Andropovun izinə düşüb sonunda güllələtdirdiyi erməni işbaz - Ambartsumyanın film kimi cinayət işi
14:43 / 24.09.2021
5014
Sfera.az SSRİ rəhbərliyini rüşvət və bahalı hədiyyələrlə ələ alaraq, milyonçuya çevrilmiş erməni əsilli işbaz Mxitar Ambartsumyanın detektiv filmlərini xatırladan cinayət işinin təfərrüatlarını təqdim edir.
SSRİ-də
1980-ci illərin əvvəllərindən yaranan ərzaq qıtlığı ölkədə kifayət qədər ciddi
problemlərə səbəb olub. O, dövrdə yaşayanlar yaxşı xatırlayırlar ki, ən adi ərzaq
məhsullarını əldə etmək üçün iki variant olub. Ya uzun-uzadı növbələrədə
saatlarla gözləmək, ya da ərzaq mağazalarında, anbarlarda tanış tapmaq.
Yaranmış
vəziyyət mövcud dövrdə işbazlara böyük məbləğlərdə pul qazanmaq üçün geniş
imkanlar açıb. SSRİ-nin iri şəhərlərində olduğu kimi paytaxt Moskvada da digər ərzaq məhsulları kimi, meyvə-tərəvəz qıtlığı da yaranıb. Bu sahədə
isə "təşəbbüskarlığı” milliyyətcə erməni olan Mxitar Ambartsumyan ələ alıb.
1921-ci
ildə Ermənistanda anadan olmuş Mxitar Ambartsumyan sovet-alman müharibəsində
iştirak edib, bir neçə dəfə yaralanıb, müharibə zamanı orden və medallarla təltif
olunub. Bunların nə dərəcədə həqiqət olduğunu demək çətindir. Amma hər halda,
Ambartsumyanın müharibədə dəfələrlə yaralanmağı və təltifləri haqqında tez-tez
nümayiş etdirdiyi sənədlər olub. Moskvaya köçən erməni işbaz elə bu sənədlərdən
istifadə edərək 1970-ci ildə paytaxtın ən böyük meyvə-tərəvəz anbarlarından
biri sayılan Dzerjinski bazasına direktor vəzifəsinə təyinat alıb.
Sovet
dövründə ticarət strukturları dövlətin tabeliyində olduğundan xaricidən gətirilən
və ölkədə yetişdirilən meyvə və tərəvəz məhsulları mərkəzdən anbar və bazalara
bölüşdürülüb. Bazalardan isə ərazi üzrə satış məntəqlərinə paylanılıb. Sözsüz
ki, xislətində hiyləgərlik olan Mxitar Ambartsumyan bölgü prosesində yuxarılara
yol taparaq direktor olduğu bazanın təminatını digər bazalardan daha zəngin
edib. Erməni işbaz işini o dərəcədə "yüksək” səviyyədə qurub ki, paytaxtın meyvə-tərəvəz
mağazalarını özündən asılı vəziyyətə salıb.
Ümumi
bölgünün əsas hissəsini öz bazasına yönəldən Mxitar Ambartsumyan Moskvadakı digər
bazaların işini iflic vəziyyətə salıb. Digər bazalarda anbarlar boş qaldığı
halda, Ambartsumyan öz bazasında yeni anbarların tikilməsinə nail olub. Təbii
ki, bütün bunlar Ambartsumyanın yuxarılara göstərdiyi "səxavəti” hesabına baş
tutub.
Ambartsumyanın
ən böyük maliyyə maxinasiyalarından biri saxta sənədlər hazırlaması olub. O, sənəd
üzərində bazadakı əla növ məhsulları satış məntəqlərinə üçüncü növ adı ilə
verib. Satış məntəqələrində isə həmin məhsullar əla növ qiymətinə satılıb.
Arada qalan pul fərqi isə Ambartsumyanın şəxsi büdcəsinə gedib.
Erməni
işbazın əsas gəlir mənbələrindən biri də tam qeyri-qanuni olaraq kolxoz və
sovxozlardan aldığı məhsullar olub. Xüsusilə, kənd təsərrüfatının inkişaf
etdiyi və ermənilərin daha çox məskunlaşdığı Krasnodar və Stavropolda
Ambartsumyan cinayət şəbəkəsi yaradıb. Bu məkanlarda olan kolxoz və
sovxozlardan Ambartsumyanın direktoru olduğu bazaya məhsul axını başlayıb, məhsulların
daşınması zamanı isə saxta sənədlər bütün maneələri aradan qaldırıb. Digər bir
tərəfdən, heç kim erməni işbaza mane olmaq istəməyib. Çünki səlahiyyətlilərə
vaxtlı-vaxtında pul paketləri və bahalı hədiyyələr çatdırılıb.
Mxitar
Ambartsumyan Moskvada bir neçə mətbəəni də öz cinayət şəbəkəsinə qoşub. Bu mətbəələrdə
onun üçün saxta qaimələr, göndərişlər və digər lazım olan sənədlər çap olunub.
Müvafiq
qurumların bazadakı yoxlamaları, təftişləri Ambartsumyanı qəti narahat etməyib.
Hətta bəzən o, bu yoxlamalar zamanı özü bazada görünməyib. Rüşvət bütün məsələləri
həll edib.
"Müharibə
iştirakçısı” statusu altında özünü vətənpərvər, təmiz kommunist kimi təqdim edən
Mxitar Ambartsumyan zaman-zaman Moskvanın ən varlı adamlarından birinə
çevrilib, ticarətçilər arasında "milyonçu Mxitar” adı ilə məşhurlaşıb.
Sovet
rejiminin asıb-kəsdiyi bir vaxtda 180 rubl maaş alan Ambartsumyanın dövrün ən dəbdə
olan "Qaz-24” avtomobilinə, bir neçə mənzilə, zəngin həyat tərzinə sahib olması
və buna görə ona heç kim tərəfindən "gözün üstə qaşın var” deyilməməsi
çoxlarını təəccübləndirib. Sonradan məlum olub ki, erməni işbazın arxasında
yüksək ranqlı vəzifəlilər də dayanıb. Belə ki, Ambartsumyan Leonid İliç
Brejnevin kürəkəni Yuri Çurbanova da yol tapıb. Ambartsumyan müntəzəm olaraq
baş katibin kürəkənini sıravi vətəndaşlar üçün əlçatmaz olan ərzaq məhsulları
ilə təmin edib.
DTK əməkdaşları
meyvə-tərəvəz satışı ilə məşğul olan bütün şəbəkələrə gizli şəkildə öz qaimələrini
buraxıblar. Cəmisi bir həftə keçdikdən sonra bu sahədə fəaliyyət göstərən
obyektlərdə qəfil yoxlamalar başlayıb. O cümlədən Ambarsumyanın direktor olduğu
bazaya da DTK əməkdaşları təşrif buyurublar. İlk növbədə istifadə olunan qaimələr
tələb olunub və ekspertiziyaya göndərilib. Əslində əsl qaimələr DTK-nın
buraxdığı qaimələr olmalı idi. Amma Ambartsumyanın bazasından və onun mal
buraxdığı meyvə-tərəvəz mağazalarından götürülən qaimələr tam fərqli,
Ambarsumyanın erməni tanışının gizli mətbəədə çap etdiyi qaimələr olub. Beləliklə
fırıldaqçı Ambartsumyan ələ keçib və həbs olunub.
Özünə
arxayın olan Ambartsumyan həbsxanada
olarkən bütün əlaqələrini işə salıb. İstintaq zamanı Ambartsumyan işi
aparan müstəntiqlərlə dil tapmağı bacarıb. Müstəntiqlər Moskva ətrafındakı bağ
evlərinin birində Ambarsumyanın adamlarından külli miqdarda pul alıblar. Amma istintaqın
gedişində qəfil "yumşalma”nın hiss olunması Andropovun diqqətindən yayınmayıb.
Andropov dərhal istintaq qrupunun dəyişdirilməsini göstəriş verib. Və əlavə
olaraq Ambartsumyanla görüşlərə qadağa qoyub. Beləliklə, Ambartsumyanın öz
adamları və müstəntiqlərlə danışıq dövriyyəsi tam qapanıb. Yeni istintaq qrupu
qısa bir müddətdə işi yekunlaşdıraraq məhkəməyə göndərib.
Ambartsumyan
məhkəmə prosesində bazada işlədiyi illər ərzində kimlərə rüşvət verdiyini, həmçinin
müstəntiqlərə verdiyi pulları bütün təfərrüatları ilə açıqlayıb. Erməni dəllal
elə düşünüb ki, satqınlıq etməklə cəzasını yüngüllədirə biləcək. Amma bu hiylə
onu xilas edə bilməyib. Məhkəmənin hökmü ilə Mxitar Ambartsumyan ən ağır cəzaya,
güllələnməyə məhkub edilib.
Sfera.az