“Qeyri-qanuni dövriyyənin müəyyən qədər qarşısını ala bilərlər. Amma...”- ekspertdən Vergilər Nazirliyinə məsləhət

“Qeyri-qanuni dövriyyənin müəyyən qədər qarşısını ala bilərlər. Amma...”- ekspertdən Vergilər Nazirliyinə məsləhət
"Bu istiqamətdə hansısa formada dövriyyədə vergidən yayınma halları müşahidə olunursa, deməli əslində nəzarəti həyata keçirən qurumlar öz fəaliyyətlərini tam şəkildə icra edə bilmir”
 
Sfera.az-a açıqlamasında bu sözləri vergilər nazirinin müavini Sahib Ələkbərovun aksiz mallarla bağlı vergidən yayınma hallarının kütləvi hal almasına dair söylədiyi fikirlərə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.
 
Ekspertin fikrincə, əslində bu sahə dövriyyəyə ən asan nəzarəti həyata keçirmək imkanlarına malik olan bir sahədir:
 
"Aksiz vergi dərəcəsi verginin o növündəndir ki, burada birbaşa olaraq onun vizual görüntüsünü təmin etmək olur. Yəni burada faktiki məhsulların üzərində birbaşa olaraq aksiz markaları yapıdırılmalıdır. Bu istiqamətdə hansısa formada dövriyyədə vergidən yayınma halları müşahidə olunursa, deməli əslində nəzarəti həyata keçirən qurumlar müəyyən qədər öz fəaliyyətlərini tam şəkildə icra edə bilmirlər. Çünki aksiz mallarla bağlı məsələ bu istiqamətdə dövriyyəyə ən asan nəzarətin təmin edilməsi imkanlarının mövcud olduğu sahələrdən biridir. Bu mənada düşünmürəm ki, bu sahədə daha çox vergidən yayınma halları vardır. Çünki istənilən halda məhsulun üzərinə aksiz markası yapışdırıldıqda, hətta məhsulun sadəcə əvəzinin deyil, onun şirkətinin dövriyyəsinin hesablanması belə aydiyyatı qurumlar üçün müəyəyn imkanlar formalaşdırır. Bu da öz növbəsində dövriyyənin daha asanlıqla müəyənləşdirilməsinə və bu dövriyyə üzərində də digər vergi mexanizmlərinin tətbiqinə şərait yaradır.  Amma istənilən halda təbii ki, bütün sahələrdə olduğu kimi, burada da sui-istifadə hallarına cəhdlər olacaq”. 
R. Həsənovun qənaətincə, müvafiq qurumlar öz fəaliyyətlərini təkmilləşdirməklə sözügedən problemin aradan qaldırılmasına nail ola bilərlər:
"Düşünürəm ki, Vergilər Nazirliyi isə bu istiqamətdə öz xidmətlərini təkmilləşdirməklə müəyyən qədər həmin sahədə olan belə neqativ halların da qarşısını ala bilər. Digər məsələ isə odur ki, bir sıra hallarda adı çəkilən məhsul və xidmətlərin təklif olunduğu bazarlarda alternativlərin olduğunu da müşahidə edirik. Alternativlər isə adətən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsul və mallardır ki, onların da qeyri-qanuni yollarla satışı təşkil olunur. Bu fonda da aydiyyatı qurumlar, o cümlədən Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi həmin istiqamətdə nəzarəti sərtləşdirməklə qeyri-qanuni dövriyyənin müəyyən qədər qarşısını ala bilərlər”.
 
Qeyd edək ki, bu günlərdə vergilər nazirinin müavini Sahib Ələkbərov açıqlama verərək bildirib ki, ötən il aksiz mallarla bağlı vergidən yayınma halları kütləvi xarakter alıb.   
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR