“Ana dilimiz təhlükədədir” - Ekspert

“Ana dilimiz təhlükədədir” - Ekspert
"Ana dilimiz təhsil dili olaraq sıradan çıxa və məişət dili səviyyəsinə enə bilər”-ekspert rəyi
 
"Ölkəmizdə fəaliyyət göstərən belə məktəblər Azərbaycanın dövlət büdcəsi hesabına maliyyələşməməlidir”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda orta məktəblərin rus dilli bölmələrinə getdikcə daha çox uşağın cəlb edilməsinə münasibət bildirərkən təhsil eksperti Məlahət Mürşüdlü deyib.
 
Onun fikrincə, rus dilli məktəblər ödənişli olmalıdır:
 
"Azərbaycan dövlətinin maliyyəsi hesabına maliyyələşən məktəblərdə əcnəbi dil bölmələrinə geniş önəm verilməsi, burada rus bölməsi üzrə şagird kontingentinin artımı yolverilməzdir. Rusiya bizə dost ölkədir. Rus dili və xalqının əleyhinə deyilik. Amma bu dil də ingilis, fransız, alman, ərəb və s. dillər kimi bizə yabançı dildir. Tədris proqramlarında da rus dili yabançı dil kimi keçirilir. Ölkəmizdə fəaliyyət göstərən digər xarici dil məktəbləri həmin dövlətlərin maliyyəsi hesabına maliyyələşdiyi halda, nədən rus dilli orta məktəblər Azərbaycan dövlətinin büdcəsi hesabına maliyyələşməli və belə məktəblərin infrastrukturunun genişlənməsi üçün hər cür şərait yaradılmalıdır? Rusiya dövləti rus dili üzrə burada məktəblərin açılmasını istəyirsə, zəhmət çəksin özü onu maliyyələşdirsin. Övladlarını rus dilli orta məktəblərə qoyanlar düşünürəm ki, yanlış yoldadırlar. Rus dilinin öyrənilməsi üçün kurslar var, övladları həmin kurslara göndərmək olar. Fikrimcə, bu neqativ tendensiyanın qarşısını almaq üçün yeganə bir yol var, həmin siniflər ödənişli olmalıdır. Kim istəsə, pullu məktəblərə övladını qoya bilər. Təhsil Nazirliyi, Nazirlər Kabineti bu tendensiyanın qarşısını almaq üçün müəyyən addımlar atmalıdır. Əks halda, sovet dönəmində mövcud olan vəziyyətin təkrarı ilə üzləşəcəyik. Həmin illərdə Bakının mərkəzi rayonunda 32 orta məktəbdən 12-si rus dilli, 17-si rus dili avanqard olmaqla beynəlmiləl məktəb idi. Cəmi 3 ana dilli məktəb vardı. Nəticədə ana dili unudulmaqda idi, müəlimlərimiz işsiz qalmışdı. İndiki neqativ situasiyanın genişlənməsi fonunda məhz sovet dövründə mövcud olan həmin dönəmlərə qayıdacağıq. Azərbaycanda yabançı dildə məktəb açan ölkələr bunun qayğısını da özləri çəkməli, maliyyələşdirməli, təminatını da özləri verməlidirlər”.
 
Ekspertin qənaətincə, ölkəmizdə işə qəbul prosesində rus dili də daxil xarici dillərdə mükəmməl danışmağa daha çox önəm verildiyindən valideynlər də övladlarını məhz rus məktəblərinə qoymağa üstünlük verir:
 
"Valideynlər bildirir ki, uşaqları böyüyəndə iş dalınca əsasən Rusiyaya gedəcəklər, ona görə də bu dilin öyrənilməsini vacib sayırlar. Digər tərəfdən, ölkəmizdə əksər işlərə qəbul zamanı ingilis və rus dilini bilmək kimi şərtlər qoyulur. Bunun özü də valideynləri rus dilli məktəblərə meyl etməyə sövq edir. Yəni işə qəbulda ölkəmizdə qoyulan tələbatdan irəli gələrək valideynlər də bu prosesin aktiv iştirakçılarına çevriliblər. Elə ailələr də var ki, evdə belə rus dilində danışırlar. Nəticədə onların uşaqları məktəbə qəbul olunanda ana dilini demək olar ki, mənimsəyə bilmir”.
 
M. Mürşüdlü düşünür ki, belə vəziyyətin daha da artması ana dilimizin təhsil dili olaraq sıradan çıxması ilə sonuclana bilər:
 
"Getdikcə daha çox uşağın orta məktəbin rus dilli bölmələrində təhsil alması ana dilimizin təhsil, təlim dili dili olaraq tədricən sıradan çıxmasına gətirib çıxara bilər. Belə davam edərsə, ana dilimiz yaxın gələcəkdə adi məişət dili səviyyəsinə qədər enəcək. Sovet dönəmində bu prosesi yaşadıq. Keçən əsrin 90-cı illərin əvvəllərinə qədər bu prosesin şahidi olduq. Hazırda elə vəziyyət yaranıb ki, hətta rus dilli müəllimlər üzrə çatışmamazlıq hiss olunur. Ona görə də bir çoxları Rusiyadan müəllimlərin dəvət edilməsi kimi təklifləri gündəmə gətirirlər. Hazırda hökumətdə elə qurumlar var ki, orada çalışan məmurlar öz aralarında rus dilində danışır. Bütün bunlar yolverilməzdir”.
 
Qeyd edək ki, bu günlərdə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Ümumi təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Gövhər Baxşəliyeva orta məktəblərin rus bölməsinə daxil olan uşaqların sayının artmasından narahat olduğunu bəyan edib: "İlbəil orta məktəbin rus bölməsinə daxil olan uşaqların sayı artır. Bu şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik". Deputat bildirib ki, söhbət burada rus dilinə qarşı çıxamqdan getmir: "Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Bu baxımdan son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini ana dilində alsınlar".
 
ELÇİN
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Daha bir ölkədə güclü zəlzələ oldu

Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Zə...

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.   “Real Madrid”in &ld...

Qüds toz dumanına büründü - FOTO

Qüdsdə və ətraf ərazilərdə qum fırtınası meydana gəlib.   Sfera.az xəbər verir ki, qum fırtınası sosial həyata mənfi təsir edib.   Hə...

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...