiymətinə bir faiz təsir edəcəksə, şirkətlər qiyməti 10 faizə qədər bahalaşdıracaqlar”.
Aksiz dərəcəsinin artırılmasının spirtli içkilər arasında konyaka aid edilməməsinə gəldikdə, ekspert bunun səbəbini ölkə daxilində həmin məhsul istehsalının geniş inkişaf etməməsilə əlaqələndirdi: "Əslində aksiz vergisi o məhsullara qoyulur ki, ölkə daxilində geniş şəkildə istehsal edilir. Yəni, bu addım konkret daxili bazarın qorunması üçündür. Bu mənada ola bilsin, ölkədə konyak istehsalı aşağı səviyyədədir. Həmin səbəbdən də bu seqment üzrə daxili bazarın qorunmasına ehtiyac olmadığı qənaətindədirlər”.
Elçin