ANS-in ulduzu Aytəkin Alxaslı: \"Digər telekanallarda işləyən həmkarlarım inciməsin...\" - FOTO

ANS-in ulduzu Aytəkin Alxaslı: \

 

 

ANS TV-nin şimal bürosunun rəhbəri, tanınmış telejurnalist Aytəkin Alxaslını tamaşaçılar regiondan ən operativ xəbər carçısı kimi tanıyırlar. Baş verənlərdən ilk xəbər tutan, günün saatından, səhhətindən asılı olmayaraq hadisə yerindən ilk məlumatları tamaşaçılara çatdıran jurnalist artıq 10 gündür vərdiş etdiyi həyat tərzindən əl çəkməli olub.



Aytəkin Alxaslının fikirlərini təqdim edirik:

"ANS-siz çox çətindi mənə, çox çətin. Bu xəbər məni çox sarsıdıb, mütəəssir edib. Zarafat deyil, 18 ildir işlədiyim telekanalın bağlanması əlimi işdən soyudub, fikirlərimi iflic edib. İndi açıqca hiss edirəm ki , mən təkcə müvəqqəti də olsa, iş yerimdən, maaş aldığım yerdən ayrılmamışam, həm də həyat tərzimdən ayrılmışam. ANS-siz həm də tamaşaçı kimi kənarda qalmışam. Ölkədə və dünyada baş verən bütün hadisə və yenilikləri ANS-dən izləyirdim, amma indi elə bil informasiyasızlıq və xəbərsizlik burulğanına düşmüşəm, axtardığımı tapa bilmirəm.

Qoy, o biri telekanallarda işləyən həmkarlarım inciməsin, xəbəri, hadisəni isti-isti, canlı, operativ çatdırmaqda ANS-in tayı-bərabəri yoxdur. Bunu mənə sadə tamaşaçılar çox deyir indi. Xaçmazın Uzunoba kəndində gəlinlə qayınata arasında insidenti eşitdim, amma təəssüf ki, xəbəri tamaşaçıya çatdıra bilmədim. Mənə zəng edən tamaşaçı da bu hadisənin yalnız ANS tərəfindən olduğu kimi verilə biləcəyini dedi. Belə nümunələri çox deyə bilərəm.

Baş verənlərlə bağlı mən və ANS-də işləyən digər əməkdaşlar da məyusuq, amma qətiyyən ruhdan düşməmişik. Həqiqətin bərqərar olacağına inanırıq. İnanırıq ki, ANS-in heç də deyilənlər kimi deyil, yalnız həqiqəti, dövlətçiliyi, vətənpərvərliyi, strateji əməkdaşımız olan dövlətlərlə dostluğu, multikulturalizm dəyərlərini, milli-mənəvi dəyərləri qiymətləndirən və təbliğ edən kanal olduğu üzə çıxacaq".

Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) "ANS Müstəqil Yayım və Media" Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxılacaq.



OXŞAR XƏBƏRLƏR